Qubada və Goranboyda maarifləndirmə tədbirləri keçirilib

post-img

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə yox deyək!” mövzusunda tədbir keçirilib.

"Xalq qəzeti"nə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüqar Xəlilov, eləcə də məktəblilər və gənc fəallar iştirak ediblər.

Çıxışlarda dini radikalizm təhlükəsindən, yarada biləcəyi fəsadlardan bəhs olunub, bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb.

Daha bir maarifləndirmə tədbiri Quba rayonunda baş tutub. Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İkinci Nügədi kənd “Molla Hud” məscidi dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi Komissiyasının məsul katibi Mariya Məmmədova, İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı təhsilin önəmindən, xüsusilə qızların təhsil almasının vacibliyindən danışılıb.



Sosial həyat