Birgəyaşayış, tolerantlıq və mehriban qonşuluq prinsipləri Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərin vacib aktorlarından olan ölkəmiz region dövlətləri ilə də münasibətlərində daim qarşılıqlı hörmət, əməkdaşlıq və sabitlik prinsiplərinə üstünlük verir. Bu baxımdan Azərbaycan–Gürcüstan əlaqələri xüsusi nümunə kimi diqqəti cəlb edir. Hər iki ölkə qonşu dövlətlər olaraq bir-biri üçün etibarlı tərəfdaş, səmimi dost və strateji müttəfiq kimi çıxış edir. Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Dövlət başçımızın Gürcüstanda yüksək səviyyədə və böyük ehtiramla qarşılanması isə bu münasibətlərin nə qədər möhkəm və səmimi olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycan–Gürcüstan münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, gələcək inkişaf üçün geniş perspektivlərə malik olduğunu aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi və görülən işlərin nəticələrini əks etdirdi.
Prezident qeyd etdi ki, tarixi baxımdan Gürcüstan və Azərbaycan xalqları əsrlər boyu dostluq və qardaşlıq ənənələri ilə yaşamış, bir-birinin mədəni və sosial inkişafına dəstək olmuşlar. Bu tarixi bağlar iki müstəqil dövlətin münasibətlərinin möhkəm təməlini təşkil edir və bu gün də etimad üzərində davam edir. Dövlət başçısı səfər zamanı bu ənənələrin müasir dövrdə də qorunduğunu vurğuladı.
Siyasi tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qoruyur. Bu qarşılıqlı dəstək və siyasi sabitlik regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır. İqtisadi sahədə əldə edilən nailiyyətlər də diqqətəlayiqdir. Prezident İlham Əliyev qeyd etdi ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan çox olmuş və ilin ilk rübündə artım davam etmişdir. Azərbaycan Gürcüstana indiyədək 3,7 milyard dollar sərmayə qoymuşdur. Sərmayə qoyuluşu üçün əlverişli mühit və Gürcüstanın siyasi sabitliyi yeni layihələrə və üçüncü ölkələrə birgə sərmayə imkanları yaradır. Prezident vurğuladı ki, Gürcüstanın dinamik iqtisadi inkişafı Azərbaycan investorlarını da həvəsləndirir və ikitərəfli iqtisadi əməkdaşlıq davamlı olaraq genişlənir. Regional təhlükəsizlik və sülh təşəbbüslərinə gəldikdə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb və region ölkələri mövcud imkanlardan səmərəli istifadə etməlidir. Azərbaycan–Ermənistan arasında sülh prosesinin gücləndirilməsində ticarət əlaqələrinin rolu önəmlidir və Gürcüstan bu prosesdə vasitəçi və tranzit ölkə kimi çıxış edir. Prezident İlham Əliyev bu kontekstdə Gürcüstanın rolunu xüsusi qeyd etdi. Bununla yanaşı energetika və nəqliyyat sahəsində əməkdaşlıq isə iki ölkə münasibətlərinin əsas tərkib hissəsi olduğu vurğulandı. Belə ki, Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ixracın böyük hissəsi Gürcüstan vasitəsilə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi region üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhliz və digər nəqliyyat layihələri Azərbaycan–Gürcüstan birgə infrastrukturunun əsasını təşkil edir, regional və qlobal əməkdaşlığa töhfə verir.
Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət kəsb etdi. Səfər Azərbaycan–Gürcüstan əməkdaşlığının gələcək perspektivlərini aydın şəkildə göstərdi və ölkəmizin qonşuluq prinsiplərinə sadiqliyini nümunəvi şəkildə nümayiş etdirdi.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

