Ağdaşda meliorativ tədbirlər davam edir

post-img

Ağdaş Suvarma Sistemləri İdarəsi suvarılmanın yaxşılaşdırılması, su itkisinin qarşısının alınması üçün lildən təmizləmə və torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini davam etdirir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov  bildirib ki, ötən il 820 kilometr uzunluqda suvarma kanallarında mexanizmlər vasitəsilə lildən təmizləmə işləri aparılıb. Bundan başqa, idarə tərəfindən 14 ədəd müxtəlif hidrotexniki qurğuda cari təmir işləri görülüb. Hacılı kəndi ərazisində başlanğıcını Yuxarı Şirvan kanalından götürən köhnə beton üzlüklü suvarma kanalında əsaslı təmir işləri, o cümlədən kanalın beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğuların əsaslı təmiri həyata keçirilib.

İdarə ötən il olduğu kimi, bu il də yeni suvarma mövsümü üçün hazırlıq işlərini bir neçə istiqamətdə davam etdirir. Rayonun ən qədim kəndlərindən olan Qaradeyin kəndində yay aylarında suvarmada olan çətinliklər artıq aradan qaldırılıb.

Ümumiyyətlə, Ağdaş Suvarma Sistemləri İdarəsi 36500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edir. Ötən il 15376 hektar dənli bitkilər sahəsi 3 dəfə, 8563 hektar yem bitkiləri sahəsi 6 dəfə, 1288 hektar bostan-tərəvəz sahəsi 5,7 dəfə, 6035 hektar çoxillik bitkilər sahəsi 5,4 dəfə, 4450 hektar həyətyanı sahələr 6,6 dəfə, 681 hektar çəltik sahəsi 4 dəfə, 252 hektar biyan sahəsi 4 dəfə suvarılıb.

Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı, daşqın və selə qarşı mübarizə tədbirləri də görür. Bu işlər çərçivəsində ötən il Türyançay çayının Türyançay qəsəbəsi yaxınlığından, Gürcüva, Dəhnə və Qəsil kəndləri ərazisindən keçən hissələrində mexanizmlər vasitəsilə 240 min kubmetr həcmdə lildən təmizləmə işi icra olunub.

Sosial həyat