Dünən sübh tezdən “Facebook”a daxil olan kimi, qarşıma ölkəmizdə yaşayan xalqların, ayrı-ayrı dinlərin nümayəndələri arasında dostluq və qardaşlıqdan bəhs edən, səciyyəvi bir foto ilə müşayiət olunan maraqlı paylaşım çıxdı. Birnəfəsə oxudum, çox məmnun qaldım. Əziz oxucu, lütfən, siz də sözügedən paylaşımı oxuyun! Orada yazılıb:
“Bu foto (şəkil təqdim olunur–müəllif) ölkədə çeşidli mədəniyyətlər, etnik və dini tolerantlıq barədə yazılan milyonlarla sözdən daha təsirlidir!
Bura Azərbaycandır, Bakıdır. “Təzəpir” məscididir. Fotoda gördükləriniz isə Bakıdakı yəhudi və pravoslav dini icmalarının təmsilçiləridir. Bəli, Azərbaycan tolerantlıq nümunəsidir”.
Paylaşımda daha sonra ölkəmizdə başqa dinlərə böyük diqqət və qayğı ilə yanaşıldığını əks etdirən bu fikir vurğulanır: “Azərbaycan məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyət göstərdiyi nadir ölkələrdəndir ki, müxtəlif inanclara qarşı ayrı-seçkilik nümayiş etdirmir. Azərbaycan, şübhəsiz ki, dünyaya multikulturalizmin, mehribançılığın, qonaqpərvərliyin müsbət nümunəsini göstərir. Dünya bunun fərqindədir”.
Paylaşımın müəllifi fikirlərini bu sözlərlə bitirir: “Mən bu gözəl, əsrarəngiz şəhərdə tərbiyə alıb böyümüşəm. Dünyanı çox gəzmişəm və bir çox xarici ölkələrdə uzun müddət yaşamışam. Fəxrlə deyə bilərəm ki, Azərbaycan planetdə ən multikultural və tolerant ölkə olaraq qalır. Müxtəliflik və tolerantlıq heç də ölkədə məskunlaşan millətlərin təmsillərinin sayından, demoqrafiq statistikadan ibarət deyil. Mədəni müxtəliflik təqvimdə əlamətdar bir gün deyil, sülh, əmin-amanlıq şəraitində yaşayıb-yaratmaq bacarığıdır”.
P.S. Yeri gəlmişkən, haqqında söz açdığımız paylaşımın müəllifi hazırda uzaq Avstraliyanın Melburn şəhərində yaşayan adı Xuraman, soyadı Armstronq olan bir ziyalı xanımdır. Azərbaycan sevdalısıdır, haqlı olaraq doğulub boya-başa çatdığı məmləkətin yüksək humanist, bəşəri dəyərlərini təqdir və təbliğ etməyə çalışır. Eşq olsun!
Hazırladı:
M.HACIXANLI,
“Xalq qəzeti”