Fevralın 11-də Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən XQ-yə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Xarici İşlər və Ticarət Nazirliyinin Konsulluq və Vətəndaşlıq idarəsinin direktoru Balaş Farkas rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm strateji tərəfdaş və yüksək əlaqələrin mövcud olduğu Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər arasında, o cümlədən hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər müzakirə olunub.



