Parlamentlərarası əlaqələrin coğrafiyası genişlənir

post-img

Milli Məclisin budəfəki plenar iclası həm də mühüm dəyişikliklər və müxtəlif rəylərlə yadda qaldı

Spiker Sahibə Qafarova çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı aktından danışaraq bildirdi ki, bu, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Ardınca deputatlar Xocalıda, digər yaşayış məntəqələrində erməni vəhşiliyinin qurbanlarını 1 dəqiqəlik sükutla yad etdilər.

Daha sonra deputatlar cari məsələlər ətrafında çıxışlar etdilər. Razi Nurullayev işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən danışdı. Deputat dövlət tərəfindən bu ərazilərdə görülən işləri yüksək qiymətləndirsə də, müəyyən problemlərin yarandığını da dedi. Onun sözlərinə görə, köçən insanların bir qismi az sonra geri qayıdır, bu da arzuolunan deyil: “Bu gün köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə necədir? İnsanların bir hissəsi bir müddət sonra Bakıya qayıdır. Məncə, dövlətin əsas rolu şərait yaratmaq olmalıdır. Köçkün öz evini özü tikəndə, o, torpağa daha çox bağlanır. Bu baxımdan, keçmiş məcburi köçkünlərin evlərini özlərinin istədiyi kimi tikməyini daha məqsədəuyğun hesab edirəm”.

Milli Məclisin deputatı Vüqar Bayramov “Böyük Qayıdış”dan danışdı. O bildirdi ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı ildə bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur: “Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin edilib. Bu vəsaitə infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin inşası, eyni zamanda, sosial və kommunal infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir”. Spiker S.Qafarova V.Bayramovun fikirlərinə qatılaraq Qarabağda görülən işlərin və qayıdış prosesinin uğurlu olduğunu vurğulayaraq, indiyədək işğaldan azad olunmuş ərazilərə heç kimin məcburi köçürülmədiyini bildirdi.

***

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması məsələsinə baxıldı. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarainin təqdim etdiyi qərar layihəsinə əsasən, Keniya, Qambiya, Laos və Maldiv parlamentləri ilə parlamentlərarası işçi qruplarının yaradılması təsdiqləndi. Deputat Ramid Namazov Azərbaycan–Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Eyvaz Qurbanov Azərbaycan–Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Gülşən Paşayeva Azərbaycan–Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azər Allahverənov isə Azərbaycan–Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edildi. Eləcə də deputat Vasif Qafarov Azərbaycan–Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edildi. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təqdim edilən “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər üçüncü oxunuşdan keçdi. Beləliklə, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürətin 130 km/saat müəyyən edilməsi barədə qərar təsdiqləndi. Digər tərəfdən, Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları barədə “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliklər də eynilə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Daha sonra, icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsinin 1 il uzadılması qəbul edildi. “Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliyə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Bu maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deputatlar arasında fərqli hüquqi yanaşmalar ortaya çıxdı. Qanun layihəsini ikinci oxunuşda təqdim edən komitə sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklərin əsasında Milli Məclis tərəfindən ratifikasiya edilən “Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiqi dayanır. Deputat Erkin Qədirli birinci oxunuşda olduğu kimi, bu dəfə də layihənin əleyhinə olduğunu bildirərək qeyd etdi ki, cinayətlərin təsnifatı və cəza hədlərinin müəyyən edilməsi dövlətin suveren hüququdur. O, beynəlxalq konvensiyalardakı müddəaların Azərbaycanın daxili cinayət qanunvericiliyi üçün məcburi öhdəlik yaratmadığını, beynəlxalq müqavilələrin müxtəlif hüquq sistemləri arasında sadəcə kompromis olduğunu vurğuladı.

Komitə sədri Əli Hüseynli kibercinayətkarlığın artması fonunda cəzaların sərtləşdirilməsinin zəruri olduğunu bildirdi. O, yeni anlayışların birbaşa beynəlxalq konvensiyalardan götürüldüyünü və uzunmüddətli işçi qrupunun fəaliyyəti nəticəsində hazırlandığını qeyd etdi. Yekunda qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Mülki və Əmək məcəllələrində, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təqdim etdiyi “Yerin təki haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edildi. Yeni qaydalara əsasən, su anbarlarındakı çöküntülər və tikinti zamanı çıxarılan süxurlar yerin təkindən istifadə növlərinə daxil edilir, tullantılardan istifadə və yataqların sağlamlaşdırılması qaydaları isə müvafiq icra orqanı tərəfindən tənzimlənir. Layihədə yerin təkinin istifadəyə verilməsi mexanizmləri dəqiqləşdirilir; istifadə hüququ hərrac və ya şəffaflığı təmin edən birbaşa danışıqlar yolu ilə veriləcək. Sənəddəki mühüm yeniliklərdən biri “Yerin təki sahələrinin rekultivasiyası” maddəsidir. Bu maddəyə görə, istifadəçilər torpağın münbitliyini bərpa etmək üçün istifadə hüququ aldıqdan sonra 3 ay ərzində ekoloji ekspertiza rəyi ilə birlikdə rekultivasiya planı təqdim etməlidirlər.

“Avtomobil nəqliyyatı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, ölkədaxili sifarişli sərnişin (taksi istisna olmaqla) və yük daşımaları üçün icazələrin (buraxılış vəsiqəsinin) alınması şərtləri sərtləşdirilir. Yeni qaydalara görə, sürücülərdən narkoloji müayinə, reysqabağı tibbi yoxlanış və avtomobillərin texniki vəziyyətinə dair müqavilələr tələb olunacaq. Həmçinin sürücülərin xüsusi hazırlıq keçməsi, sərnişinlərin fərdi qəza sığortası və sürücünün peşə sığortasının olması məcburi hala gətirilir.

Dəyişikliyin zərurəti bu sahədə qəzaların çoxluğu və nəqliyyat vasitələrinin orta yaşının yüksək (17,6 il) olması ilə əsaslandırılır. Yeni qaydalar qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtomobillərin xarici və daxili tərtibatına dair tələbləri də taksi və müntəzəm marşrutlar səviyyəsinə qaldıraraq təhlükəsizlik və şəffaflığı artırmağı hədəfləyir. Layihə birinci oxunuşda qəbul edildi.

Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Siyasət