“Respublika” partiyasının seçkiyə qoşulmaması gücsüzlüyün etirafıdır
İyunun 7-də Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına hələ rəsmən start verilməsə də, siyasi qüvvələr artıq qeyri-rəsmi şəkildə təbliğata başlayıblar. Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının rəhbər şəxsləri, nazirlərlə birgə bölgələrə səfərlər edir, seçicilərlə görüşlər keçirir. Bu günlərdə ölkənin ikinci prezidenti, Azərbaycana qarşı qanlı etnik separatizmin və işğalçı müharibənin əsas iştirakçılarından olan “Hayastan” blokunun namizədi Robert Koçaryan da tərəfdarları ilə görüşlər keçirir. O, ənənəvi ritorikasına sadiq qalaraq Paşinyan hakimiyyətini “bacarıqsız” adlandırır.
Bütövlükdə, seçkilərdə hansı qüvvələrin iştirak edəcəyi əsasən dəqiqləşib. Bura N.Paşinyanın başçılığı altında hakim “Mülki müqavilə” partiyası, R.Koçaryanın “Hayastan” bloku (blokda Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” və Sevak Xaçatryanın rəhbərlik etdiyi sağ mərkəzçi “İrəli” partiyası cəmləşib), oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” (bu bloku “Birləşmiş ermənilər” və “Yeni dövr” partiyası yaradıb) daxildir. Oliqarx Qaqik Çarukyan “Ermənistan üçün təkliflər” təşəbbüsünü irəli sürərək prosesdə iştirakını bəyan edib. Seçkilərdə, həmçinin keçmiş ombudsman Arman Tatoyanın “Birlik qanadları” təşəbbüsü və birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi də iştirak edəcək. Erməni Milli Konqresi baş nazirliyə Levon Zurabyanın, “Yeni qüvvə” partiyası isə İrəvanın sabiq meri Ayk Marutyanın namizədliyini irəli sürüb.
Ölkənin üçüncü prezidenti, separatçı əməllərdə və işğalçılıqda R.Koçaryandan heç də geri qalmayan Serj Sarkisyanın partiyası isə parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib. Keçmiş prezidentin rəhbərlik etdiyi “Respublika” partiyası hərtərəfli müzakirədən sonra bu qərara gəlib. Açıqlanan məlumatda bildirilib ki, müxalifət qüvvələrinin səslərinin parçalanmasının qarşısını almaq üçün seçkilərdə iştirak etməmək qərarı verilib. Bununla belə, S.Sarkisyan tərəfdarlarını müxalifət qüvvələrinə səs verməyə çağırıb. O, R.Koçaryan blokunun qarşıdakı parlament seçkilərində uğur qazanmasında maraqlı olduğunu bildirib.
***
Sarkisyanın partiyasının məlum qərarı Ermənistanda müzakirələrə yol açıb. O cümlədən media bu qərarın verilməsinin səbəblərini hərtərəfli təhlil edir. Belə yazılardan biri analitik məqalələr üzrə ixtisaslaşmış “ArmenianReport” sayında yerləşdirilib. “Respublika” partiyası və Sarkisyan: kamuflyaj, yoxsa nekroloq?” sərlövhəli məqalədə oxuculara “Heç düşündünüzmü, “Respublika” partiyası niyə seçkilərdə müstəqil iştirak etmir?” sualı ünvanlanıb. Qeyd edilib ki, “Respublika” Partiyasının iyunda keçiriləcək parlament seçkilərinə öz siyahısı ilə qatılmamaq qərarı sıradan təşkilati və ya seçkiqabağı xəbər hesab oluna bilərdi, əgər bunun arxasında erməni cəmiyyətinin çox yaxşı xatırladığı bir tarix dayanmasaydı: “Əvvəlcə qeyd edək ki, “Respublika” partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcəyi bir neçə gün öncə məlum olub. Bu qərar partiyanın icra orqanının iclasında qəbul edilib. İclasda “Respublika”nın seçkilərdə iştirakı məsələsi müzakirə olunub və geniş təhlildən sonra partiyanın seçkilərdə “birbaşa formatda” iştirak etməməsi barədə qərar verilib. Qərarın əsaslandırılması və partiyanın sonrakı addımları isə yaxın günlərdə keçiriləcək 18-ci qurultayda açıqlanacaq.
Əslində, daha hansı əsaslandırmaya ehtiyac var? “Respublika” Serj Sarkisyanın partiyasıdır. Onun onillik hakimiyyəti ölkənin kollektiv yaddaşında elə dərin izlər buraxıb ki, heç bir siyasi rebrendinq bunu silə bilməz. Partiyanın “birbaşa formatda iştirak etməmək” barədə qərarı isə qəsdən qeyri-müəyyən ifadədir, manevr üçün yer saxlayır. Amma yaxın günləri və respublikaçıların hansısa izahını gözləməyə dəyməz: Ermənistan siyasətinin “riyaziyyatı” çoxdan hər şeyi Sarkisyanın əvəzinə izah edib”.
