“Ölüm zonası”nın “şəfa mələkləri”

post-img

Türkiyədə baş vermiş dağıdıcı, böyük fəlakətlərə səbəb olan dəhşətli zəlzələ öz ağrısı-acısı ilə insanların ürəyini göynətməkdə davam edir. Zəlzələnin tükürpədən nəticələrinin aradan qaldırılması üçün aylar, illər, bəlkə də on illər lazım olacaq. Lakin itirdiyimiz can itkilərini heç nə qaytara bilməz. Ona görə də hər kəs, ilk növbədə, insan itkisini azaltmaq üçün əlindən gələni edirdi və bu missiya davam edir. 

İlk günlərdən 15 nəfərlik tibbi heyət­lə zəlzələ bölgələrindən birinə – Kah­ramanmaraşa yola düşən Azərbay­can Könüllü Həkimlər Assosiasiyası (AKHA) insanların həyatını xilas et­mək üçün üzərinə götürdüyü missiyanı şərəflə başa vuraraq Vətənə qayıdıb. 

AKHA-nın sədr müavini Hüseyn Hüseynzadə ilə görüşüb öncə təəssü­ratlarını öyrəndik: 

– Bu, dəhşət idi. İnsanların ən ağır travmalarla, dəhşətli diaqnozlarla mü­raciət etmələri bizə ömrümüzün ən ağır acılarını yaşatdı. Soyuqqanlı olmasaq işimizi tam dəqiqliyi ilə görə bilmərik. Amma biz də insanıq və gördüyümüz acı mənzərədən ürəyimiz parçalanır­dı. Türkiyə xalqının yaşadığı dəhşətli mənzərə bizi sarsıtsa da, özümüzü ələ almağa çalışırdıq. Valideynlərini itirmiş uşaqlarla işləmək bizi xüsusilə üzürdü. Əzizlərini itirmiş xəstələrin hər birinin mənəvi yanğısı böyük idi. Onlara hə­min məqamda köməyimiz çox vacib idi. Kiminsə həyatını həmin anlarda xilas etməsəydik, o, bəlkə də indi yaşamır­dı”. 

Assosiasiya Fövqəladə Hallar Na­zirliyinin tibb heyəti ilə birgə fevralın 11-dən zəlzələnin baş verdiyi Kahra­manmaraşda təbii fəlakət zamanı sağ­lamlıqlarını itirənlərə, dərin böhran ke­çirərək çətin durumda olanlara hər cür yardım göstərib, onların normal həyata qayıtması üçün əllərindən gələn dəstə­yi verib. 

Hüseyn Hüseynzadə Kahraman­maraşda çoxsaylı yaralılara, psixoloji sarsıntılar keçirənlərə kömək etmək üçün səhra tipli hospital yaratdıqlarını söylədi:

– Şəhərin keçmiş Bələdiyyə stadi­onunun ərazisində hava ilə dolan hərbi çadırlar qurub, Bakıdan gətirilən ləva­zimatları, tibbi cihazları quraşdıraraq səhra tipli cərrahi hospital yaratdıq: “Bu, bizim ilk beynəlxalq layihəmiz idi. Hospitalın tərkibində iki cərrahi ma­sadan ibarət blok, 8 çarpayılıq reani­masiya, intensiv palata, 8 adi palata və ambulator şöbə var idi. Özümüzlə Kahramanmaraşa çoxlu tibbi ləvazimat aparmışdıq. Ən çox travmatoloji, psixo­loji, terapevtik yardıma ehtiyac var idi. Şəhərin tibb müəssisələri fəaliyyətlərini dayandırmışdılar. Çünki əksəriyyətinin binaları zədələnmiş, ya da dağılmışdı. Hospitala gün ərzində 70-80, bəzən 120-150-yə yaxın insan müraciət edir­di. Həm FHN-in, həm də assosiasiya­nın tibb heyəti 24 saat xidmət göstərir­di. 

Assosiasiyanın rəhbəri Oqtay Meh­diyevin rəhbərliyi altında təkcə hos­pitalda 600-700-ə yaxın xəstə qəbul etdik. FHN-in həkimləri ilə birgə isə ümumilikdə 2 minə yaxın xəstəyə yar­dım göstərdik. Vətən müharibəsi döv­ründə formalaşıb yaranan assosiasiya­mız artıq Qeyri Hökumət Təşkilatıdır. Assosiasiya regionlarda qazi və şəhid ailələrinin qayğıları ilə bağlı layihələr həyata keçirir.

H.Hüseynzadənin sözlərinə görə, şəhərin bir sıra kənd və qəsəbələrində də xeyriyyə aksiyaları təşkil edilib. As­sosiasiya üzsvləri regionlara gedərək insanların sağlamlığı üçün vacib olan dərman preparatları paylayıb, onları müayinə ediblər:

– Tibb müəssisələri ilə yanaşı, əc­zaçılıq və bir sıra həyat əhəmiyyətli obyektlər işləmədiyinə görə, istər yar­dım, istər dərman preparatları, istərsə də qida ilə bağlı insanlar bizə müraciət edirdilər. Düşünürük ki, Azərbaycan hə­kimləri şərəfli bir missiyanı yerinə yetir­dilər. Bu, bizim Türkiyə xalqına həm də qardaşlıq köməyimiz idi. 

 

Leyla QURBANOVA

Sosial həyat