Bundan sonra DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən əhalinin sosial sahə üzrə elektron xidmətlər, onlardan istifadə prosedurlarına dair maarifləndirmə –savadlılığın artırılması istiqamətində yalnız paytaxtda deyil, bölgələrdə də təşviqat kampaniyasına başlanacaq.
Kampaniya Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən, regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədini daşıyır.
DOST RİM-in mütəxəssisləri ardıcıl olaraq bölgələrdə sakinlərlə görüşlər keçirəcəklər. Onlar sosial sahə üzrə elektron xidmətlər, rəqəmsal bacarıqlar barədə maarifləndirici söhbətlər aparacaq, iştirakçılara praktik məlumatlar verəcək, onların suallarını cavablandıracaqlar. Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında keçiriləcək bu görüşlərin hər biri ilə bağlı onların yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əhaliyə göstərilən 153 xidmətin son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində 90 faizdən çoxu rəqəmsal platforma üzərindən təqdim edilir. Bu da xidmətlərin müasir, şəffaf və operativ şəkildə göstərilməsini və əlçatanlığının artmasını təmin edib.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

