“Türkiyə və Azərbaycanın ortaq gələcəyi” adlı konfrans təşkil olunub

post-img

Mayın 2-də “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın təşkilatçılığı ilə “Türkiyə və Azərbaycanın ortaq gələcəyi” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması”nın üzvü Öndər Aksoyun moderatorluğu ilə baş tutub.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini bildirib. O deyib ki, yüz il bundan əvvəl aparılan mübarizələrdən sonra bugünkü Türkiyə Respublikası güclü inkişaf edib, qardaş ölkədə bütün dünya üçün nümunə olan cümhuriyyət modeli qurulub. Eyni zamanda, yüz il bundan əvvəl anadan olmuş Heydər Əliyevin uğurlu siyasəti nəticəsində müasir Azərbaycan regionda hər kəs üçün nümunəvi dövlətə çevrilib.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazıb. “Vətən müharibəsi Azərbaycanın nə dərəcədə güclü ordusu olduğunu isbat etdi və Azərbaycanın gücünü, qüdrətini ortaya qoydu. Azərbaycanın Qələbəsi ilə başa çatan bu müharibəni heç vaxt unutmamalıyıq”, - deyə Abdullah Ağar diqqətə çatdırıb.

Konfransda çıxış edən tanınmış aktyor və prodüser Cem Uçan Azərbaycan və Türkiyənin tarix boyu bir-birindən ayrılmayan iki dövlət olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr daim möhkəmlənir. Eyni soykökünə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Sosial həyat