DOST bölgələrdə təlim keçir

post-img

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün bölgələrdə təlimləri davam etdirir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Xəbərdə deyilir ki, növbəti təlimlər Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində və Daşkəsən Rayon Mədəniyyət Mərkəzində keçirilib.

Təlimlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsi­yaya qarşı mübarizənin gücləndirilmə­sinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasına xid­mət edir.

Qeyd edək ki, ötən aydan başlayan, artıq Bərdə və Füzuli rayonlarında ke­çirilmiş təlimlərdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifa­dəyə dair praktik məlumatlar verilir, su­alları cavablandırılır. Təlimlər ölkəmizin digər bölgələrində də təşkili ediləcək.

Nazirlikdən, həmçinin bildirilir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində 58 min 800 pensiya, müavinət, təqa­üd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılır. Onlardan 12 min 800-ü pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub. 

Qeyd edək ki, nazirlik 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, son­ralar müavinət və təqaüdlərin təyinatını elektronlaşdırılıb. Həmin e-təyinat sis­temləri vətəndaşların sosial təminat növ­lərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

 

H.ZƏRİFƏ, “Xalq qəzeti”

Sosial həyat