I MƏQALƏ
Qlobal geosiyasət
İndi dünya miqyasında geosiyasi mənzərənin mürəkkəb və ziddiyyətli olduğu, xeyli sayda risklərin ortaya çıxdığı haqqında bu və ya digər kontekstlərdə çox yazılır. Baş verən hadisələr bu qənaəti tam təsdiq edir. Prosesin təzahür formaları müxtəlif çalarlı olsa da, ümumi mənzərə faktiki olaraq dünyanın hərblə sülh arasında seçim etməli olması ilə bağlıdır.
Bu vəziyyət L.N.Tolstoyun “Hərb və sülh” əsərinin bədii süjetinin yaratdığı təəssüratdan daha dərində olan və bütövlükdə bəşəriyyətin mövcudluğunun real proyeksiyasıdır. Dünya ümumiyyətlə, seçim etməlidir: hərbi qarşıdurmalara davam etməli, yaxud davamlı sülh yolunu seçməli?
Etiraf edək ki, real olaraq belə bir seçim etmək asan deyildir. Çünki dünyanı “yenidən bölüşdürmək” həvəsində olanlar çox fəallaşmışlar. Kimlərsə sərhədləri yenidən çəkmək, öz maraq dairəsini istədiyi kimi “cızmaq” və dünyada hegemonluğunu təmin etmək niyyətlərindən əl çəkmirlər. Onlar “dünyanı masanın üstünə qoyub” özünə “düşməli olan payı” açıq göstərməkdədirlər. Bu zaman, “qurdların süfrəsində” ölkələr, mədəniyyətlər, insanlar “dadlı təamlar” kimi qurbangetmə vaxtlarını gözləyirlər.
Belə bir mənzərədə sülhün yerini və rolunu müəyyən etmək də çətin olur. Ancaq dünya ümidsiz deyildir və bir sıra dövlətlər fəallıqlarını getdikcə daha da artırırlar. Onlar əsl sülhsevərliyi dünya siyasi mənzərəsinin naxışı kimi tarixləşdirmək istəyirlər. Həmin sırada Azərbaycanla Türkiyənin töhfələri danılmazdır və çox əhəmiyyətlidir.
Sülhsevər Azərbaycan yeni orta güc kimi
Bu tezis adi ritorika deyildir. Real siyasətdə Azərbaycan Prezidentinin atdığı addımların nəticələrinin siyasi ümumiləşdirilməsidir. Rəsmi Bakı indi regionlararası miqyası aşaraq qlobal səviyyədə dünyada sülhün bərqərar olunmasında əhəmiyyətli addımlar atır.
Bu fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”ına layiq görülməsi tam başadüşüləndir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mükafatın təqdimolunma mərasiminə göndərdiyi videomüraciətində demişdir: “Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri cənab Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm.
Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram.
Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik”.
Bu müraciətin məntiqindən aydın görünür ki, artıq dünya miqyasında Azərbaycan Prezidentinin “davamlı sülhün bərqərar olması yolunda atdığı cəsur addımları” qəbul edirlər və onu “Qafqazın gələcəyində yeni bir səhifə” açacağı ilə yanaşı, “dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn təşəbbüs” kimi qiymətləndirirlər. Bu qiymətləndirmə təsadüfi deyildir, əksinə, onun mənasında Azərbaycan liderinin davamlı fəaliyyətindən formalaşan sülhyaratma təcrübəsi vardır.
Prezident İlham Əliyevin dünya miqyasında sülh seçiminə aparan fəaliyyətini təsdiq edən faktlara bir daha nəzər salaq. Onlar kompleks halında Azərbaycanın yeni orta güc kimi əsas keyfiyyətlərini ifadə edirlər.
Regional lider: sülhsevərlik nümunəsi
Azərbaycan Vətən müharibəsinə qədər kifayət qədər sülhsevər xarakterli addımlar atmış və əməkdaşlıq platformaları irəli sürmüşdür. O cümlədən, Ermənistanın təcavüzü nəticəsində yaranmış münaqişəni danışıqlar yolu ilə həll etməyi dəfələrlə təklif etmişdir. Paralel olaraq müxtəlif mötəbər beynəlxalq tədbirlər təşkil edərək özünün sülh arzusunu ifadə etmişdir. Bu sırada “Bakı prosesi”nin yeri və rolu xüsusi qeyd edilməlidir. Bütün süni maneələrə baxmayaraq Azərbaycan Ermənistan tərəfindən törədilən bir neçə hərbi təxribatlara cavab vermək məcburiyyətində qalmasına qədər dinc yolla problemi həll etmək planından imtina etməmişdir.
