Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən görüş xüsusi tarixi hadisə olaraq yadda qaldı. Bu görüşün mühüm yadda qalan məqamlarından biri odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" na layiq görülmüşdür. "Zayed İnsan Qardaşlığı Mükafatı" nın yaradılması tarixi bir hadisə ilə bağlıdır: 4 fevral 2019-cu ildə BƏƏ-nin paytaxtı Əbu-Dabidə Katolik Kilsəsinin rəhbəri Papa Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Təyyib görüşərək dünya sülhü və birgəyaşayış naminə "İnsan Qardaşlığı Sənədi"ni imzalamışlar. Məqsədi dünyada sülh, dözümlülük və insan qardaşlığı dəyərlərini təşviq edən şəxsləri və ya qurumları mükafatlandırmaqdır. Prezident İlham Əliyev hər zaman həm yerli həm də beynəlxalq görüşlərində tolerantlıq, sülh, xalqların hüquqlarına hörmət edilməsi kimi ali dəyərlərin vacib prinsiplər olduğunu vurgulayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın regionda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə bu mükafata layiq görülməsi yeni dünya düzəninin başlanması kimi də xarakterizə edilə bilər. Əgər proseslərə nəzər salsaq, o zaman aydın olur ki, bu mükafat dünyada sülh prosesində önəmli roluna görə seçilən şəxsiyyətlərə təqdim edilmişdir. Azərbaycan apardığı 44 günlük Zəfər müharibəsində nəinki torpaqlarını işğaldan azad etdi, həmçinin regionda möhkəm əsaslara malik sülhün əldə edilməsi konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın mühüm tərəflərini aşağıdakı kimi şərh etmək olar:
1. Azərbaycanın apardığı uğurlu diplomatik danışıqlar prosesi Ermənistan siyasi elitası tərəfindən indiyədək Azərbaycanın 2020-ci ilədək ərazilərini işğalda saxladıqlarının etirafı ilə nəticələnmişdir.
2. Ermənistan Baş naziri Azərbaycanı hazırkı sərhədlər daxilində ərazi bütövlüyünü tanıdığını etiraf etmişdir.
3. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün dünyanın diplomatiyası qarşısında 30 ilə yaxın problemin sülh yolu ilə həlli üçün siyasi tolerantlıq nümunəsi göstərərək çalışmışdır.
4. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində dünya dövlətlərini sivilizasiyaların dialoqu, dialoq mədəniyyəti, konsensusun əldə edilməsi, ayrı-seçkiliyə yol verilməməsi kimi mühüm beynəlxalq dostluq, qardaşlıq paradiqmalarının həyata keçirilməsinə çalışmışdır.
5. Azərbaycan Respublikasının Prezidentinin yalnız ikitərəfli deyil, şaxələnmiş sülh siyasəti paradiqmasınını əsas götüməsi ABŞ və diğər dövlətlər üçün Cənubi Qafqazı sülh evinə yaxınlaşdırdı.
6. Azərbayan Prezidentinin sülhün təbliği istiqamətində ardıcıl fəaliyyəti, Ermənistanın mövcud konstitusiyasında müharibəyə sövq edən maddələrə dəyişikliklərin edilməsi istiqamətində tələbləri, Ermənistanda şovinist qüvvələrin (həm dini, həm siyasi sahədə) zərərsizləşdirilməsi siyasətinin baş nazır Paşinyan tərəfindən inkişaf etdirilməsini sürətləndirir.
Təbiidir ki, məhz Azərbaycanın tutduğu mövqe: böyük sülhə və dayanıqlı sülhə nail olmaq konsepsiyası Azərbaycan, Ermənistan və Vaşinqton arasında üçtərəfli əməkdaşlığın əsasını qoydu. ABŞ-da imzalanan bu sənədin Cənubi Qafqaza mühüm müsbət təsirləri artır. TRİPP dəhlizi iqtisadi əməkdaşlığın və gəlcək dünya nizamının mühüm yolu ola bilər.
