Dərdin doğmalaşdırdığı analar

post-img

“Embassy of Azerbaijan, Ankara” Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin ingilis dilində rəsmi saytıdır. Bu günlərdə həmin saytda yerləşdirilən cəmi iki cümlədən ibarət paylaşım və paylaşımı müşayiət edən bir neçə “danışan foto” məni çox təsirləndirdi. 

Hörmətli oxucular, inanıram ki, orada yazılanlar sizi də mütəəssir edəcək. Paylaşımda deyilir:

“Türkiyədə bir şəhid anasına çatacaq” qeydi ilə bir azərbaycanlı şəhid anası tərəfindən zəlzələ bölgəsinə göndərilən yardım boxçası Malatyada oğlu təbii fəlakət zamanı həlak olan bir anaya çatdırılıb. Qeyd cəmi altı sözdən ibarət olub: “O, məni anlar, mən onu anlaram!” 

İlahi, azərbaycanlı ananın qəlbindən qopan bu altı sözdə bir çox qalın-qalın kitabların ehtiva edə bilmədiyi ağır kədər, dərin hiss və həyəcan var. Bu sözlərdə həm də dərin bir hikmət və məna var. Bəli, bu, bir həqiqətdir ki, ana qəlbinin acılarını yalnız analar duyar!

Fikrimcə, fotodakı ən təsirli məqam isə odur ki, sağ əlində həya­tını depremdə qeyb etmiş övladının fotosunu tutan türkiyəli ana sol əlində azərbaycanlı şəhid Elgün Abbaslının şəklini sinəsinə basaraq böyük ehtiramla onu öpür! 

Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycan və dünya ədəbiy­yatının görkəmli simaları, yazıçı, şair və publisistlər bəşəriyyətin mənəvi inkişafında anaların rolunu hər zaman yüksək dəyərləndirib­lər. Məsələn, görkəmli maarifçi, Böyük Turan sevdalısı Əlibəy Hü­seynzadə 1906-cı ildə “Füyuzat” jurnalında yazıb ki, “analar bəşəriy­yətin əxlaq zəmanətçiləri, ruh və mənəviyyat qurucularıdır”. Böyük fransız yazıçısı Onore de Balzak isə hesab edir ki, “əsl məhəbbətin nə olduğunu yalnız analar bilir”. 

P.S. Əziz oxucu! Bu qəbildən olan misalları çox çəkmək olar. Bu məqamda böyük Cəfər Cabbarlını, Hüseyn Cavidi, Səməd Vurğunu və başqalarını yada salmaq olar. Bütün bunlarla yanaşı əminəm ki, sadə bir azərbaycanlı şəhid anasının yuxarıda qeyd etdiyim sözləri də bəşəriyyətin söz xəzinəsində özünə layiqli yer tutmağa və yaşamağa layiqdir.

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat