Qarabağın işğalına gələn yol
Dünən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü idi. Bu günlə bağlı indiyədək çox fikirlər səslənib, müxtəlif səpkili elmi əsərlər və məqalələr qələmə alınıb. Deyilənləri və yazılanları təkrarlamaq niyyətindən uzağıq, hərçənd, tarixə qısa ekskurs etməyi vacib sayırıq. Nəzərə alaq ki, “31 Mart” reallığı tariximizin bir parçası, acı və üzüntü dolu yaşantısıdır.
Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciələrdən olan 1918-ci ilin mart soyqırımı hər il dərin hüzn və ehtiramla yad edilir. Bu, sadəcə anım günü deyil, həm də milli yaddaşın, tarixi ədalətin və həqiqətin qorunmasının simvoludur. Axı həqiqətin gözünün içinə düz baxılmalıdır. Düz baxılmalı və uca səslə bəyan edilməlidir ki, 108 il əvvəlin bu günlərində Azərbaycan torpaqlarında görünməmiş vəhşiliklər törədilib.
108 il əvvəlin bu günlərində Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə minlərlə günahsız azərbaycanlı bolşevik-daşnak qruplaşmalarının amansızlığı ilə üzləşmiş, yaşayış məntəqələrimiz yerlə-yeksan edilmişdi. Tarixi mənbələr və araşdırmalar həmin qorxunc hadisələrin, mülki əhaliyə qarşı genişmiqyaslı zorakılıq əməllərinin məqsədli şəkildə həyata keçirildiyini təsdiqləyir. Ən böyük təsdiq isə Qubadakı kütləvi məzarlıqdır. Orada aşkarlanmış insan qalıqları həmin dövrdə törədilmiş qətliamların miqyasını və dəhşətini göz önünə sərir.
Ümumən, 1918-ci ilin mart-aprel aylarında 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpağından qovulmuşdur. Amma uzun illər yaşananlara lazımi siyasi qiymət verilməmiş, həqiqətlər gizli saxlanılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla “31 Mart”ın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması isə tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur.
Prezident İlham Əliyev Ermənistanın törətdiyi bütün cinayətlərə görə üzr istəməli olduğunu vurğulayıb. Hesab edirik ki, nəinki Ermənistan, eləcə də bütövlükdə erməni varlığının təmsilçiləri “31 Mart” dəhşətinə görə də azərbaycanlılardan üzr istəməlidirlər. Çünki bu varlığın 108 il əvvəl törətdiyi faciə bəşəri cinayətdir və ona dünya birliyi də layiqli qiymətini verməlidir.
Tam əminliklə deyə bilərik ki, “31 Mart” 1918-ci ilə qədərki və ondan sonrakı dövrdə Cənubi Qafqaz coğrafiyasından türk-müsəlman izinin silinməsinə yönəlmiş planın tərkib hissəsi idi. Söhbət məkrli erməni planından gedir. O plan ki, əsası 1830-cu ildə hayların regiona köçürülmələri ilə qoyuldu. O plan ki, ermənilərin hesabına Cənubi Qafqazda xristian çoxluq formalaşdırmağa yönəlmişdi. Nəhayət, o plan ki, imperialist güclərin erməni amilinə söykənərək bütövlükdə türk dünyasını parçalamaq məramından qaynaqlanmışdı.
Bəli, 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında Ermənistan adlı qurama dövlətin yaradılması da sözügedən planın tərkib hissəsi idi. Bu dövlət mahiyyət etibarilə, torpaqlarımızın işğalından başqa bir şey deyildi. Ondan əvvəl yaşanmış “31 Mart” isə işğalı daha böyük arealda gerçəkləşdirmək məqsədi daşımış, Azərbaycan xalqının dövlət millətinə çevrilməsinin qarşısını almağa hesablanmışdı. Kütləvi qırğınlar məhz bunu hədəfləmişdi.
