Ermənilərin niyyətini gözündə qoyan ulu öndər

post-img

 …avtomobil zavodunun inşasının Gəncəyə salınmasına nail oldu

          Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

          Konfransı giriş sözü ilə açan birliyin direktoru Bağban Nəbiyev ulu öndərin həyat və fəaliyyətindən, onun Azərbaycanda sənayenin, elmin, təhsilin, səhiyyənin və digər səhələrin inkişafındakı rolundan danışmışıb.

           Qeyd olunub ki, Gəncənin Azərbaycanın ikinci sənaye şəhərinə çevrilməsi birbaşa ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. O illərdə avtomobil, çini qablar, “Büllür’’ zavodları, qənnadı fabriki, xalça kombinatı və digər böyük istehsal gücü olan müəssisələr Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Gəncədə fəaliyyətə başlamışdır. Avtomobil zavodunun Azərbaycana salınmasına mane olan qüvvələr vardı və bu işdə ermənilər də xüsusi canfəşanlıq göstərirdilər. Amma ulu öndərin Siyasi büroda və keçmiş ittifaqda olan nüfuzu buna imkan vermədi və o, bütün maneələrə baxmayaraq zavodun Gəncəyə salınmasına nail oldu.           80-ci illərin sonları və 90-cı illərin əvvəlləri məlum hadisələrin nəticəsində müəssisənin tikintisi yarımçıq qalsa da 2004-cü ildə müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin bu arzusunu reallaşdırdı və bu gün Gəncə avtomobil zavodu Azərbaycanın avtomobil sənayesinin flaqmanıdır.

          Konfransda birliyin mətbuat katibi Məqsəd Rəhimov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmiz nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, dünya ölkələri sırasında tanınmağa başlamışdır.

          Digər çıxış edənlər də vurğulayıblar ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən srateji istiqamətlər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir.

          Konfransın sonunda dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Gəncə avtomobil zavodunun yaradıcısıdır” adlı sənədli filmin nümayişi olub. 

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”-nin bölgə müxbiri





Sosial həyat