III MƏQALƏ
Yanaşma fəlsəfəsi
Bədii təfəkkürün dövrləşdirilməsi konsepsiyasını adekvat dərk etmək üçün Yaşar Qarayev mənasında “bütöv-bütöv dövrləri, yüzilləri, hətta eraları tədqiqatda əhatə olunan tarixlərdən çıxdaş eləmək bizim mövcud humanitar – filoloji ənənələrin ən sürəkli əyintiləri”nin tamamilə Azərbaycançılığa və azərbaycanşünaslığa yanaşma fəlsəfəsindən silinməsi zəruridir. Həmin “əyintilər”in müxtəlif bəhanələrlə davam etməsinə qarşı Vətənsevər “ziyalı intellektual sipəri” çəkilməlidir. Burada bədii təfəkkürün azərbaycançılıq ideyası, prinsipi, konsepti və konsepsiyasının təməl müddəaları istiqamətverici rol oynaya bilər. Məsələ onunla bağlıdır ki, əsrlərlə bədii təfəkkür (ədəbiyyat, incəsənət) Azərbaycan qövmünün həyat tərzində, kollektiv mövcudluq formasında müstəsna rol oynamışdır.
Azərbaycançılığı azərbaycanşünaslığın mərkəzi və aparıcı ideyası, prinsipi, konsepti və konsepsiyası olaraq tam və əhatəli dərk etmək, əlbəttə, daha geniş yanaşma tələb edir. Bununla yanaşı, bədii təfəkkürün dövrləşmə konsepsiyasının əsas müddəaları məsələnin mahiyyətinə əhəmiyyətli dərəcədə aydınlıq gətirir. Bu aspekt üzərində dayanaq.
Azərbaycançılığın prinsipləri
Bədii təfəkkürün dövrləşdirilməsi konsepsiyasında azərbaycançılıq prinsipləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən azərbaycançılığın ümumi prinsiplərinin bədii təfəkkürə tətbiqi əsasında izah edilmişdir. Obrazlı desək, bədii təfəkkürün dövrləşdirilməsi tamamilə və bütövlükdə Heydər Əliyev–İlham Əliyev müstəqil dövlət quruculuğu xəttinin nəzəri-konseptual və praktiki-tətbiqi hüdudları daxilindədir. Əhatəli təhlil göstərir ki, həmin konsepsiyada vurğulanan nəzəri, konseptual, dünyagörüşü və dövlətçilik kontekstində tətbiqi çərçivədən zərrə qədər də kənara çıxma yoxdur! Bu, ümumiyyətlə, Azərbaycan fəlsəfi, tarixi, bədii, sosioloji, kulturoloji və digər elmi təfəkkür dövrləşdirilmələrinin təməl şərti kimi çox vacib məqamdır!
Dövrləşdirmə konsepsiyasında azərbaycançılığın əsas prinsipləri aşağıdakı kimi təqdim edilmişdir: I. Azərbaycançılıq məfkurəsi; II. Azərbaycan xalqı; III. Azərbaycan dövlətçiliyi; IV. Azərbaycan dili; V. Milli-mənəvi dəyərlər; VI. Azərbaycan ədəbiyyatı; VII. Azərbaycanşünaslıq. Həmin prinsiplərin hər birinin konseptual bazasını ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ifadə etdikləri kəlamlar təşkil edirlər. Azərbaycanşünaslıq kontekstində onların hər birinin ana tezisini ümumi olaraq aşağıdakı kimi müəyyən etmək olar:
Birinci prinsip üzrə: “Azərbaycançılıq – Azərbaycanın ərazi bütövlüyünün, vahid Vətən, vətəndaş həmrəyliyi və milli birlik ideyalarının təcəssümü, ümumiləşmiş ifadəsidir, milli iftixar və Vətənçilik azərbaycançılıq məfkurəsinin əsas ideya mənbəyidir”.
İkinci prinsip üzrə: “Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin yaradıcısı, sahibi, daşıyıcısı və qoruyucusudur, Azərbaycan xalqı – tarixən və mənşə etibarilə Azərbaycanda yaşayıb formalaşan, ölkəni qoruyub saxlayan və inkişaf etdirən əsas hərəkətverici qüvvədir, azərbaycançılıq – Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideologiyadır”.
Üçüncü prinsip üzrə: “Azərbaycan dövləti – Azərbaycan xalqının öz tarixi ərazisində çoxəsrlik ənənələri olan, ölkənin ərazi bütövlüyünü yaşadan və qoruyub möhkəmləndirən idarəetmə sistemidir, güclü dövlət, demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və hərbi qüdrət Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasıdır”.
Dördüncü prinsip üzrə: “Azərbaycan dili – Azərbaycan Respublikasının dövlət dilidir, Azərbaycan dili – Azərbaycan xalqının ana dili və ölkədə yaşayan bütün millətlərin, azsaylı xalqların vahid ünsiyyət vasitəsidir”.
Beşinci prinsip üzrə: “Azərbaycançılıq – xalqın milli-mənəvi özünüdərketmə təlimidir”.
