Bakıda “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi və Azərbaycan dilinə tərcümə olunan “Canlanan torpaq” (Breaking ground) kitabının təqdimat mərasimi keçirilib.
Bakı Ali Neft Məktəbinin (BANM) inzibati binasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, eləcə də ANAMA yanında İctimai Şura üzvləri və BANM-in tələbələri iştirak ediblər.
“Canlanan torpaq” kitabı mina və müharibənin təsirinə məruz qalmış ölkələrdə törədilən mina terroru, mina və partlayıcı sursatların yaşatdığı dəhşəti təcəssüm etdirir.
Kitabda, həmçinin "Sülhün Kökləri" təşkilatının təsis edilməsindən sonrakı illərdə onun kənd təsərrüfatı layihələri ilə minalara qarşı mübarizədə, dağıdılmış torpaqların canlandırılmasında və bu prosesdə saysız-hesabsız insanların həyatına müsbət təsir etməklə nail olduğu uğurlar öz əksini tapıb.
Kitabın müəllifi Heidi Kühn müharibədən zərər çəkmiş, ailələrini və övladlarını itirmiş analarla həmrəylik nümayiş etdiyini söyləyib. “Biz insan olaraq dağıdıcı və yaradıcı qüvvəyə sahib ola bilərik. Hazırda dünyanın 60 ölkəsində 60 milyona qədər mina basdırılıb. Gəlin bu minalardan təmizlənmə fəaliyyətinə dəstək olaq və “sülhün kökləri” olaraq bu təşəbbüsə hamımız birlikdə qoşulaq”, - deyə H.Kühn bildirib.
Kitabın Azərbaycan dilindəki nəşrinin “Ön söz” müəllifi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, tərcüməçisi Aysəba Umudlu və Qabil Aşırovdur. “Canlanan torpaq” kitabın ilk təqdimatı keçən ilin sentyabrda baş tutub.
Tədbirdən sonra qonaqlar Bakı Ali Neft Məktəbinin həyətində zeytun ağacı əkiblər.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” təşkilatının rəhbəri Heidi Kühn "Ümumdünya ərzaq mükafatı"na layiq görülüb.
AZƏRTAC