Bildirilib ki, 2018-ci il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərdə, “məxməri inqilab”ın yaratdığı ümumxalq inkarı dalğasında “Respublika” partiyası 5 faizlik baryeri aşa bilmədi: “Bir vaxtlar hakim olmuş, inzibati resurslara, loyal məhkəmələrə və işlək repressiv maşına sahib olan bu partiya dövlət himayəsindən məhrum olan kimi uduzdu. O vaxtdan 8 il keçib, amma mahiyyətcə heç nə dəyişməyib – sadəcə, Sarkisyanın şəxsi reytinqi o qədər aşağı düşüb ki, onun seçkilərdə iştirakı artıq hər hansı siyasi məna daşımır. Müstəqil siyahı isə açıq və sənədləşdirilmiş yeni bir fiasko demək olardı. Gözlənilən qurultayı bu qərara yalnız partiya-prosedur bəzəyi vuracaq”.
Müəllif yazır ki, Sarkisyanın adı Ermənistanın 2018-ci ilin yazından bəri uzaqlaşama çalışdığı bütün neqativlərlə bağlıdır: “Bura dövlət aparatına hopmuş korrupsiya, kabinetlərə yaxınlığın qaydaları dəyişdirdiyi oliqarxik idarəçilik, 2020-ci ildə faciə ilə nəticələnən ordudakı tənəzzül, kütləvi miqrasiya – insanların səs vermək imkanı olmadıqda “ayaqları ilə necə səs verdiyinin” ən bariz göstəricisi və nəhayət, Ermənistanın Moskvanın tam asılılığında olan dövlətə çevrilməsi daxildir. Elə bir asılılıq ki, Sarkisyan bunu nə gizlədirdi, nə də ondan çəkinirdi, əksinə, strateji yol kimi təqdim edirdi. İnsanlar bütün bunları unutmayıblar. Məhz buna görə RPA başqasının siyahısının kölgəsinə çəkilir”.
Bildirilir ki, blok strategiyası yeganə çıxış yoludur: “Sarkisyan öz adamlarını başqa ad altında parlamentə salmağa çalışacaq, “Respublika” partiyasının toksik brendini koalisiya abreviaturasında “əritməyə” cəhd edəcək. Texniki baxımdan bu mümkündür və 2021-ci il seçkiləri bunu göstərdi. Lakin son 8 ildə həm inqilab, həm müharibə, həm də acı təcrübələr yaşamış Ermənistan seçicisi artıq siyasi kamuflyajlara qarşı dayanıqlı immunitet qazanıb. Sarkisyan hər blokda tanınır – soyadlar, simalar, ritorika, əlaqələr vasitəsilə. Sual yalnız budur: bu tanınma nəticədə neçə mandat “qazana” bilər?”
Qeyd edilib ki, qərarın məhz indi – seçkilərə 2 ay qaldığı bir vaxtda verilməsi də təsadüfi deyil. “Bu, uzaqgörən strategiya deyil, sadəcə, faktın partiya proseduruna bükülmüş etirafıdır. “Respublika” partiyası seçkilərdə müstəqil iştirak etmir, çünki belə iştirak nəticəni yalnız bir cür izah edərdi: üçüncü prezident üçün yekun siyasi nekroloq kimi. Blok isə ən azı “mövcudluq illüziyası” və parlamentdə bir neçə yer qazanmaq şansı verir. Dünənə qədər Ermənistan siyasətinə təkbaşına yön verən bir partiya üçün bu, əlbəttə ki, triumf deyil. Bu, sadəcə səssiz etirafdır: bir epoxa başa çatıb – və bu dəfə geri dönüş hüququ olmadan”, – deyə məqalənin sonunda bildirilib.
Bu fikirlərə yalnız onu əlavə etmək qalır ki, Sarkisyanın siyasi səhnədən çəkilməsi, sadəcə, seçim taktikasının deyil, uzun illər ölkəni uçuruma aparmış idarəçilik modelinin iflasının təsdiqidir. Hakimiyyətinin bütün mərhələlərində o, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutdu və Ermənistanı həm daxildə, həm də regionda dalana dirədi. Bu gün onun partiyasının seçkilərdən qaçması təsadüfi deyil. Cəmiyyət korrupsiyanın, özbaşınalığın və avantürist qərarların müəllifini geri qaytarmaq niyyətində deyil.
Sarkisyanın siyasi fiqur kimi çoxdan dəyərdən düşməsinin ən mühüm səbəblərindən biri də Azərbaycanla münasibətləri illərlə düşmənçilik üzərində qurmasıdır. O, separatizmi alətə çevirərək regionda gərginliyi davamlı şəkildə qidalandırdı və nəticədə Ermənistanı uzunmüddətli zərərli qarşıdurmanın girovuna çevirdi. Məhz onun dövründə atılan yanlış addımlar həm Ermənistanın hərbi məğlubiyyətinə, həm də beynəlxalq nüfuzunun çökməsinə gətirdi.
Bu gün Ermənistan cəmiyyətinin ona göstərdiyi etimadsızlıq əslində, tarixin gecikmiş ədaləti, Azərbaycanın ərazi bütövlüyünü tanımağa yönəlmiş siyasətlərin müəllifinə verilən obyektiv qiymətdir.
Səxavət HƏMİD
XQ