Altıncı prinsip üzrə: “Azərbaycan ədəbiyyatı – Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdıqları böyük ədəbiyyatdır, millilik və bəşərilik, azərbaycançılıq və birlik idealları, habelə yüksək bədiilik Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləridir”.
Yeddinci prinsip üzrə: “Azərbaycanı öyrənmək – azərbaycanşünaslıqdır. Azərbaycan – ana Vətən və ümummilli ideal; azərbaycançılıq – milli ideologiya; azərbaycanşünaslıq – elmdir!”
Bu prinsipləri vahid məntiqi və semantik sahədə ümumiləşdirsək, belə bir ideya “mənzərəsi” alırıq: Dövrləşdirmə konspesiyasında azərbaycançılıq ideya, prinsip, konsept və konsepsiya formalarında bir-birini tamamlayan anlayışların sistemidir. Onların kompleks halında “idraki legitimliyi” zaman-məkan vəhdətində təcəssüm edir. Lakin semantikası bununla məhdudlaşmır. Bütövlükdə zaman-məkan kontinuumu (vəhdəti, bütöv mövcudluğu) coğrafi parametrlə daimi qarşılıqlı bağlılıqda gerçəklik yaradır. Bu tezisin fəlsəfəsi geniş təhlil və təsvir tələb edir. Burada qısaca əsas məqamlar üzərində dayanaq.
Zaman-məkan anlamı
Öncə, vurğulanan 7 prinsip üçün ortaq olan ideyanı aydınlaşdıraq. Prinsiplərin müəyyən edilməsi fəlsəfəsinin tam olaraq Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xətti çərçivəsində olması heç vaxt arxa plana atıla bilməz, əksinə, bütün elmi idraki addımların təməlində məhz həmin məqam dayanır. Bu prizmada prinsiplərin ortaq semantik sahəsində azərbaycançılığın Zamanın dinamikasında xüsusi anlamlar kəsb etdiyi və müxtəlif faktorların funksiya baxımından “yer dəyişdiyini” görürük. Misal üçün, dövrləşdirmənin ilk mərhələsində azərbaycançılıq “etnosdan eposa təkamül” formasında özünü göstərir. Başqa terminologiya ilə şifahi mədəniyyətdən yazılı mədəniyyət növünə keçidin coğrafi parametrin konkret rəqəmlərindən deyil, etnosun siyasi, hüquqi, mənəvi, əxlaqi və mədəni özəllikləri ilə xarakterizə olunduğu aydınlaşır.
Dövrləşdirmə konsepsiyasında bu bağlılıqda vurğulanmışdır: “Qədim dövr Azərbaycan şifahi xalq ədəbiyyatı onu yaradan xalqın mənşəyinin və təkamül proseslərinin və ideallarının eposudur. Şifahi xalq ədəbiyyatı mənsub olduğu xalqın zəngin xəzinəsi, əsatir isə onun açarıdır... Geniş mənada etnosdan eposadək yaşanan ədəbi-tarixi proses Azərbaycan xalqının soykökdən milli varlığa, əsatirdən-dastana qədərki təkamül proseslərinin epopeyasıdır”.
Ümumi konteksdə isə: “Qədim dövr Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın ilkin və zəngin mərhələsi olub, etnosdan-eposaqədərki inkişaf proseslərini əks etdirən şifahi yaradıcılığın möhtəşəm salnaməsi və həm də özündən sonrakı dövrlərin inkişafında hərəkətverici donor kimi fəal iştirak edir”.
Nəticədə: “...şifahi bədii düşüncənin ibtidai başlanğıcdan kamillik mərhələsinədək olan təkamül prosesləri sadəcə ədəbiyyatın deyil, geniş mənada onun mənsub olduğu etnosun da özünəməxsus xüsusiyyətlərə malik bir xalq kimi artıq var olmasının isbatıdır. Xalqın inkişaf səviyyəsi həm də onun yaratdığı ədəbiyyatın səviyyəsi ilə müəyyən olunur”.
Deməli, azərbaycançılıq baxımından bədii təfəkkürün formalaşması Zamanca etnosdan eposa keçid (mədəniyyət olayı kimi: şifahi mədəniyyət növündən yazılı mədəniyyət növünə keçid) fonunda baş vermişdir. Burada ilkin mərhələdə azərbaycançılıq coğrafi məkanla dəyişən mənzərələr fonunda əlaqəli olmuşdur. Yəni konkret “hansı ərazidə?” sualının coğrafi “cavabı” arxa plandadır. Bəs həmin mühüm faktoru hansı parametr əvəz edə bilərdi?
Dövrləşmənin sonrakı mərhələsinin (Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc mərhələsi (VII-X əsrlər) təqdimatı göstərir ki, həmin faktor ümumtürk coğrafiyasının təfəkkürdə formalaşmış tarixi obrazıdır. Yəni ümumi halda birinci mərhələdən ikinciyə keçid ümumtürk kontekstində dil, din, mədəniyyət, mənəvi-əxlaqi dəyərlər və onların bədii obrazlarının xüsusiyyətləri fonunda xarakterizə oluna bilər. Konsepsiyada VII-X əsrlərdə formalaşmış ədəbiyyat haqqında yazılmışdır: “Azərbaycan yazılı ədəbiyyatının tarixinin müəyyən olunmasında müxtəlif meyarlara istinad edilmişdir ki, bunların da içərisində 3 prinsip əsas yer tutur:
1. Ortaq türk yazılı mətnlərinə istinad olunması;
2. Anadilli milli ədəbiyyat faktoru;
3. Harada yaşamasından, hansı dildə yaranmasından asılı olmayaraq, milliyyət etibarilə azərbaycanlı olan qələm sahiblərinin əsərlərinin meydana çıxması” (seçmə akademik İsa Həbibbəylinindir).
Bundan sonrakı İntibah mərhələsində (konsepsiyada XI-XII əsrlər) ümumtürk konteksti və dil məsələsi yenə də aktuallaşmışdır. Prosesin azərbaycançılıq kontekstində ümumi mənzərəsi belə təqdim olunur: “...XI-XII əsrlər Azərbaycan ədəbiyyatı türk-müsəlman dünyası intibahının mühüm və parlaq ədəbi-mədəni hadisəsidir. Bu tarixi mərhələ Azərbaycan ədəbiyyatının “qızıl dövrü”dür. Epik poemalar, mənzum romanlar, süjetli lirika, məsnəvi formasının geniş yer tutması, qəsidə və rübai janrlarının aparıcı mövqe qazanması bu dövr Azərbaycan ədəbiyyatının səciyyəsini müəyyən edir. Bəşəri ideyalar, humanizm, ədalət, bərabərlik, azadlıq, şəxsiyyətin bütövlüyü və mənəvi zənginliyi intibah dövrü Azərbaycan ədəbiyyatının əsas ideallarıdır”.
Dövrləşdirmə konsepsiyasında bundan sonrakı mərhələ “Orta əsrlər Azərbaycan ədəbiyyatı. Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək (XIII-XVI əsrlər)” kimi adlandırılmışdır. Bu müddətdə bədii təfəkkürdə Ana dili aparıcı faktor olaraq yer almışdır.
Eyni zamanda, bədii təfəkkürdə “Azərbaycan” ideyası daha konkret semantik sahədə müəyyən edilmişdir. Onun başlıca əlaməti romantik dövrdən cəmiyyətin problemlərinə istiqamətlənmə əsasında realizmə keçidlə ifadə olunur. Konsepsiyada həmin aspektdə vurğulanmışdır: “...türk-müsəlman ədəbi mühitində...orta əsrlər Azərbaycan ədəbiyyatı ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat epoxası kimi daxil olmuşdur... Bundan sonrakı mərhələlərdə nəinki anadilli ədəbiyyat hakim mövqe qazanmışdır, hətta xalq həyatı və xalq şeiri də yazılı ədəbiyyatın əsas mövzusuna və üslubuna çevrilmişdir. Beləliklə, Azərbaycan ədəbiyyatının orta əsrlər romantik dövrü tamamlanmışdır. Məhəmməd Füzulinin bir əsərində meydana çıxan “Şikayətnamə” sonrakı dövrlərin realist ədəbiyyatının mövzusuna, ahənginə və ritminə çevrilmişdir”.
Deməli, XVI əsrin sonuna qədər bədii təfəkkürdə azərbaycançılıq əsasən ümumtürk kontekstində və başlıca olaraq mənəvi-mədəni, dil, din aspektində təzahür etmişdir. Eyni zamanda, artıq həmin dönəmdə bədii təfəkkür Azərbaycan cəmiyyətinin problemlərinə semantik istiqamətlənmiş və bu anlamda sosial mühitə “yüklənməyə” başlamışdır.
Bununla da azərbaycançılıqda açıq və ya gizli formada coğrafi faktor getdikcə özünə daha çox yer etməyə başlamışdır. Lakin yalnız XX əsrdə bu proses azərbaycançılığın müstəqil dövlət, ölkə, ayrıca mədəni məkan statusunda bədii təfəkkürdə yer alması ilə nəticələnmişdir. Ulu öndər Heydər Əliyevin həmin kontekstdə yüksək töhfələri əvəzedilməzdir!
Həmin dönəmdən azərbaycançılıq ideya, prinsip, konsept və konsepsiya olaraq Azərbaycan dövlətçiliyi aparıcı yer tutmaqla, bədii təfəkkürün tədqiqat hədəfinə gətirilmişdir.
Bütün bunlar müasir mərhələdə azərbaycanşünaslığın Azərbaycan haqqında bir elm kimi inkişafının mərkəzinə gətirilməsinin nə dərəcədə təbii zərurət olduğunu təsbit etməyə imkan verir. Bədii təfəkkürün dövrləşdirilməsi konsepsiyasının bu prosesdə böyük nəzəri-konseptual və praktiki əhəmiyyət kəsb etdiyinə şübhə yoxdur!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

