Ermənistanın geosiyasi seçim anı və postmüharibə dövrünə keçid
Ermənistanda növbəti parlament seçkilərinə təxminən 100 gün qalır. Bu seçki həm siyasi sistemin gələcək konfiqurasiyasını, həm də ölkənin geosiyasi istiqamətini müəyyənləşdirəcək taleyüklü mərhələ kimi dəyərləndirilir. Cəmiyyətdə getdikcə daha çox işlədilən “qurtuluş seçkisi” ifadəsi hakim komandanın dövlət kursunun fundamental istiqamətidir.
Postmüharibə mərhələsi Ermənistan üçün dövlətin psixoloji arxitekturasının sarsılması ilə müşayiət olunan dərin sistem böhranı idi. 2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağ məsələsinin faktiki bağlanması Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi mifologiyanı dağıtdı. “Tarixi ədalətin bərpası” üzərində qurulmuş ideoloji konstruksiya birdən-birə geosiyasi reallıqla əvəz olundu və bu keçid travmatik xarakter aldı. Dövlət ideologiyası ilə real güc balansı arasındakı uyğunsuzluq açıq şəkildə üzə çıxdı.
Nikol Paşinyan 2021-ci ildə keçirilən erkən parlament seçkilərində yenidən mandat alaraq formal legitimliyini bərpa etdi. Lakin həmin legitimlik artıq böhran sonrası sabitlik axtarışının məhsulu idi. Onun hakimiyyəti “xalq inqilabının lideri” obrazından tədricən “zərərin minimuma endirilməsi” funksiyasını icra edən praqmatik idarəçiliyə transformasiya olundu. 2018-ci ildə emosional yüksəliş üzərində qurulan ictimai dəstək 2021-dən sonra rasional qorxu və alternativsizlik amili ilə əvəzləndi. Məhz burada legitimlik böhranının ikinci mərhələsi başladı. Çünki müharibədən sonrakı siyasi mandat məğlubiyyətin idarə olunması üzərində qurulmuşdu. Paşinyan hakimiyyətinin əsas arqumenti ondan ibarət oldu ki, Ermənistan əvvəlki maksimalist strategiya ilə davam edə bilməz və dövlətçiliyin qorunması üçün reallıqlar qəbul edilməlidir. Lakin cəmiyyətin mühüm hissəsi bunu kapitulyasiya kimi qavradı. Bununla da Ermənistan daxilində dərin ideoloji parçalanma formalaşdı. Bir tərəf emosional yaddaşı ön plana çəkərək revanşist ritorikanı siyasi alternativ kimi təqdim edir, digər tərəf isə məğlubiyyətdən sonra dövlət institutlarının saxlanılması və yeni təhlükəsizlik modelinin qurulmasını əsas prioritet sayır.
***
Seçkiqabağı prosesdə məhz bu psixoloji və ideoloji ziddiyyət əsas xətti müəyyənləşdirəcək. Ermənistan cəmiyyəti revanşist emosiyanın yaratdığı kollektiv təsəlli ilə, yaxud soyuq siyasi realizmin diktə etdiyi adaptasiya strategiyası arasında seçim etməli olacaq. Ermənistanın postmüharibə travması artıq siyasi gündəmin əsas hərəkətverici qüvvəsinə çevrilib. “Qurtuluş” anlayışı Ermənistanın hazırkı siyasi diskursunda baxışların toqquşduğu konseptual çərçivəyə çevrilib. Müxalifət bu termini dövlətin təhlükəsizlik və strateji orientasiyasının “bərpası” kimi təqdim edir. Onların arqumentinə görə, Paşinyan dövründə Ermənistan ənənəvi təhlükəsizlik dayaqlarını zəiflədib, Moskva ilə münasibətlərdə yaranan gərginlik isə ölkəni regional güc balansında daha həssas vəziyyətə salıb.
Müxalif düşərgənin ritorikasında “qurtuluş” anlayışı təhlükəsizlik sabitliyinin əvvəlki modelinə qayıdış deməkdir. Onlar hesab edirlər ki, Ermənistanın hərbi-siyasi arxitekturası onilliklər boyu Rusiya ilə strateji ittifaq üzərində qurulmuşdu və bu sistemin zəifləməsi dövlətin müdafiə imkanlarını deqradasiyaya uğradıb. Paşinyan komandası isə eyni anlayışı tam fərqli semantik məzmunda təqdim edir. Onların arqumentinə görə, əvvəlki təhlükəsizlik modeli məhz praktik sınaqdan keçərək iflasa uğradı. Müharibə dövründə və sonrakı mərhələdə Moskvanın Ermənistanın gözləntilərinə cavab verməməsi hakimiyyət tərəfindən sistemli şəkildə qabardılır. Paşinyan üçün əsas məsələ təhlükəsizlik anlayışını çoxvektorlu diplomatik və institusional inteqrasiya modeli üzərindən yenidən qurmaqdır. Paşinyan komandası hesab edir ki, müasir geosiyasi reallıqlar Ermənistanı yalnız bir güc mərkəzinə bağlı saxlamamalıdır; balanslı diplomatiya və institusional dayanıqlıq Ermənistanın uzunmüddətli təhlükəsizliyini təmin edə biləcək daha effektiv strategiyadır.
***
Ermənistanda qarşıdan gələn parlament seçkiləri Moskva üçün formal olaraq daxili siyasi proses kimi görünsə də, mahiyyət etibarilə Cənubi Qafqazdakı geosiyasi mövqelərin gələcəyi ilə bağlı strateji referendum xarakteri daşıyır. Rusiya açıq şəkildə hər hansı siyasi qüvvəni dəstəklədiyini bəyan etmir və rəsmi ritorikada neytral ton saxlayır. Lakin Ermənistan uzun illər ərzində Rusiyanın regiondakı əsas hərbi-siyasi dayaqlarından biri olduğu üçün bu seçkilərin nəticəsi Kremlin regional təsir arxitekturasına birbaşa təsir göstərəcək.
