Avropada ikili standartlar labirinti

post-img

Aİ Türkiyəni “yaxın qonşu”, “arzuolunmaz” üzv kimi görür

Avropa İttifaqı (Aİ) ilə Türkiyə Respublikası arasındakı münasibətlərin tarixi inkişaf trayektoriyasına nəzər saldıqda tərəflərin daim cazibə və itələmə qüvvələrinin təsiri altında hərəkət etdiyi müşahidə olunur. Lakin hazırkı mərhələdə Brüssel və Ankara arasındakı təmaslar tamamilə fərqli, praqmatik və məcburi əməkdaşlıq müstəvisinə keçid edir.

Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ankaraya səfəri ərəfəsində səsləndirdiyi bəyanatlar, “Politico” nəşrinə verdiyi müsahibədə əksini tapan fikirlər Qərbin Türkiyəyə yönəlik siyasətində mühüm paradiqma dəyişikliyinin baş verdiyini sübut edir. Brüssel rəsmiləri açıq şəkildə bəyan edirlər ki, mövcud şərtlər daxilində Türkiyənin tamhüquqlı üzvlük məsələsi müzakirə masasında yer almır və danışıqların yenidən canlandırılması planlaşdırılmır. Əvəzində isə Aİ münasibətlərə “yeni prizmadan” baxmağı, iqtisadi və strateji tərəfdaşlığı dərinləşdirməyi təklif edir. Sözügedən yanaşma, mahiyyət etibarilə, illərdir müzakirə olunan “imtiyazlı tərəfdaşlıq” modelinin terminoloji baxımdan yenilənmiş, lakin məzmunca eyni versiyasıdır.

Məsələnin kökündə dayanan əsas amillərdən ən vacibi, şübhəsiz ki, qlobal təhlükəsizlik arxitekturasının Ukraynadakı müharibə fonunda kökündən dəyişməsidir. Rusiya–Ukrayna qarşıdurması Qara dəniz hövzəsini, Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa üçün həyati əhəmiyyət kəsb edən coğrafiyalara çevirib. Mövcud reallıqlar çərçivəsində Türkiyə enerji resurslarının və ticarət yollarının Qərbə daşınmasında əvəzsiz tranzit hab rolunu oynayır. Avropa Komissiyasının “Regionlararası qarşılıqlı əlaqə gündəliyinin irəlilədilməsi” adlı araşdırmanı təqdim etməyə hazırlaşması da məhz həmin zərurətdən doğur. Sənəddə Mərkəzi Avropa, Cənubi Qafqaz və Türkiyə arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün tələb olunan investisiyaların dəyərləndirilməsi Brüsselin diqqətini demokratiya və insan haqları kimi normativ dəyərlərdən daha çox logistika və enerji təhlükəsizliyi kimi “realpolitik” maraqlara yönəltdiyini təsdiqləyir. Aİ anlayır ki, Rusiya ərazisindən yan keçən Orta Dəhlizin işlək vəziyyətə gətirilməsi, Çin və Mərkəzi Asiya bazarlarına çıxışın təmin edilməsi yalnız Ankara ilə sıx koordinasiya şəraitində mümkündür.

Lakin burada incə diplomatik məqam və ciddi ziddiyyət mövcuddur. Türkiyə tərəfi səfir Yaprak Balkanın dili ilə desək, Aİ-yə üzvlüyü hələ də əsas “bələdçi ulduz” hesab edir və münasibətlərin ortaq maraqlarla yanaşı, strateji hədəflərə söykənməsini arzulayır. Ankara üçün tamhüquqlı üzvlük perspektivinin rəsmən bağlanması qəbuledilməz ssenaridir, çünki həmin status Türkiyənin həm Qərb, həm də Şərq qarşısında geosiyasi çəkisini artıran mühüm faktordur. Buna baxmayaraq, Türkiyə hakimiyyəti Gömrük İttifaqının yenilənməsi, viza rejiminin sadələşdirilməsi və birbaşa xarici investisiyaların cəlb edilməsi kimi konkret iqtisadi dividendlərə üstünlük verir.

Sözügedən “yeni baxış” modelinin tətbiqi prosesində qarşıya çıxa biləcək ssenariləri təhlil edərkən, ilk növbədə, Gömrük İttifaqının modernizasiyası məsələsi diqqət çəkir. Mövcud saziş kənd təsərrüfatı, xidmətlər sektoru və dövlət satınalmalarını əhatə etmir, lakin yeni danışıqlar prosesində həmin sahələrin əməkdaşlığa daxil edilməsi gözlənilir. Avropa üçün Türkiyə bazarı həm istehsal, həm də istehlak baxımından cəlbedicidir. Eyni zamanda, Avropa şirkətləri üçün tədarük zəncirinin şaxələndirilməsi və Çindən asılılığın azaldılması strategiyasında Türkiyə yaxın əraziyə köçürmə mərkəzi kimi çıxış edə bilər. Lakin siyasi müstəvidə üzvlük müzakirələrinin dondurulmuş vəziyyətdə qalması Ankara ilə Brüssel arasında vaxtaşırı gərginliklərin yaranmasına səbəb olan amildir. Xüsusilə Kipr məsələsi, Şərqi Aralıq dənizindəki enerji mübahisələri və daxili siyasi proseslərlə bağlı Qərbin tənqidləri, “etimadın bərpası” prosesini zədələmək potensialına malikdir.

