Son üç ay ərzində qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin dəyəri 66 milyon manatdan çoxdur

post-img

Bu ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 min 173 cinayət faktı aşkarlanıb. Onlardan 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 11 kiloqram 394,952 qram narkotik vasitələrin və psixotrop maddələrin 575 kiloqram 997,924 qramını heroin, 1 ton 221 kiloqram 854,206 qramını marixuana, 67 kiloqram 73,092 qramını tiryək, 42 kiloqram 555,635 qramını həşiş, 102 kiloqram 936,745 qramını psixotrop maddələr, 977,35 qram digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18 min 403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qram, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1972 nəfər cəlb edilib ki, onlardan 18-25 yaşadək 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edib. Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u Türkiyə, 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olub.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 76 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 741 kiloqram 185,912 qram və 18 min 403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul, 473 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 64-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 413 kiloqram 844,2 qram və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 627 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 368 kiloqram 197,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Cari ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 11 kiloqram 394,952 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 66 milyon 547 min 143 manat kimi qiymətləndirilir.

Təhlil göstərir ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 378, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 38, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 339, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 1 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 22 fakt, qrup halında olan cinayətlərin sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 240 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 130 kiloqram 919,26 qram artıb.

Bu ilin müvafiq dövri ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19 min 832 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxub. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 faizi) İnyekson Narkotik İstifadəçiləri olub.

Cari ilin yanvar-mart ayları ərzində 802 - qaynar xətt telefon zəng xidmətinə 295 vətəndaş müraciəti daxil olub ki, onların 45-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 144-ü narkotik asılılıqdan müalicə, 106-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 189 məktub ünvanlanıb.

Belə ki, 802 - qaynar xətt telefon zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Sosial həyat