Milli rəqəmsallaşmanın enerji təminatı

post-img

Son 20 ildə generasiya gücümüz 2 dəfə artıb

Fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edən dövlət başçısı bildirdi ki, hazırda dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma istiqamətində aparılan islahatlar ölkələrin gələcək inkişafının yol xəritəsini müəyyənləşdirir. Azərbaycanda da prioritetlər sırasında yer alan həmin istiqamətlər üzrə bir sıra mühüm layihələrin icrası diqqət mərkəzində saxlanılır.

Ölkəmizin neft-qaz sənayesi sahəsində formalaşmış zəngin təcrübəsi beynəlxalq şirkətlərlə əməkdaşlıqda və çoxsaylı transmilli layihələrin reallaşdırılmasında öz parlaq ifadəsini tapıb. Bu təşəbbüslərin uğurla icrası bilik və bacarıq, texniki imkanlar, eləcə də geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi yaradılmasının məntiqi nəticəsidir. Müxtəlif dövrlərdə gerçəkləşdirilmiş iri infrastruktur layihələri ölkəmizdə artıq formalaşmış institusional və texniki platformaların mövcudluğunu göstərir. Başqa sözlə, Azərbaycan həm təcrübəyə, həm də dayanıqlı baza infrastrukturuna malikdir.

Prezident İlham Əliyev toplantıda vurğuladı ki, gələcək mərhələdə nəqliyyat və energetika dəhlizlərinin fiber-optik bağlantı xarakteri alması mühüm vəzifə kimi müəyyənləşdirilib. Lakin bu istiqamətdə indiyədək davamlı addımlar atılsa da, mövcud infrastruktur bugünkü  rəqəmsal çağırışlara tam cavab vermir. Məhz buna görə də rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması hazırda Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının əsas komponentlərindən biri kimi çıxış edir.

Ölkəmizin coğrafi mövqeyi – Asiya ilə Avropa arasında yerləşməsi, Şimal – Cənub nəqliyyat dəhlizi üzərində strateji mövqeyi və artıq yaradılmış infrastruktur üstünlükləri rəqəmsal transformasiya üçün əlverişli zəmin formalaşdırır. Eyni zamanda, transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi, müsbət investisiya iqlimi və sərmayələrin hüquqi qorunması da bu sahədə mühüm rol oynayır.

Müşavirədə o da xatırladıldı ki, süni intellekt və rəqəmsallaşma bütün sistemlərdə, eləcə də enerji sektorunda mühüm dəyişikliyə gətirib çıxarır. Bununla “ağıllı” enerji istehsalı ilə süni intellekt və rəqəmsal həllərlə neft-qaz quyularında belə hasilatın reallaşdırılması mümkündür. Başqa sözlə, süni intellektin tətbiqi enerji təhlükəsizliyi sahəsində şəbəkənin sabitliyinə müsbət təsir göstərir, bərpaolunan enerjiyə keçidi sürətləndirir, enerjidə tələb və təklifin idarəolunmasını yaxşılaşdırır, həmçinin bu istiqamətdə digər müsbət təsirlər yaradır. Azərbaycan üçün də bu texnologiyalardan istifadə etmək zəruri sayılır. Belə ki, məhsuldarlıq artımına müsbət təsir göstərmək, təhlükəsizliyi gerçəkləşdirmək, eləcə də qərarverməni sürətləndirmək məqsədilə bu texnologiyalardan istifadə vacib hesab edilir.  

Süni intellekt və rəqəmsallaşmanın enerji sahəsində ölkəmizə  digər müsbət təsirlərindən biri də gəlirlərin sabitliyinin qorunması və “yaşıl enerji”yə keçidi sürətləndirməkdir.  Məhz bu amil respublikamızın gündəliyində duran əsas prioritetlərdən biridir. 2030-cu ilə qədər enerji istehsalında alternativ mənbələrin payının 30 faizə qaldırılmasının hədəflənməsi də bunun bariz ifadəsidir. Hazırda bu göstərici 12-13 faizdir və 5 il ərzində 2,5 dəfə artırmaq lazımdır. Ümumilikdə isə qərar qəbulunda, təhlükəsizlik işlərində yeni texnologiyalardan istifadə vacib və zəruridir. 

Dövlət başçısının sözügedən  müşavirədəki çıxışında bununla bağlı diqqətçəkən bir məqam da xüsusi yer tutur: “Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz, təxminən, 2 dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, – istər qaz, istər hidro, istər Günəş, külək, – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim, ən azı, 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir”.

Prezident İlham Əliyev nitqində enerji istehlakında artım dinamikasının nəzərə alınmasının vacibliyini də vurğulayaraq əhali artımının, sənaye istehsalının genişlənməsinin, xüsusilə qeyri-neft sektorunun inkişafının elektrik enerjisinə tələbatı artırdığını bildirib. Bununla yanaşı, “yaşıl enerji” kabellərinin çəkilməsi ilə bağlı xarici tərəfdaşlarla sənədlərin imzalanması nəticəsində Azərbaycanın enerji ixrac strategiyasının yeni mərhələyə keçdiyini diqqətə çatdırıb.  

Müşavirədə Azərbaycanın qlobal maliyyə fondları ilə əlaqələrinin genişləndirilməsinə də toxunularaq  xatırladılıb ki, Dövlət Neft Fondunun uzun illər ərzində aparıcı maliyyə institutları ilə əməkdaşlığı və valyuta ehtiyatlarının bir hissəsinin həmin qurumlar vasitəsilə idarə olunması investisiya imkanlarını artırıb. Eyni zamanda, artıq bu fondlarla aparılan danışıqlar nəticəsində Azərbaycana investisiyaların cəlbi konkret layihələr üzərində işi sürətləndirib. Xüsusilə rəqəmsallaşma və süni intellekt sahəsində fəaliyyət göstərən bir bir sıra şirkətlərin səhmlərinin bir hissəsinin Amerika iri fondlarının portfelində olması əlavə üstünlüklər yaradıb.

Toplantıda, eyni zamanda, süni intellekt və rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi də vurğulanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən təşkilatlarla birgə qısa müddətdə kompleks tədbirlər planı hazırlaması, nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə yeni ştat vahidlərinin yaradılması sistemli transformasiyanın əsas şərtlərindən biri kimi qiymətləndirilib.

Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər elektrik enerjisinin ümumi enerji istehlakında payı 50 faizdən çox olacaq. Bunun nəticəsində, rəqəmsal həllər enerji sistemlərinin optimallaşdırılması, itkilərin azaldılması, şəbəkə yüklərinin balanslaşdırılması və bərpaolunan enerji mənbələrinin inteqrasiyası baxımından həlledici mərhələyə yüksələcək. “Ağıllı” şəbəkələr və avtomatlaşdırılmış idarəetmə sistemləri isə enerji təhlükəsizliyini gücləndirəcək  və xərclərin azalmasına şərait yaradacaq.  

Süni intellekt infrastrukturunun inkişafında  Azərbaycanın enerji potensialının həlledici rol oynamasından söz düşmüşkən, Prezident İlham Əliyevin çıxışlarının birində bununla bağlı vurğuladığı bir məqama da diqqət yetirək. Dövlət başçısı bildirib ki, informasiya texnologiyaları və data mərkəzlərinin yaradılmasında respublikamızın üstünlüyü ondadır ki,  kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı, təxminən, 2 giqavata bərabərdir və növbəti 5 il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Düzdür,  Azərbaycan Cənub ölkəsidir, amma respublikanın çox soyuq bölgələri də var ki, həmin ərazilərdə ilin böyük hissəsində şaxtalı hava şəraiti hökm sürür. Ona görə beynəlxalq data mərkəzləri habı kimi Azərbaycan öz rolunu aydın görür və inkişaf etmiş ölkələrlə bu istiqamətdə fəaliyyət göstərməyi qarşıya mühüm vəzifə kimi qoyur.  

Ekspertlər bildirirlər ki, dağlıq və soyuq iqlimli ərazilər data mərkəzləri üçün ideal şərait yaradır, çünki belə bir coğrafiyada onların soyutma sistemində enerji sərfiyyatı kəskin azalır. Bu baxımdan Qusar, Qəbələ, eyni zamanda, işğaldan azad olunmuş Kəlbəcər, Laçın kimi bölgələrin gələcəkdə qlobal texnologiya investisiyalarının cəmləndiyi mərkəzlərə çevrilmələri ehtimalı yüksəkdir. Data mərkəzlərinin yerləşdirilməsi üçün ideal məkanların seçilməsinə gəldikdə isə məsələ sadəcə enerji ilə bitmir. İqlim, relyef, hava axınlarının sabitliyi, torpaq strukturu, logistika imkanları və siyasi təhlükəsizlik də bu baxımdan mühüm rol oynayır. Azərbaycanın dağlıq regionları sadalanan parametrlərin böyük əksəriyyətini özündə birləşdirir.

Yuxarıda vurğulandığı kimi, soyuq iqlimli bölgələr illik temperatur dinamikasına görə data mərkəzlərinin texniki tələblərinə daha çox uyğun gəlir. Bu ərazilərdə havanın uzun müddət aşağı olması soyutma xərclərini optimallaşdırır. Hətta dünyanın aparıcı texnoloji mərkəzlərində bu cür əlverişli təbii şərait hər yerdə müşahidə edilmir. Bu fikir Azərbaycanın enerji ixracatçısı olmaqla kifayətlənmədiyini, həm də qlobal rəqəmsal infrastrukturun formalaşmasında aparıcı mövqeyə iddialı olduğunu göstərir. Süni intellekt sistemlərinin, rəqəmsallaşmanın  fəaliyyəti isə böyük enerji tələb edir. Bu səbəbdən dünyanın bir sıra aparıcı şirkətləri artıq daha sabit və ucuz enerji mənbələri olan məkanlara üz tutur.  

Azərbaycanın enerji strategiyası uzun illər ərzində mərhələli şəkildə transformasiya edilib. “Əsrin müqaviləsi” ilə başlayan enerji epoxası artıq yeni bir istiqamət alıb. Belə ki, enerji siyasətinin təməli əvvəlcə neft və qaz üzərində qurulmuşdusa, indisə isə külək, günəş və hidropotensial kimi bərpaolunan mənbələr hesabına bu yanaşma daha da zənginləşib.  

Hazırda üçüncü mərhələ – rəqəmsal enerji dövrüdür. Bu dövrdə enerji həm də texnologiyanın özü üçün zəruri şərtdir. Çünki süni intellekt sistemlərinin genişmiqyaslı fəaliyyəti onların yerləşdirildiyi data mərkəzlərindən asılıdır, həmin mərkəzlərin fasiləsiz enerji tələb etdiyi də əsas götürülməlidir. Məhz bu səbəbdən Azərbaycanın enerji strategiyası texnoloji inkişafın əsas dayağına çevrilir. 

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert 

Rəqəmsallaşdırma və süni intellekt qlobal enerji sistemlərini enerjinin necə istehsal olunmasından tutmuş onun necə çatdırılmasına, istifadəsinə və idarə olunmasına qədər yenidən formalaşdırır.

2050-ci ilə qədər elektrik enerjisinin bütün enerji istehlakının 52 faizini təşkil edəcəyi gözlənilir. Rəqəmsal həllər bu artımı idarə etmək və xərcləri azaltmaqla, enerji təhlükəsizliyini gücləndirməklə və bərpaolunan enerji mənbələrinin daha geniş inteqrasiyasını təmin etməklə enerjini etibarlı və əlverişli saxlamaq üçün nəzərdə tutulan vacib vəziyyətə gətir. Başqa sözlə, rəqəmsallaşdırma və süni intellekt, eyni zamanda,  enerji tələbatını daha dəqiq proqnozlaşdırmağa, şəbəkə yüklərini balanslaşdırmağa, itkiləri azaltmağa, xərcləri optimallaşdırmağa və enerji təhlükəsizliyini gücləndirməyə imkan verir. 

Eyni zamanda, “ağıllı” şəbəkələr, “IoT” cihazları və avtomatlaşdırılmış idarəetmə sistemləri bərpaolunan enerji mənbələrinin, xüsusilə Günəş və külək enerjisinin daha geniş miqyasda inteqrasiyasını dəstəkləyir. Nəticə etibarilə, rəqəmsal texnologiyalar enerjinin etibarlı, davamlı və əlçatan qalması üçün qlobal enerji keçidinin ayrılmaz və zəruri komponentinə çevrilir. 

Süni intellekt və rəqəmsallaşma bütün sistemlərdə dəyişikliyə gətirib çıxarır və buraya enerji sistemləri də daxildir. “Ağıllı” enerji istehsalı ilə süni intellekt və rəqəmsal həllərlə neft-qaz quyularında belə hasilat optimallaşdırıla bilər. Süni intellektin tətbiqi enerji təhlükəsizliyi sahəsində şəbəkənin sabitliyinə müsbət təsir göstərir, bərpaolunan enerjiyə keçidi sürətləndirir, enerjidə tələb və təklifin idarəolunmasını yaxşılaşdırır, həmçinin bu istiqamətdə başqa müsbət təsirlər yaradır.  

Azərbaycan üçün də bu texnologiyalardan istifadə etmək vacib hesab olunur. Belə ki, məhsuldarlıq artımına müsbət təsiri və təhlükəsizliyi yaxşılaşdırdığı üçün, eləcə də qərarverməni sürətləndirməsi səbəbindən bu texnologiyalardan geniş istifadə zəruridir.

Süni intellekt və rəqəmsallaşmanın enerji sahəsində ölkəyə digər müsbət təsirlərindən biri də gəlirlərin sabitliyinin qorunması və “yaşıl enerji”yə keçidin sürətləndirməsidir. Bu isə ölkəmizin gündəliyində duran əsas prioritetlərdən biridir.   2030-cu ilə qədər enerji istehsalında alternativ mənbələrin payının 30 faizə qaldırılmasının hədəflənməsi də bunun bariz ifadəsidir. Hazırda bu göstərici 12-13 faizdir və 5 il ərzində 2,5 dəfə artırmaq lazımdır. Ümumilikdə isə qərar qəbulunda, təhlükəsizlik işlərində yeni texnologiyalardan istifadə vacib və zəruridir.

Beləliklə, bu gün Azərbaycan enerji ixracatçısı olmaqla kifayətlənmir, eyni zamanda, qlobal rəqəmsal infrastrukturun formalaşmasında fəal iştirak etməyə iddialıdır. Siyasi sabitlik, makroiqtisadi dayanıqlılıq və zəngin enerji potensialı bu istiqamətdə ölkəmizə ciddi rəqabət üstünlüyü qazandırır. Data mərkəzləri və süni intellekt sistemləri onilliklər üçün qurulduğundan, uzunmüddətli sabitlik amili burada əsas seçim meyarına çevrilir. Azərbaycan isə bu baxımdan regional deyil, qlobal miqyasda yeni oyunçu kimi mövqeyini möhkəmləndirmək imkanına malikdir.

Vaqif BAYRAMOV 
XQ

 



İqtisadiyyat