Astara rayonu 77 saylı seçki dairəsinin deputatı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Hamoşam kəndində seçiciləri ilə görüş keçirib. Deputat seçicilərin səsləndirdiyi problemlərlə yaxından maraqlanıb, onların arzu və təkliflərini dinləyib. Həmin problemlər içərisində məntəqədə tibbi xidmətin kadr çatışmazlığı ön plana çəkilib. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar gedişatda mərkəzləşdirmə yəni, problemlərin bölgələrdəki mərkəzi xəstəxanalarda həll olunmasının ucqar dağ kəndləri üçün bir sıra çətinliklər yaratdığı vurğulanıb. Şübhəsiz ki, təcili yardım maşınlarının dağ kəndlərinə gəlib çatması qeyri-mümkün olur. Buna görə də yerində orta tibb personalının dəstəyinin artırılması, bölgələrdə tibbi xidmətin təşkilinə görə TƏBİB və digər aidiyyəti qurumlara müraciət olunaraq adıçəkilən problemlərin həllinə nail olunmaq qərara alınıb.
Bundan başqa, seçicilər poçt xidmətlərinin iqtisadi rentabelli olmadığına görə ləğv olunması məsələsindən narahatlıqlarını ifadə ediblər. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara və regional mərkəzlərə müraciət edildiyini bildirsələr də, müsbət nəticə ala bilmədiklərini söyləyiblər. Deputat seçicilərin təklifi ilə bağlı yaxın Əsxərəkaran kənd poçtunun 3 gün Hamoşam kəndində tətbiq olunması məsələsinə dəstək verilməsi üçün "Azərpoçt"a müraciət ünvanlanacağını qeyd edib.
Digər daha bir məsələ isə kənddə ödəniş terminalları (bankomat) xidmətlərinin olmaması olub.
Qeyd edilib ki, kart hesabından nağd pul vəsaitlərinin çıxarılması, kommunal və digər xidmətlər ödəmək üçün nağdsız hesablaşmalar aparmaq üçün insanlar 25 kilometrə qədər dağlardan aşağı enərək şəhər-rayon mərkəzinə gəlmək məcburiyyətində qalırlar.
Milli Məclisin deputatı Rəşad Mahmudov həm bankomat xidmətləri, həm də
"e-manat" və "milliön" kimi terminalların kəndə gətirilməsi ilə bağlı əlaqədar qurumlara müraciət edəcəyini və bu problemin də həllinə əmin olduğunu seçicilərin diqqətinə çatdırıb. Olduqca maraqlı keçən görüşdə seçicilər məmnunluqlarını bildirərək səmimi qəbula və hər zaman onlara göstərdiyi diqqətə görə deputata təşəkkür ediblər.