Bu günlərədə Fransa Milli Assambleyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü pozan, Azərbaycan xalqına qarşı terrorlar etmiş şəxslərin azadlığa buraxılması barədə tələblər bir daha göstərir ki, rəsmi Fransa indiyədək ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində problemin həlli yolu deyil, həll olunmaması xəttini özünün əsas prioriteti seçdi. TRİPP koridoru rəsmi Fransanı narahat edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı" na layiq görülməsi bəzi şovinist Qərb qüvvələrini narahat etmişdir, çünki Azərbaycan artıq sülh proseslərinin vacib aktoru rolunda Cənubi Qafqazda və dünyada möhkəmlənmiş dövlətdir. Azərbaycan liderinin sülh istiqamətində yüksək siyasi mədəniyyət göstəriciləri, onun davamlı çağırışları Yaxın və Orta Şərqdə davam edən bir çox gərginliklərin tənzimlənməsində ideyaverici rol oynayacaqdır.
Bu gün dünyada gedən proseslər bəzi hallarda kortəbii olaraq qloballaşmış sistemin yeni nizamının axtarışlarına doğru da hədəflənmişdir. Bu axtarışlarda Azərbaycanın, Türkiyənin, ABŞ-ın mühüm rolu vardır.
Müəyyən zamanlarda bəzi dünya liderlərinin səhvləri nəticəsində xaosla qloballaşan dünyanın dayanıqlı və çoxsahəli sülhə ehtiyacı daha aydın duyulur. Azərbaycan Respublikasının Prezidenti məhz dayanıqlı və çoxsahəli sülh paradiqmalarının regional və dünya siyasətində aktual olduğunu diqqətə çatdırır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi ölkəmizin və regionun sabitliyində, sülhün qorunmasında liderlərin şəxsi keyfiyyətlərinə ehtiyac olduğunu bir daha sübut edir. Bu keyfiyyətlər aşağıdakı amillərlə şərtlənə bilər:
1. Bütün dünyanın çalxalandığı məqamda yüksək siyasi mədəniyyət nümayiş etdirmək artıq diplomatiyanın zirvəsini fəth etməkdir.
2. Müasir dünyanın siyasi xalçasında ilmələr dolaşıb. Yalnız dünya siyasətində praktiki olaraq sülhü əldə etməyin mümkünlüyünü isbat etmiş liderlər yaranan çətinlikləri uğurla dəf edə bilər.
3. Sülhü rəhbəri olduğu dövlətin və cəmiyyətin bütün institutlarının prioritetinə çevirməklə sülhü siyasətin preambulasına gətirmək olar.
Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin danışıqlar yolu ilə həll olunması praktikası da dünyaya nümunədir. Ancaq bu müddət ərzində BMT-nin çıxardığı 4 qətnamənin heç biri icra edilmədi. Beynəlxalq hüququn zəif tərəfləri yalnız siyasətçilər üçün deyil, işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşlarının hər biri üçün ağır kədər yaradırdı. Azərbaycan dövləti diplomatiya və hərbin gücü ilə 44 gün ərzində Zəfərə nail olaraq işğalçı tərəfin kapitulyasiyasına nail oldu. Azərbaycanın Qarabağ ərazisində formalaşdırılmış hərbi xunta üzvləri həbs olunaraq onlara qarşı ədalətli hökm oxundu. Bütün bunlar cinayətkarların cəzalandırılması ilə bərabər, həm də 30 ilə yaxın bir dövr ərzində sülhə mane olaraq müharibəni dəstəkləyən bir çox qüvvələrin məğlubiyyəti demək idi. Görünür 907-ci düzəlişin tam aradan qaldırlmaması hələ də Cənubi Qafqaza, eləcə də reallaşacaq TRİPP dəhlizinə mane olmağa hazırlaşan siyasi qüvvələrə lazımdır.
ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinin dilaoq istiqamətində İnstitusionallaşması 907-ci düzəlişin tam ləğvi məsələsini beynəlxalq gündəmə gətirir. Həmçinin, hazırda Azərbayacan Respublikasının Prezidenti İlham Əliyev yeni sülh pradiqmasını dövlətlərarası siyası mədəniyyətin preambulasına gətirməyə çalışan liderdir. Şaxələnən sülh siyasəti rəsmi Ermənistanın iqtisadi yüksəlişinə səbəb olmaqdadır. 1992-ci ildə “Soyuq müharibə”nin təsirləri ilə ABŞ-ın bəzi siyasi dairələrinin 907-ci düzəlişi Azərbaycanın üzərində hələ də saxlaması ədalətli və sülhsevər görünmür.
Hüseyn İbrahimov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının dosenti, s.f.doktoru,politoloq

