Prezident İlham Əliyevin Münxen mesajları
Tam əminliklə deyə bilərik ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan–Ermənistan normallaşmasının qlobal fayda amilinə də geniş aydınlıq gətirmiş platforma kimi yadda qaldı. Faydaya gəlincə, onun davamlılığı şərtdir və bunun üçün müstəsna təminata ehtiyac var. Ən böyük təminat isə yekun sülhün əldə olunması, daha doğrusu, artıq paraflanmış barış sazişinin imzalanmasıdır.
Bəli, Münxendə Bakı–İrəvan münasibətləri xüsusunda yekun sülh müqaviləsinin imzalanmasının vacibliyi önə çəkildi. Prezident İlham Əliyev bununla bağlı ölkəmizin prinsipial mövqeyini bir daha açıqladı. Söhbət Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtdən gedir. O şərt ki, sülhün fundamentallığını vurğulayır, dayanıqlılığını rəhbər tutur.
Məlum olduğu kimi, Bakının İrəvanla yekun sülh müqaviləsinin imzalanması üçün yeganə şərti Ermənistan konstitusiyasına dəyişiklikdir. Daha doğrusu, əsas qanundakı ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadın aradan qalxması. Bunun yolu isə referendumdan keçir. “Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq”, - deyən Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının “Üzbəüz” verilişində onu da vurğuladı ki, ölkəmiz üçün sülh artıq əldə olunub: “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”.
Göründüyü kimi, Azərbaycan Ermənistanda referendumunun keçirilməsinə formal yanaşır. Həm də ona görə formal yanaşır ki, fundamental sülhün faydaları Ermənistanın çapından qat-qat artıqdır. Bu reallığın qarşısında ölkənin müqavimət potensialı sıfıra bərabərdir. Ancaq sözümüz heç bunda da deyil. Çünki hazırkı erməni iqtidarının sülh yolundakı pozitiv cəhdlərini görürük. Onun konstitusiya dəyişikliyi kimi formal mahiyyətli prosesə can atması diqqətimizdən yayınmır. Amma... “Əmma” odur ki, referendum asan başa gələn proses deyil. Yəni baş nazir Nikol Paşinyan administrasiyasının, əslində, formal olan məsələnin həlli baxımından çətinliklərlə üzləşəcəyini söyləyə bilərik. Çünki Ermənistanda revanşist və şovinist kəsim, eləcə də bu kəsimin başıpozuq tərəfdarları var. O tərəfdarlar ki, belələrinin xaricdən kukla kimi idarə olunduqları gün kimi aydındır və bu siyasi kuklalar antisülh ritorikasını təbliğ edirlər. Hərçənd daha bir “əmma” da var və ona qayıdacağıq.
Hələlik onu deyək ki, dünyada da Ermənistandakı reallıqlardan, yəni başıpozuqların mövcudluğundan xəbərdardırlar. Əlbəttə, beynəlxalq aləmdə həmin başıpozuqların öz adları ilə çağırıldıqlarını deyə bilmərik. Görünür, ona görə də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrin moderatoru tərəfindən Prezident İlham Əliyevə belə bir sual ünvanlanır: “Ötən ilin avqust ayında Siz Ermənistanın Baş naziri və ABŞ Prezidenti ilə Birgə Bəyannaməyə imza atdınız. Orada “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” qeyd olunur. Bu, “TRIPP layihəsi” adlanır. Beləliklə, istərdim Sizdən soruşum, bu layihə geniş Trans–Xəzər əməkdaşlıq çərçivəsinə necə uyğundur? Bu məqamda, həmçinin Ermənistanla sülh prosesinin mərhələsi ilə bağlı sual verməyə bilmərəm. Bağlantı layihəsi etimadın qurulması tədbiri kimi hansı rol oynayır? Daha sadə desək, bu il Siz sülh sazişini imzalayacaqsınızmı?”.
Sual təxminən bunu söyləməyə hesablanıb: TRIPP reallaşır, onun qlobal faydaları var və bu faydalar fonunda yekun sülh müqaviləsini imzalamaq mümkündür. Deyimdə yekun barış sazişinin prinsipial məqamın, yəni Azərbaycanın haqqında söz açdığımız şərtinin kənara qoyularaq ərsəyə gəlməsinin mümkünlüyünə dair eyham da var. Məsələnin belə qoyuluşu çox maraqlıdır. Ona görə maraqlıdır ki, dünyadakı, o cümlədən Avropadakı müəyyən dairələrin erməni avantürizminin saxlanılması üçün, bir növ, əl yeri qoyduqlarını bilirik.
Prezident İlham Əliyevin suala cavabındakı ilk məqam budur: “Ümid edirəm ki, biz bu il sülh müqaviləsini imzalayacağıq. Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza minnətdarıq ki, onlar Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin edirlər. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq”.
Dövlətimizin başçısının bu iqtibasdakı fikirləri Azərbaycanın regional sülh paradiqmasına önəmin göstəricisidir. Başqa sözlə desək, İlham Əliyev ölkəmizin barış gündəliyini irəliyə aparmaq üçün ortaya qoyduğu əməli fəaliyyəti vurğulayır. O fəaliyyət ki, Ermənistana fayda gətirir. Yəni Ermənistan artıq sülhdən xeyir götürməyə başlayıb. Azərbaycan xoş niyyətini ortaya həm də Ermənistanın bütün bunları düşünməsi üçün qoyub. Eyni məqamı Avropada və dünyada da nəzərə almalıdırlar. Nəzərə almalı və ölkəmizi tutduğu yoldan döndərməyə cəhd göstərməməlidirlər. Yəni dünyada hər kəs bilməlidir ki, Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklə bağlı irəli sürdüyü ön şərt ədalətlidir və barışın institutsionallığı nöqteyi-nəzərdən son dərəcə vacibdir. Ona görə də dövlətimizin başçısı suala cavab verərkən vurğulayıb: “Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq. Bununla belə, yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev paneldəki çıxışında, daha doğrusu, yuxarıdakı suala cavabında Ermənistanda konstitusiya dəyişikliyindən sonrakı durumu da proqnozlaşdıran fikirlər sələndirib. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” üçün tamamilə yeni vəziyyətin yaranacağını vurğulayan dövlətimizin başçısı bu baxımdan Çindən başlayan daşımaların Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcəyini dedi. Ən başlıcası: “Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə növbəti töhfə olacaq. Çünki sülh həqiqi sülh prosesi getdikdə əldə oluna bilər. Sənədin imzalanması vacibdir. O, bünövrədir. Lakin sonra gördüyünüz işlərin də əhəmiyyəti heç də az deyil”.
Avropada və dünyada erməni təəssübü çəkənlərin, məqsədləri, həqiqətən, Ermənistana fayda verməkdirsə, qəti şəkildə bunu da anlamalıdırlar ki, Prezident İlham Əliyevin təbirincə desək, bağlantı layihələri və dəhlizləri Bakı və İrəvanı daha sıx birləşdirəcək, bir-birindən müsbət mənada asılı edəcək. Məhz bunun nəticəsində Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranacaq və Azərbaycan, Gürcüstan və Ermənistan üçtərəfli qaydada fəaliyyətə başlayacaqlar. Bu fəaliyyətin dünyaya fayda amilini vurğuladıq. Deməli, qalır sülh gündəminin ardıcıllığını qorumaq və ona riayət etmək.
Əvvəldə bildirdik ki, Ermənistanda Azərbaycanla barışa tərəfdar olmayan qüvvələr mövcuddur. Onu da deyək ki, rəsmi İrəvanın özü də sülhə doğru heç də rəvan addımlamadı. 44 günlük müharibədən ötən müddətdə Paşinyan administrasiyasının reallığa meydan oxumaq cəhdlərini, mövcud istiqamətdə çoxsaylı manipulyativ gedişləri gördük. Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki sözügedən paneldə özünü Münxen gənc liderlər qrupunun üzvü kimi təqdim edən Stepan Safaryanın Prezident İlham Əliyevə sualını da məhz bu aspektdən qiymətləndirmək üçün əsaslar var. Birincisi, S.Safaryan heç də gənc deyil, 1973-cü il təvəllüdlüdür. Yəni baş nazirindən 2 yaş böyükdür. İkincisi, 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan iqtidarın kursuna uyğun davranır. Deməli, bu “gəncin” məqsədli şəkildə Münxenə göndərildiyini söyləməyə əsaslar var. Məqsəd isə bəllidir: rəsmi İrəvanın “Sülhün kəsişməsi” adlı avantürasını qabartmaq, eyni zamanda, Ermənistan Konstitusiya Məhkəməsinin qərarının təbliğatını aparmaq.
Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında ölkənin İstiqlaliyyət Bəyannaməsinin əsas qanunda yer almayan müddəalarının etibarsızlığına dair qərar çıxarmışdı. Paşinyan administrasiyası uzun müddət bu qərarı qonşulara qarşı ərazi iddiasının aradan qalxması prizmasında izah etməyə çalışmış, referenduma ehtiyacın olmadığını əsaslandırmışdı. Lakin rəsmi İrəvan artıq bu ritorikanı gündəmə gətirmir. Onun gündəmə gətirdiyi Ermənistan üçün yeni konstitusiyanın vacibliyidir. Prezident İlham Əliyevin də fikirlərindən görünən budur ki, Azərbaycan dövləti yeni konstitusiya üçün keçiriləcək referendumda, həm də özünün sülh şərtinin yerinə yetiriləcəyinə ümidlidir. Ancaq Safaryanın dövlətimizin başçısına ünvanladığı sual, istər-istəməz, fərqli ab-hava yaradır. Bir halda ki, özünü gənc kimi göstərən, ancaq gənc olmayan Safaryan Paşinyana yaxın çevrənin fiqurudur, deməli, onun qaldırdığı məsələlər, istər-istəməz, düşünməyə vadar edir.
Əlbəttə, Safaryanın Münxenə göndərilməsi, onun həm “Sülh kəsişməsi” avantürasını və Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarını xatırlaması beynəlxalq ictimaiyyətin nəbzini yoxlamaqdan başqa bir şey deyil. Bu yerdə Prezident İlham Əliyevin ona cavabını xatırlamalıyıq. Dövlətimizin başçısı detallı şəkildə bildirib: “Ermənistan konstitusiyasının hüquqi məsələsinə gəldikdə, çox təfərrüatlara varmaq istəməzdim. Amma sizin şərhiniz məni, sadəcə, onu deməyə məcbur etdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin konstitusiyanızın bir hissəsidir və bəli, onun preambula hissəsindədir. Gəlin indi, tədbiri bitirməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var”.
“Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar”, - deyən Prezident İlham Əliyevin nəinki Safaryana, eləcə də onu Münxenə göndərənlərə sərt şapalaq vurduğunu söyləyə bilərik. Dövlətimizin başçısı cavabı ilə regional gündəmə zidd təmayüllərin yolverilməzliyini də açıqladı ki, bu, həm də sülhün hazırkı paradiqmasına qarşı çıxmaq meyillərinin heç bir fayda verməyəcəyinə əminliyin vurğulanmasıdır.
Ə.CAHANGİROĞLU
XQ

