Daşnak–kilsə didişməsini haylar üçün məhz sonun başlanğıcı – məhşər əlaməti kimi dəyərləndirmək olar. İndi bu sualı necə verməyək: bunların hansı daha çox ikiüzlüdür? “Daşnaksütyun”, yoxsa kilsə? Cavabın kim tərəfindən verilməsi sualın özündən daha böyük maraq kəsb edir.
“Bilməyənlər üçün deyim ki, Kilikiya Katolikosluğu birbaşa “Daşnaksütyun”un nəzarəti və təsiri altındadır. Antilias və Eçmiədzin onilliklərdir ki, diasporun təsirlərini genişləndirmək uğrunda müharibə aparırlar. Bu mübarizə söz savaşı, müxtəlif ölkələrin hökumətlərinə bir-birindən şikayətlər, kilsə binalarının və ərazilərinin əldən-ələ keçməsi, dindarların şirnikləndirilməsi ilə müşayiət olunur. 1990-cı ildən bu yana iki mərkəzi birləşdirərək vahid kilsə yaratmaq cəhdləri edilirdi. Amma daşnaklar bunun qarşısını almaq üçün əllərindən gələni etdilər. İndi də kilsəni millətin satqınlarından xilas etmək üçün Ktriç Nersisyana gəliblər”.
Həqiqətən də, bu, ikiüzlülüyün müstəsna nümunəsidir. Bu nümunəni isə oxucuların diqqətinə Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan çatdırıb. Aparat rəsmisi demək istəyib ki, daşnakları və kilsəni milli məsələlələr deyil, əmlak, var-dövlət, pul maraqlandırırmış. Ağıllı sözə nə deyəsən? Bəli, artıq dövran dəyişib, Ermənistanda formalaşmaqda olan yeni nəsil əvvəlkilər kimi radikal millətçi ideyalara o qədər də meyilli deyil. Əksinə, onlar Avropa dəyərlərinə və dünya ilə inteqrasiyaya üstünlük verirlər. Xüsusilə gənclər arasında kilsənin çağırışlarına laqeyd yanaşanların sayı artır. Əhalinin böyük bir hissəsi müharibənin Ermənistana vurduğu ziyanı anlayır və yeni hərbi avantüraların fəlakətli nəticələr doğuracağını bilir. Bu isə o deməkdir ki, kilsənin və “Daşnaksütyun”un birlikdə həyata keçirmək istədiyi revanşist planlar geniş ictimai dəstək tapa bilməz.
Bu gün Ermənistanda Eçmiəzdin kilsəsinin nüfuzu əvvəlki səviyyəsində qalmayıb. Əsas səbəb Paşinyanın Hayastanda dünyəvi idarəçilik forması qurmağa çalışması və kilsənin hegemonluğunu zəiflətmək cəhdləridir. Paşinyan komandası kilsənin siyasi proseslərə müdaxiləsinin qarşısını xeyli aldı və bu, kilsə ilə hökumət arasında qarşıdurma yaratdı. Amma kilsənin nüfuzuna ən böyük zərbəni 44 günlük müharibə vurdu. Müharibələrdən, siyasi qeyri-sabitlikdən, iqtisadi çətinliklərdən bezmiş xalq üçün revanşist çağırışlar, sadəcə, ürək bulandıran ritorikadan ibarətdir. Məhz buna görə Eçmiəzdin və daşnakların cəhdləri, əslində, Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etməyən məğlubiyyət ritorikasının davamıdır.
Məlumdur ki, qriqorian kilsəsinin erməni cəmiyyəti üzərində hakimiyyətini XIX əsrdə “Hnçaq”, “Daşnaksütyun” kimi millətçi təşkilatlar “qurublar”. Amma kilsənin bu gün də cəmiyyət və dövlət üzərində təsirini saxlamaq cəhdləri səmərə vermir. Çünki kilsə və onu dəstəkləyən daşnaklar iqtidardakı liberal cinahla toqquşmada uduzmağa məhkumdur. Ən azı ona görə ki, erməni millətçiliyi və kilsənin yönəltdiyi siyasi hakimiyyət ölkəyə heç nə qazandıra bilməyib. Doğrudur, kilsə və daşnaklar Paşinyana qarşı nəzəri cəhətdən vahid cəbhədə birləşə bilərlər. Təbii ki, onların Paşinyana qarşı əsas “silahı” Azərbaycanla müharibə və Qarabağ mövzusudur.
Bəli, müharibə mövzusu həmişə kilsənin əlində silah olub. Aydın məsələdir ki, müharibədə məğlub olmuş cəmiyyətin içərisində revanşist düşüncəli təbəqə ola bilər. İntəhası, indiki durumda nə revanşistlərin, nə də daşnak–kilsə ittifaqının xəyallarının gerçəkləşəcəyini demək olar. Kilsə və millətçilər isə müharibələrdə və bulanıq dövrlərdə “uğur” qazanmağa ümid edirlər. Yalnız Azərbaycanla münasibətlərdə yaranacaq gərginlik kilsəyə və daşnaklara yeni nəfəs verə bilər ki, bu da cəmiyyətlərin bir-birinə yaxınlaşması prosesinin başlandığı indiki məqamda mümkünsüzdür.
Nə yazıq ki, erməni cəmiyyət iki əsrdir ki, daşnakların və kilsənin uydurduğu miflərə inanıb. Amma məqamı yetişəndə, həmin miflər gerçəkliklə üzləşəndə çilik-çilik oldular. Kilsə-daşnak “cütlüyü” üçün sonun başlanğıcının – apokalipsisin bütün əlamətləri göz qabağındadır. 44 günlük müharibənin, 23 saatlıq antiterror əməliyyatının dərsləri yalnız hökumətə deyil, eyni zamanda, erməni kilsəsinə və onun təbliğ etdiyi ideoloji narrativlərə inamı sarsıtdı. Artıq erməni cəmiyyətinin böyük bir hissəsi o ritorikaya etibar etmir.
İ.HƏSƏNQALA
XQ