Son illər İrəvanın atdığı addımlar Moskva üçün narahatlıq doğuran yeni tendensiya formalaşdırıb. Ermənistanın KTMT-ni açıq tənqid etməsi, təşkilatın effektivliyini sual altına alması və faktiki olaraq onun mexanizmlərindən uzaqlaşması ənənəvi müttəfiqlik modelində çatlar yaradıb. 2020-ci il müharibəsi zamanı KTMT üzvləri, xüsusilə Rusiya Ermənistanın təhlükəsizlik gözləntilərinə adekvat reaksiya vermədi. Qarabağ münaqişəsi dövründə Ermənistanın mövqelərinin və sərhəd bölgələrinin qorunmasında alyansın hərbi mexanizmləri praktik olaraq işə düşmədi və Moskvanın təmin etdiyi dəstək gözlənilən nəticəni vermədi. Bunlar isə Ermənistan üçün strateji şok effekti yaratdı: uzun illər əsas təhlükəsizlik dayağı hesab edilən alyansın real müdafiə qabiliyyətinin məhdud olduğunu açıq şəkildə göstərdi.
Digər tərəfdən, paralel olaraq Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi siyasi məna daşıyan qərar idi. Missiyanın gəlişi İrəvanın Qərb institutları ilə daha sıx əməkdaşlıq qurmaq niyyətinin açıq şəkildə nümayişi idi və ölkənin təhlükəsizlik və siyasi proseslərində Qərbin iştirakının praktik olaraq mümkün olduğunu göstərdi. ABŞ və Fransa ilə təhlükəsizlik dialoqunun intensivləşməsi isə İrəvanın alternativ təminat axtarışında olduğunu nümayiş etdirdi. Dialoqlar həm hərbi, həm siyasi səviyyədə, həmçinin institutlararası əməkdaşlıq çərçivəsində həyata keçirilir və Ermənistanın regional təhlükəsizlik strategiyasını diversifikasiya etmək niyyətini göstərir.
Belə şəraitdə seçki nəticəsi Moskvanın Cənubi Qafqaz strategiyasında dönüş nöqtəsi ola bilər. Əgər hakim kurs davam edərsə, Rusiya–Ermənistan münasibətləri formal müttəfiqlik çərçivəsində qalsa da, real siyasi etimad səviyyəsi azalacaq, Moskvanın təsir rıçaqları tədricən zəifləyəcək. Əks halda, Rusiyayönlü qüvvələrin güclənməsi Kremlin regiondakı mövqelərini qismən konsolidasiya edə bilər. Lakin burada da əvvəlki status-kvonun tam bərpası çətin görünür, çünki Ermənistan cəmiyyətində artıq alternativ xarici siyasət ideyası legitim diskurs səviyyəsinə yüksəlib.
Reallıq göstərir ki, Kremlin həm maliyyə, həm hərbi, həm də diplomatik manevr imkanları ciddi şəkildə daralıb və birbaşa müdaxilə kimi böyük riskli addımlar atmaq qabiliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşıb. Kreml üçün prioritet təsirin daha incə və dolayı formalarının qorunmasıdır. Bu isə daxili siyasi alternativlərin informasiya, media və elita səviyyəsində gücləndirilməsi, ictimai rəyin müəyyən istiqamətdə formalaşdırılması kimi alətlər vasitəsilə həyata keçirilə bilər.
***
Ermənistanın son illər xarici siyasət trayektoriyasında müşahidə olunan mühüm dəyişikliklərdən biri Qərblə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsidir. Brüssel və Vaşinqton İrəvanı postsovet məkanında demokratik transformasiya modeli kimi təqdim etməyə çalışır, institusional islahatlara siyasi və maliyyə dəstəyini artırır. Avropa İttifaqının çoxillik maliyyə paketləri, idarəetmə və hüquq sistemi sahəsində proqramları, ABŞ-la intensivləşən strateji dialoq, eləcə də Fransa ilə müdafiə sahəsində əməkdaşlıq Qərbin Ermənistanla əlaqələri dərinləşdirmək niyyətini açıq göstərir.
Lakin bu prosesin əsas zəif nöqtəsi təhlükəsizlik məsələsində yaranan boşluqdur. Ermənistan uzun illər təhlükəsizlik arxitekturasını Rusiya ilə hərbi-siyasi ittifaq üzərində qurmuşdu. Modelin effektivliyi müharibə ilə ciddi şəkildə sual altına düşdü. Qərb isə alternativ model təklif etsə də, onun mahiyyəti daha çox iqtisadi inteqrasiya, demokratik institutların möhkəmləndirilməsi və idarəetmənin modernizasiyası ilə bağlıdır. Yəni söhbət normativ və struktur dəstəkdən gedir, birbaşa kollektiv müdafiə zəmanətindən yox.
Həmin məqam seçki kontekstində həlledici faktora çevrilir. Çünki Ermənistan cəmiyyətində təhlükəsizlik anlayışı hələ də ekzistensial xarakter daşıyır. Sərhəd riskləri və regional qeyri-müəyyənlik fonunda seçici üçün demokratiya və suveren qərarvermə qədər fiziki təhlükəsizlik də prioritetdir. Qərbin təqdim etdiyi model uzunmüddətli institusional dayanıqlıq və iqtisadi inkişaf vəd etsə də, qısamüddətli hərbi təminat mexanizmi təklif etmir.
(ardı var)
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