Digər tərəfdən, “Regionlararası qarşılıqlı əlaqə” konsepsiyası Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üçün də yeni perspektivlər vəd edir. Avropa İttifaqının Türkiyə üzərindən regiona investisiya yatırmaq planı Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin və enerji kəmərlərinin strateji əhəmiyyətini artırır. Brüssel başa düşür ki, Türkiyəsiz Qafqaza və Mərkəzi Asiyaya çatmaq logistik baxımdan səmərəsiz və təhlükəsizlik baxımından risklidir. Buna görə də, Marta Kosun anonsunu verdiyi araşdırma sənədi, əslində, Avropanın Şərqə doğru genişlənmə strategiyasının infrastruktur üzərində qurulduğunu nümayiş etdirir.

Mövzunu iqtisadi müstəvidən siyasi-hüquqi müstəviyə keçirdikdə insan haqları və qanunun aliliyi kimi mövzuların arxa plana keçdiyi müşahidə olunur. Avropa İttifaqı ənənəvi olaraq yumşaq güc vasitəsilə qonşu ölkələrdə demokratik islahatları təşviq etməyə çalışırdı. Lakin “yeni prizma” yanaşması dəyərlər sistemindən maraqlar sisteminə keçidi rəsmiləşdirir. Marta Kosun müsahibəsində ticarət və nəqliyyat dəhlizlərinə fokuslanması Avropanın qlobal rəqabət mühitində pragmatizmi hər şeydən üstün tutduğunun göstəricisidir. Təbii ki, bəyanatlarda hələ də diplomatik etiket xatirinə bəzi standart ifadələr işlədilə bilər, lakin real siyasət meydanında əsas meyar təhlükəsizlik və iqtisadi mənfəətdir. Türkiyə tərəfi də həmin dəyişikliyi hiss edir və münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurmağa çalışır. Səfir Yaprak Balkanın “ortaq maraqlar” ifadəsini işlətməsi Ankaranın da artıq sadəlövh gözləntilərdən uzaq olduğunu və masada konkret layihələri müzakirə etmək istədiyini nümayiş etdirir.

Aİ-nin Türkiyəyə yönəlik yeni strategiyası qitənin qlobal güc mərkəzi kimi qalma istəyindən və təhlükəsizlik qayğılarından irəli gələn məcburi gedişdir. Marta Kosun “üzvlük danışıqları gündəmdə deyil” ifadəsi acı reallığı əks etdirsə də, “Türkiyə mühüm tərəfdaşdır” bəyanatı münasibətlərin qopma nöqtəsində olmadığını, əksinə, transformasiya mərhələsinə qədəm qoyduğunu göstərir. Artıq ideallar və dəyərlər üzərində qurulan romantik Avropa xəyalı yerini maraqlar, logistika və enerji təhlükəsizliyi üzərində formalaşan soyuq, hesablanmış və praqmatik ittifaq modelinə verir. Bu modeldə Türkiyəyə evin içində yer yoxdur, lakin evin qapısını qoruyan və açarını saxlayan əsas mühafizəçi rolu məhz ona həvalə edilir. Proseslər göstərir ki, qarşıdakı illərdə biz Brüssel və Ankara arasında diplomatik sürtüşmələrin şahidi olsaq da, dəmir yolları, limanlar və boru kəmərləri vasitəsilə bir-birinə daha sıx bağlanan iki güc mərkəzini müşahidə edəcəyik. Bu isə regionun geosiyasi mənzərəsini yenidən şəkilləndirəcək həlledici amil olacaq. Aİ-nin bu yeni yanaşması, əslində, Türkiyənin regional hegemonluğunu tanımaqla bərabər, onu Qərb sisteminin periferiyasında saxlamaq cəhdidir. Lakin Türkiyənin artan müstəqil xarici siyasət kursu və alternativ güc mərkəzləri ilə əlaqələri Brüsseli gələcəkdə daha ciddi güzəştlərə getməyə vadar edə bilər. Zaman Avropanın “yeni prizmasının” uzaqgörən, yoxsa sadəcə, qısamüddətli taktiki gediş olduğunu ortaya çıxaracaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət