Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək bu il Azərbaycan və Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngin olduğunu bildirib. Nazir söyləyib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
Adil Kərimli qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata keçirilir. Onun sözlərinə görə, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması Türk dünyası tərəfindən bu şəhərə olan böyük ehtiramın ifadəsidir: “Şuşa azərbaycanlılar üçün olduğu kimi, Türk dünyası üçün də böyük əhəmiyyət daşıyır”.
TÜRKSOY-un Baş katibi Sultan Raev vurğulayıb ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir: Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq.
Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib. O, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.
Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə bütün iştirakçıları təbrik edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömür-alıyev bildirib ki, son illər həyata keçirilən müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmlədib və regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Şuşanın Azərbaycanın tacı olduğunu söyləyən Xalq artisti Polad Bülbüloğlu qala-şəhəri həm də Azərbaycanın nəğmə deyən ürəyi adlandırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, bu gün çox şadıq ki, azad olunmuş Şuşada qardaş türk xalqlarının nümayəndələri iştirak edirlər. Türk xalqlarının yaxınlaşmasında, mədəni birliyində ən böyük rol oynayan təşkilatlardan biri – TÜRKSOY-dur. Azərbaycan Yazıçılar Birliyi görkəmli şairimiz Bəxtiyar Vahabzadə adına diplom təsis edib. Bu diplom türk xalqları arasında qardaşlılığı, əlaqələri genişləndirən şəxslərə verilir. Bu il birliyin qərarı ilə bu mükafat TÜRKSOY-un Baş katibi Sultan Raevə veriləcək.
Xalq yazıçısı Anar mükafatı Sultan Raevə təqdim edib.
Sonra qonaqlar Türk dünyası ölkələrindən gəlmiş musiqi və folklor kollektivlərinin təqdim etdiyi konsert proqramını izləyiblər.
Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY üzvü ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.