Çox əhəmiyyətlidir ki, hətta Vətən müharibəsinə başlamaqda da əsas məqsədi münaqişəni sülh naminə aradan qaldırmaqla sıx bağlı olmuşdur. Buna görədir ki, Vətən müharibəsi başa çatandan sonra Azərbaycan Prezidenti münasibətləri normallaşdırmaq xəttinə üstünlük vermişdir. Bununla Azərbaycanın yeni orta güc kimi başlıca xüsusiyyətini ifadə edən sülhsevərlik tarixdə ilk dəfə olaraq müstəqil bir dövlətin və qalib ölkənin timsalında konseptual məzmun almışdır.
Əlbəttə, bu tarixi bir hadisə idi və postmüharibə dövrü göstərir ki, Azərbaycan Prezidentinin dərin düşünülmüş və regionun miqyasını aşan sistemli sülh konsepsiyası mövcuddur. Eyni zamanda, həmin konsepsiya təsir dairəsinə görə regionlararası miqyası da aşaraq qlobal səviyyədə işlək sülh mexanizmlərinin formalaşdırılmasında ciddi rol oynaya bilər. Məsələnin bu tərəfinin geosiyasi anlamı çox əhəmiyyətlidir.
Əməkdaşlıqdan təhlükəsizliyə: yeni model
Hazırda dünyada bir çox dövlətləri orta güc kimi xarakterizə edirlər. Hesab edilir ki, müasir dövrdə Braziliya, Hindistan, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və başqaları orta gücdürlər. Lakin Azərbaycanın orta güc kimi formalaşmasının özəllikləri vardır. Onu bir neçə parametrlə xarakterizə etmək olar.
Birincisi, Azərbaycan müstəqilliyini əldə edəndə faktiki olaraq həm qlobal güclər, həm də cırtdan Ermənistan tərəfindən siyasi, psixoloji, ideoloji, geosiyasi və hərbi təzyiqlərlə üz-üzə qalmışdı. Buna görə də real olaraq ölkəni xilas etməklə müstəqil dövlət quruculuğunu paralel aparmaq məcburiyyəti yaranmışdı. Bu o demək idi ki, Azərbaycan öncə özünü müstəqil dövlət ola bilən ölkə kimi sübut etməli idi. Bunu Azərbaycan böyük siyasi lideri Heydər Əliyevin fəaliyyəti sayəsində bacardı.
İkincisi, Azərbaycan siyasi kursu ilə dünyanın inkişaf etmiş kəsimi ilə sıx əlaqələr qurmalı və onları qarşılıqlı faydalı qazanc məcrasına salmalı idi. Bu addım dövlətin dünyada etibarını və ona inamı təmin edəcəkdi. Praktiki olaraq Azərbaycanın demokratik, hüquqi və inkişafa istiqamətlənmiş dövlət olması identikliyini hər kəsə qəbul etdirəcəkdi.
Üçüncüsü, Azərbaycan müasir tarixi mərhələdə dünyada yeganə dövlət idi ki, milli ideyasında başlıca məqsəd kimi ərazi bütövlüyünü təmin etməyə, yəni özünü tam müstəqil dövlət olaraq təsdiq etməyə üstünlük vermişdi. Həmin qərarın geosiyasi anlamı bütün haqsızlığa və ədalətsizliyə, müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycanın dövlət identikliyində sülh, təhlükəsizlik və əməkdaşlığın aparıcı yer tutması ilə əlaqəlidir.
Dördüncüsü, Azərbaycan müstəqil dövlət kimi iqtisadi, siyasi, sosial, mədəni, ideoloji, hərbi və başqa inkişaf parametrlərini ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə yönəltmişdi.
Burada dinc enerji siyasəti ciddi rol oynayırdı. Azərbaycan rəhbərliyi enerji potensialını məharətli siyasi-diplomatik addımlarla başqalarına hökm etmək üçün deyil, müstəqil dövlətin qurulmasına istiqamətləndirmişdi. Əvvəlcə, Bakını anlamadılar və onun qətiyyətinə inanmadılar. Azərbaycan dövləti bu maneəni də aşdı. Vətən müharibəsində hərb meydanında və informasiya müharibəsi sahəsində rəqiblərini məğlub etdi.
