Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
29 sentyabr tarixli 3493 nömrəli sərəncamın 1-ci hissəsində “ildə” sözü “və 2023-cü illərdə” sözləri ilə əvəz edilib. Bu dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin 2023-cü ildə də formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur.
Qeyd olunan tədbirlərə həmin kateqoriyalara aid vətəndaşların mənzil və fərdi evlə, reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi daxildir.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

