Erməni hərbi canilərinin Bakı “Nürnberq”i
Postmünaqişə dövründə dövlətlərin qarşısında duran əsas çağırışlardan biri silahlı qarşıdurmadan sonra ədalətin hansı mexanizmlərlə bərpa olunması məsələsidir. Azərbaycan nümunəsində bu sualın cavabı aydındır: güc yolu ilə deyil, hüquq vasitəsilə. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı olan, o cümlədən Qarabağda fəaliyyət göstərmiş keçmiş qondarma rejimin nümayəndələrinə qarşı aparılan məhkəmə prosesi göstərdi ki, Azərbaycan dövləti hərbi qələbəni hüquqi zəfərlə tamamlayan nadir presedentlərdən birini formalaşdırıb.
Məhkəmə prosesləri bütövlükdə hüquqi prosedurların, sübut bazasının, cinayət tərkibinin və fərdi məsuliyyət prinsipinin üzərində quruldu. Cinayətkarın etnik mənsubiyyəti deyil, törətdiyi əməllər hüquqi qiymətləndirmənin mərkəzində dayandı. Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə prosesi zamanı üzə çıxan əsas məqamlardan biri dinc yaşayış məntəqələrinin raket zərbələrinə məqsədli şəkildə məruz qalmasının birbaşa etiraf olunması oldu. Bu etiraf hüquqi baxımdan müharibə cinayətlərinin ən vacib elementi hesab edilən cinayət niyyətinin – yəni əməlin şüurlu və planlı şəkildə törədilməsinin – açıq təsdiqidir. Beynəlxalq humanitar hüquqda məhz niyyət amili mülki əhaliyə qarşı yönəlmiş zorakılığın təsadüfi və ya “hərbi zərurət” adı altında izah olunmasının qarşısını alan əsas meyardır.
Məhkəmə araşdırmaları göstərdi ki, dinc obyektlərə qarşı həyata keçirilən hücumlar sistemli və məqsədyönlü hərbi strategiyanın tərkib hissəsi olub. Strategiya beynəlxalq humanitar hüququn təməl prinsiplərinin kobud şəkildə pozulması üzərində qurulub. Mülki şəxslərlə döyüşçülər arasında fərqin qəsdən aradan qaldırılması, hərbi üstünlük anlayışı ilə mülki itkilər arasında proporsionallığın qorunmaması və beynəlxalq hüquqda toxunulmaz sayılan mülki ərazilərin bilərəkdən hədəfə çevrilməsi məhkəmə prosesində sübutlarla təsdiqləndi. Hüquqi sənədlər, şahid ifadələri və etiraflar bu pozuntuları siyasi polemika mövzusu olmaqdan çıxararaq normativ hüquqi reallığa çevirdi.
Məhkəmənin ən mühüm siyasi-hüquqi nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan illər ərzində beynəlxalq platformalarda səsləndirdiyi iddiaları ilk dəfə milli məhkəmə mexanizmi vasitəsilə hüquqi hökm səviyyəsinə yüksəltdi. Deməli, müharibə cinayətləri ilə bağlı arqumentlər artıq məhkəmə qərarı ilə təsdiqlənmiş hüquqi faktlar kimi qəbul olunmalıdır. Bütün bunlar Azərbaycanın beynəlxalq hüquq müstəvisində mövqeyini keyfiyyətcə yeni mərhələyə daşıyır və münaqişənin hüquqi interpretasiyasına uzunmüddətli təsir göstərir.
* * *
Arayik Harutyunyan və digər təqsirləndirilən şəxslərə çıxarılan ömürlük həbs cəzası beynəlxalq hüququn selektiv tətbiqinə qarşı ciddi presedent yaradır. Uzun illər ərzində münaqişə zonalarında törədilən ağır cinayətlər “dondurulmuş münaqişə”, “status-kvo” və ya “siyasi kompromis” anlayışları altında faktiki olaraq hüquqi cavabdehlikdən kənarda saxlanılırdı. Azərbaycan təcrübəsi açıq şəkildə nümayiş etdirdi ki, müharibə cinayətləri zaman amili ilə aktuallığını itirmir, siyasi razılaşmalar hüquqi məsuliyyəti ləğv etmir və heç bir qeyri-legitim qurum və ya xarici himayə fərdi cinayət məsuliyyətini sığortalaya bilmir.
Bakı Hərbi Məhkəməsinin qərarları gələcəyə yönəlik güclü hüquqi siqnaldır. Separatizm və silahlı zorakılıq bundan sonra uzunmüddətli hüquqi və siyasi nəticələrlə müşayiət olunacağını göstərən bu presedent postmünaqişə dövrünün əsas normativ çərçivələrindən birinə çevrilir. Bu prosesin açıq və hüquqi normalara tam uyğun formada aparılması mahiyyət etibarilə çoxqatlı siyasi mesaj daşıyan institusional davranış idi. Dövlət burada hüququ icra edən ali instansiya kimi çıxış etdi. Belə bir yanaşma ilk növbədə daxili auditoriya üçün fundamental əhəmiyyət kəsb edirdi. Cəmiyyətə açıq şəkildə nümayiş etdirildi ki, dövlət suverenliyinə qarşı yönəlmiş fəaliyyətlər, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan cinayətlər zaman və şəraitdən asılı olmayaraq hüquqi qiymətini alır. İnsanlar görür ki, hüquq pozuntuları nə qədər mürəkkəb siyasi kontekstdə baş verməsindən asılı olmayaraq, nəticə etibarilə hüquqi məsuliyyətlə üzləşir. Daxili siyasi sabitlik baxımından da bu amil mühüm rol oynayır. Cəzasızlıq təəssüratının aradan qalxması radikalizmə və revanşist meyllərə qarşı preventiv mexanizm kimi çıxış edir. Dövlət açıq şəkildə göstərir ki, suverenlik və vətəndaş təhlükəsizliyi müzakirə predmeti deyil, hüquqla qorunan ali dəyərlərdir.
Eyni zamanda, bu məhkəmə prosesi regional və beynəlxalq müstəvidə də mühüm mesaj rolunu oynadı. Azərbaycan göstərdi ki, separatizmlə mübarizədə əsas dayağı, institusional hüquq sisteminin işləkliyidir. Çünki hərbi qələbə münaqişəni dayandıra bilər, lakin yalnız hüquqi mühakimə onun nəticələrini uzunmüddətli siyasi reallığa çevirir. Açıq məhkəmə prosesi ilə Azərbaycan beynəlxalq auditoriyaya sübut etdi ki, tətbiq olunan cəza siyasi iradənin deyil, hüquqi prosedurun məhsuludur.
Belə bir yanaşma separatizmin sosial-siyasi dayaqlarına birbaşa təsir göstərir. Separatçı ideologiyalar cəzasızlıq və himayə olunma illüziyası üzərində qurulur. Məhkəmə prosesinin şəffaflığı və hüquqi əsaslı hökm bu illüziyanı dağıdan əsas mexanizmə çevrildi. Proses regionda yeni normativ davranış modelinin formalaşmasına xidmət edir. Dövlətlərə və qeyri-dövlət aktorlarına açıq şəkildə mesaj verilir ki, zorakı separatizm nə qədər uzunmüddətli və mürəkkəb siyasi kontekstdə formalaşsa belə, sonda hüquqi mühakimədən yayınmaq imkanına malik deyil. Məhz bu baxımdan şəffaf məhkəmə prosesi Azərbaycanın postmünaqişə mərhələsində legitim aktor kimi mövqeyini möhkəmləndirən əsas sütunlardan birinə çevrilir.
* * *
Tarixi və siyasi təcrübə göstərir ki, ədalət həmişə dərhal bərpa olunmur, lakin hüquqi dövlətlərdə heç vaxt yoxa çıxmır. Zaman amili bəzən hüququn icrasını gecikdirsə də, onun legitimliyini zəiflətmir. Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm məhz bu reallığın institusional təsdiqinə çevrildi. Burada məsələ yalnız konkret şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə məhdudlaşmır; söhbət hüququn uzun müddət gücün kölgəsində saxlanılan bir sahədə yenidən hakim mövqeyə qayıtmasından gedir. Hüquq bu prosesdə silahın yaratdığı reallığı normativ çərçivəyə salan ali instansiya kimi çıxış etdi.
Məhkəmələr dövlətin öz tarixi haqlılığını hüquqi mexanizmlərlə təsdiqlədiyini göstərdi. Məhz bu səbəbdən proses daxili auditoriya üçün təkcə ədalət hissinin bərpası deyil, eyni zamanda, dövlətçilik şüurunun möhkəmləndirilməsi funksiyasını daşıyır. Dövlətin gücü burada hüquq sisteminin işləkliyində və prinsipiallığında ölçülür. Dost dövlətlər üçün bu yanaşma müasir və məsuliyyətli dövlət modelinin nümunəsidir; çünki güc hüquqla məhdudlaşanda legitimliyə çevrilir. Dost dövlətlər dedikdə ilk növbədə beynəlxalq hüququn aliliyini, suverenlik prinsipini və dövlətlərin daxili işlərinə müdaxilə edilməməsini əsas norma kimi qəbul edən aktorlar nəzərdə tutulur. Məhz bu dövlətlər üçün Azərbaycanın nümayiş etdirdiyi yanaşma xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, bu proses qarşı tərəf üçün açıq və birmənalı dərs xarakteri daşıyır. Heç bir xarici himayə, heç bir geosiyasi manipulyasiya və ya uzun illər formalaşdırılmış saxta legitimlik insanlıq əleyhinə cinayətləri hüquqi məsuliyyətdən kənarda saxlaya bilməz. Hüquq siyasi proseslərdən asılı olmayan ali prinsip kimi çıxış edir. Bunlar isə təbii ki, separatizm və silahlı zorakılıq ideologiyasının ən zəif nöqtəsinə – cəzasızlıq mifinə – həlledici zərbə vurur.
Son olaraq qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi bu hüquqi proses bölgədə formalaşan yeni reallığın əsas sütunlarından birinə çevrilir. Mövcud reallıqda qələbə hərbi üstünlük və ya diplomatik balansla ölçülmür. Qələbə hüquqi, mənəvi və institusional müstəvidə möhkəmləndikdə dayanıqlı xarakter alır. Separatizm üzərində əldə olunan nəticə də məhz bu kontekstdə tamlıq qazanır: silahla dayandırılan proses hüquqla yekunlaşdırılır. Haqqın zəfəri buna görə geciksə də, qaçılmaz olur.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


