İrəvandakı və xaricdəki hay şousunun məqsədi nədir?
“Artsax sevdalıları” ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri xüsusunda özlərinin vay-şivən ritorikalarını yenidən işə salıblar. Onlar dünən paytaxt İrəvanın Respublika meydanında, Xarici İşlər Nazirliyinin keçmiş binasının qarşısında Bakıda qanunsuz saxlanıldıqlarını iddia etdikləri erməni əsilli şəxslərin azad olunmaları tələbi ilə mitinq keçiriblər. Göründüyü kimi, Ermənistandakı revanşist və şovinist kəsim özünün köhnə şakərindədir. Amma məsələ təkcə bu deyil.
Sözügedən kəsim yaxşı bilir ki, cənab Vens İrəvanla yanaşı, Bakıda da olacaq. Ona görə də ABŞ rəsmisinin ölkəmizin rəhbərliyinə təzyiq göstərəcəyinə ümid bəsləyirlər. Bu, öz yerində. Digər tərəfdən, o da məlumdur ki, Ermənistandan kənarda da “Artsax sevdalıları” var. Məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA). Bu qurum ötən həftə bəyanat yayaraq, Birləşmiş Ştatların vitse-prezidentini Azərbaycandakı “erməni girovlarla” görüşməyə və bu şəxslərin dərhal azad olunmalarını tələb etməyə çağırıb. Hərçənd, ANCA-çıların başqa tələbləri də var.
Bəli, məsələ təkcə Bakıda həbsxana həyatı yaşayan ermənilərin azadlığa çıxmaları tələbinin səslənməsində deyil. Bunu ANCA-nın bəyanatından da görmək mümkündür. Heç şübhəsiz, dünən İrəvanda mitinq düzənləyənlərin də məramları başqadır. Bu başıpozuq kütlənin təmsilçiləri Vensin regiona səfəri xüsusunda, əslində, separatçılığı təbliğ etməyə girişiblər. Onlar özlərinin çürük təfəkkürlərini işə salaraq, “etnik təmizləmə” şousuna start veriblər və Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslərin yenidən bölgəyə qayıtmaları məsələsini qaldırıblar.
Məlumdur ki, bu məsələ adi sayıla bilməz. Onun irəli sürülməsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək məqsədi daşıyır. Üstəlik, Vensin səfəri xüsusunda vay-şivən qaldıranlar Qarabağın “minilliklərə söykənən erməni xristian irsi abidələrinin dağıdılmasının dayandırılması” tələbini irəli sürürlər. Bütün bunlardan sonra Bakıda “erməni məhbusların” mövcudluğunun, guya, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə ötən il avqustun 8-də imzaladıqları Birgə Bəyannaməyə zidd olduğunun vurğulanması isə aşkar həyasızlıqdır. İndi isə bir başqa məqama diqqət yetirək.
Aydındır ki, cənab Vensin Ermənistana və Azərbaycana səfəri, ümumən, Cənubi Qafqazda sülh gündəliyini irəli aparmaq məramına söykənir. Sülhün bəlli parametrləri var və onlar həm haqqında söz açdığımız Birgə Bəyannamədə, həm də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda parafladıqları sülh müqaviləsinin mətnində əksini tapır. Yəni başıpozuqların qaldırdıqları “xüsuslar” sülh gündəliyinə qətiyyən uyğun deyil.
Bəli, İrəvanda mitinq təşkil etmək istəyənlər də, onların xaricdəki dəstəkçiləri də reallığın fərqindədirlər. Ayının min oyunu isə bir armudun başındadır. “Ayılar”, ümumən, sülhü pozmağa, Vensin bölgəyə səfəri ilə barış gündəmini irəliyə doğru aparmaq istəklərinə demarş yolu tutur, elə təsəvvür formalaşdırmağa çalışırlar ki, Bakı ilə İrəvan arasında normal münasibətlər mümkünsüzdür. Əslində, bu yanaşma ABŞ-ın hazırkı administrasiyasının regional gündəminə zərbə vurmağa hesablanıb.
Birmənalı şəkildə deyə bilərik ki, nə ANCA-çılar, nə də onların Ermənistandakı tərəfdarları Vensin kimlərinsə azad olunmaları üçün təşəbbüs göstərməsini istəmirlər. Başıpozuq revanşistlər üçün ən uyğun variant məhbus kimi qələmə verdikləri şəxslərin həbsxanada qalmaları, hətta orada çürümələridir. Onlar həbsxanada qalmalı və çürüməlidirlər ki, Azərbaycan və Ermənistan arasında düşmənçilik gündəmi saxlanılsın.
Bəli, Ermənistandakı başıpozuqlar və onların dəstəkçiləri üçün beynəlxalq hüquq, qanunların aliliyi anlayışı yoxdur. Bu tipajlar Vensin səfəri xüsusunda vay-şivən qaldırmaqla, həm də Azərbaycan rəhbərliyinin, belə demək mümkünsə, humanizm pəncərəsini bağlayacağına ümid bəsləyirlər. Tam aydındır ki, onlar bir müddət əvvəl rəsmi Bakının 4 erməni əsilli şəxsi İrəvana təhvil verməsini bədbinliklə qarşıladılar. Onlar, həmçinin, prosesin davamlı xarakter ala və digər şəxslərə da şamil oluna biləcəyindən əndişələnirlər.
Digər tərəfdən, Azərbaycan rəhbərliyi kimlərinsə təzyiq cəhdlərindən çəkinən deyil. Başıpozuqlar isə qəsdən xoşagəlməz durum formalaşdırırlar ki, ölkəmiz daha qətiyyətli davransın. Amma rəsmi Bakı hər bir halda qətiyyətli və prinsipialdır. O cümlədən, erməni əsilli şəxslərə qarşı. O şəxslərə ki, ərazilərimizdə çoxsaylı cinayətlərdə ittiham ediliblər və barələrində məhkəmə hökmləri çıxarılıb. Bu hökmlər qanunidir, beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycanın humanizminə sığınmağın yolu isə kimlərdənsə mədət ummaqda deyil. Qara-qışqırıq, vay-şivən qaldırmaq da mənasız və səmərəsizdir. Ümumən, Azərbaycanla təzyiq dilində danışmağın fayda vermədiyi beynəlxalq müstəvidə, demək olar, hər kəsə yaxşı məlumdur.
Ə.RÜSTƏMOV
XQ

