Martın ilk günlərində dağlıq ərazilərdə qar yağacaq

post-img

Qışla yaz arasında keçid dövrü olduğundan mart ayında hava şəraiti dəyişkən olur.

Martda havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Mart ayının ilk günlərində əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 5-10°, gündüzlər 10-15° isti, bəzi günlərdə 18-23° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 20-27 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 3-7° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 9-14° isti, bəzi günlərdə 19-24° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 22-44 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 2° şaxtadan 2°-dək isti olacaq. Bu da iqlim normasına yaxın və 2° aşağıdır. Havanın temperaturunun gecələr 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 9°-dək şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüzlər 0-5° isti, bəzi günlərdə 11-16° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 42-52 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 9-14° isti, bəzi günlərdə 19-24° dərəcə isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 19-48 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 2-5° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 18-23° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı proqnozlaşdırılır (norma 23-90 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, gündüzlər 12-17° isti, bəzi günlərdə 20-25° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 24-45 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 3-7° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 0°-yə yaxın, dağlarda 2-7° şaxta, gündüzlər 10-15° isti, bəzi günlərdə 19-24° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimal edilir (norma 56-112 millimetr).

Sosial həyat