Beşincisi, dünyanın böyük gücləri bu mərhələlərdən sonra da Azərbaycan dövlətinin əsl sülhsevər mahiyyətini (identikliyini) dərk edə bilmədilər. Və əsl “sülh savaşı” da bundan sonra başladı. Prezident İlham Əliyevin bu bağlılıqda aşağıdakı fikirləri dərin və dəqiq təhlil, doğru proqnozlaşdırma nümunəsi olmaqla yanaşı, qalib dövlətin real sülhsevərliyinin anatomiyasını açırdı. Dövlət başçısı 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bununla bağlı ifadə etmişdir: “...Məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub”.
Deməli, Vətən müharibəsinə qədər olan dövrdə Azərbaycan real və qalıcı sülh şəraitində yaşamamışdır. Böyük qələbə yalnız ölkənin hərbi qüdrətini göstərmədi, həm də dövlət olaraq Azərbaycanın yeni tarixi mərhələyə başladığını və onun başlıca əlamətinin sülh şəraitində yaşamaqdan ibarət olduğunu təmin etmişdir. Prezident fikirlərinə davam edərək demişdir: “Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu”.
Azərbaycan Prezidentinin nə qədər ədalətli, obyektiv və haqlı olduğu növbəti dəfə Əbu-Dabidə 2026-cı il fevralın 4-də söylədiyi aşağıdakı fikirlər təsdiq etdi. Mükafatın təqdim olunması mərasimində Prezident İlham Əliyev bir daha vurğulamışdır: “Biz 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”
Buradan Azərbaycanın sülhsevər dövlət kimi seçdiyi fəaliyyət kursunun mühüm konseptual özəlliyi haqqında nəticə çıxarmaq olar.
Sülh uğrunda mübarizədən sülh şəraitində yaşamağa
Azərbaycan Prezidentinin fəaliyyəti və ona verilən qiymət göstərir ki, postmüharibə mərhələsində Azərbaycan sülh uğrunda illərlə apardığı mübarizə kursunu məharətlə sülh şəraitində yaşamağa transformasiya edə bilmişdir. Bu, asan reallaşan və dağınıq proses ola bilməz. Mütləq surətdə dəqiq hesablanmış addımlar və onların müsbət nəticə verməsi üçün qətiyyətli sistemli siyasi-diplomatik fəaliyyət tələb edir. Burada həmin siyasətin müxtəlif istiqamətlərdə həyata keçirildiyini, yəni çoxvektorlu mahiyyət daşıdığını ayrıca vurğulamaq lazımdır. Çünki sülh konsepsiyası dövlət siyasəti kimi həmin istiqamətlərin yaratdığı ümumi siyasi-diplomatik şəbəkə fonunda uğurlu ola bilərdi.
Müasir mərhələdə müxtəlif istiqamətlərdə həyata keçirilən siyasi fəaliyyətin vahid sistemdə sintez edilməsi kreativ yanaşma tələb edir. Həm də bu fəaliyyətin nəzəri səmərəli olması ilə yanaşı, mütləq surətdə praktiki nəticəsi olmalıdır. Həmin nəticələri biz bir neçə istiqamətdə həyata keçirilən və sülhlə əməkdaşlığı birbaşa təhlükəsizliyin təmini ilə əlaqələndirən fəaliyyətdə görürük.
Birincisi, Azərbaycan Mərkəzi Asiya istiqamətində “C5+1”-i “C6+1”ə çevirən əsas güc oldu.
İkincisi, Azərbaycan TDT-ni qlobal əməkdaşlıq platformasına çıxaran layihələrin təşəbbüskarı oldu. Bu baxımdan Orta Dəhliz kontekstində Zəngəzur dəhlizinin qlobal geosiyasətin aktual gündəminə əməkdaşlıq, təhlükəsizlik və sülh faktoru olaraq daxil olması möhtəşəm nəticədir.
Üçüncüsü, Azərbaycan Yaxın Şərqin ən aktual sülhyaratma proseslərinin fəal iştirakçısıdır. Bununla bağlı bir neçə fakt mövcuddur və onları hər kəs bilir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