“31 Mart” ermənilərin azərbaycanlıların, ümumən, türk-müsəlman əhalisinin başına gətirdikləri olmazın faciələrin həm davamı, həm də pik nöqtəsi, daha azğınlaşmış forması idi. Ancaq bu, son olmadı. 1918-ci ildə Bakıda və digər bölgələrimizdə qırğınlar törədənlər 1920-ci ildə Azərbaycanı işğal etdilər, ölkəmizin XX əsrdə əldə etdiyi dövlət müstəqilliyinə son qoydular və...
1920-ci ildən sonra yaşananlar “31 Mart”ın dolayı yollarla davamı sayıla bilər. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiya faktları bu baxımdan xüsusi vurğulanmalıdır. Üstəlik, həmin dövrdə, belə demək mümkünsə, işğal içində işğal yaşadıq. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək kursu seçdilər. Ermənilərə verilmiş hər torpaq hədiyyəsi faciəmiz oldu. Hədiyyələr isə ulu öndər Heydər Əliyevin respublikamızda idarəçiliyə gəlməsinədək davam etdi.
Heydər Əliyev şəxsiyyəti ermənilərin Azərbaycan torpaqlarına olan iddialarının qarşısını aldı. Nəinki qarşısını aldı, eyni zamanda, hay varlığının göz dikdiyi ərazilərimizə milli ahəng və ruh qazandırdı. Ulu öndər Azərbaycanın içinə yerləşdirilmiş saat mexanizmli bomba olan Dağlıq Qarabağ Muxtar Vilayətinin respublikamıza bağlılığını artıran çoxsaylı tədbirlər reallaşdırdı. Reallaşdırdı ki, erməni millətçilərinin, loru dildə desək, ağızları yumulsun. Amma...
“Əmması” Heydər Əliyevin 1987-ci ildə SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra yaşandı. Uzun illər məkrli planlarının qarşısına sədd çəkilmiş hayların Azərbaycan torpaqlarına iddiaları yenidən baş qaldırdı. Sonra baş verənlər isə hamımıza yaxşı məlumdur. Belə ki, Ermənistanın Qarabağ avantürası torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan çox vətəndaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsi reallığını doğurdu. Acı reallığın Xocalı vəhşəti də yaşandı ki, bu, 1918-ci ilin mart soyqırımının təkrarlanması idi. Ümumən, 1989-1993-cü illərdə yaşanan məşəqqətlər, eyni zamanda, soyqırımı yaddaşımızın acı ibrət səhnələri oldu.
Xalqı uçurumdan yenə ulu öndər Heydər Əliyev xilas etdi. Dahi şəxsiyyətin yeritdiyi kurs həm dövlətimizi gücləndirdi, həm vətəndaşımızda əminlik hissi yaratdı, həm də faciə tariximizi dindirməklə ədalətsizliklərə son qoymaq əzmimizi formalaşdırdı. Məhz bu əzm insanlarımızda qələbəyə inam yaratdı. O qələbəni ki, onu Zəfər salnaməsi kimi tariximizə əbədi həkk edən Prezident İlham Əliyev oldu. O qələbə ki, yaşadığımız faciələrin qisası idi. Biz qisasımızı döyüş meydanında aldıq, bunu dinc, silahsız ermənilərə zülm və zillət yaşatmadan etdik. Qisasımız ilahi ədalətin təntənəsinə çevrildi. Yaşadığımız dəhşət alovlarının üstünə su səpən Zəfərimiz “31 Mart”ın da qisası oldu.
Bəli, 44 günlük müharibədəki Zəfərimiz nəticəsində torpaqlarımızı düşmən tapdağından qurtarmaqla, həmçinin 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzə qovuşmaqla, “31 Mart” və onun kimi neçə-neçə faciələrimizin bizləri düçar etdiyi işğal yaşantısına “dur” dedik, heç nəyə baxmayaraq dimdik ayaqda olduğumuzu göstərdik. Ayaqda əbədi qalmaq üçün isə keçmişi unutmamalı, onun ibrət dərslərini xatırlamalıyıq.
Ə.CAHANGİROĞLU
XQ

