Ekspertlər Xocalı cəlladının revanş çağırışını belə cavablandırırlar
Erməni ekspertlərinin regionda cərəyan edən proseslərlə bağlı son dövrlər səsləndirdikləri fikirlər diqqəti cəlb edir. Bu fikirlərdə emosional yanaşmadan çox, rasionallıq, baş verən proseslərin mahiyyətini anlama cəhdi hiss olunur.
Uzun illər ört-basdır edilən cinayətə bərabər səhvlər və yanlış siyasi addımlar açıq şəkildə etiraf edilməyə başlanıb. Xüsusən də regionda əməkdaşlığın niyə mümkünsüz olduğu və bunun kimlərin maraqlarına xidmət etdiyi sualları aydın qoyulur. Bu yanaşma göstərir ki, Ermənistan daxilində reallıqları doğru-dürüst dərk edənlərin sayı artır və onların yanaşmaları ermənilər arasında rəğbət doğurur.
Bu günlərdə “Noyan Tapan TV. Special Programs” “YouTube” kanalının qonağı olan Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri İnstitutunun assosiativ eksperti, siyasi icmalçı David Stepanyanın səsləndirdiyi fikirlər bu baxımdan maraq doğurur. Aparıcı Qayane Arakelyan qonaqla söhbətində Ermənistan–Azərbaycan münasibətlərində artıq qarşılıqlı təmas nöqtələrinin peyda olduğu, bir-biri ilə əməkdaşlığın tərəflər üçün sərfəli göründüyü bir mərhələnin başladığı təəssüratını bölüşüb. D.Stepanyan bu fikrə sakit şəkildə belə cavab verib: “Bu, həmişə belə olub. Bizim bir-birimizlə işləməyimiz həmişə sərfəli idi. Ancaq biz bunu etmirdik, çünki hakim elitaların başqa maraqları vardı və ilk növbədə bu maraqlar Rusiyaya məxsus idi. Onlar bu və ya digər formada Rusiyadan asılı və ya ona bağlı idilər. 1994-cü ildən (1994-cü ilin mayında atəşkəs haqqqında saziş imzalandıqdan sonrakı mərhələ nəzərdə tutulur–S.H.) sonra bunun sərfəli olmadığını kim deyib? Bu, hər zaman sərfəli olub. Bu, Rusiyaya, açıq şəkildə Rusiyanın təyin etdiyi prezident Robert Koçaryana sərfəli deyildi. O, heç vaxt heç yerdə seçilməmiş bir şəxsdir: nə Qarabağda, nə də Ermənistanda. Hər zaman təyin olunub. Təbii ki, onu təyin edənlərin maraqlarını təmin edib. O, bu planlara qarşı aktiv şəkildə fəaliyyət göstərən şəxslərdən biri idi”.
Ekspert 2001-ci ildə Bill Klintonla Vladimir Putin arasında aparılan danışıqların bu yaxınlarda məxfilikdən çıxarılmış stenoqramına da diqqət çəkib: “Həmin stenoqramı oxumağı hamıya məsləhət görərdim. Klinton deyir ki, yaxşı, Ki-Uest prosesi baş tutmadı, amma bəlkə Cənubi Qafqazda kommunikasiyaların açılması üçün başqa yol düşünək. Bəlkə bu problemi fərqli şəkildə həll etməyə çalışaq. Putin isə deyir: “Mən etiraz etmirəm, etiraz edən Robert Koçaryandır! Mən Robert Koçaryanla danışmışam, o hesab edir ki, biz bu məsələnin həllini gələcəyə saxlamalıyıq”. Budur, məsələni gələcəyə saxladılar… Hər şey aydındır, hər şey məlumdur, biz hər şeyi bilirik. Mən bilmirəm, Putin o anda Koçaryanın imtina etdiyini deyərkən yalan danışırdı, ya yox…”
Onun fikrincə, Rusiya Prezidenti yalan demirdi və bu vəziyyət Ermənistanın ikinci prezidenti üçün həqiqətən də sərfəli idi: “Sərhəddə hər gün insanların həlak olması, Qarabağın, onun 160 min (?) sakininin qeyri-müəyyənlik içində qalması, ölkənin suverenliyinin yumşaq desək, ciddi şəkildə məhdudlaşdırılması, Ermənistanın hara getdiyini və inkişaf edib-etmədiyini vətəndaşların bilməməsi Koçaryan üçün əlverişli idi. Onun xarici işlər naziri Oskanyan isə deyirdi ki, biz bağlı sərhədlər şəraitində inkişaf edirik. Evrika! Biz velosipedi yenidən ixtira etdik! Dünyada qapalı sərhədlər şəraitində inkişaf edən heç bir ölkə yoxdur. Amma biz, guya, inkişaf edirdik. Bax, belə də “inkişaf etdik”.
Aparıcı Q.Arakelyan daha sonra Ermənistan–ABŞ münasibətlərini xarakterizə etməyi xahiş edib. “Qarşılıqlı maraqlara əsaslanan bir razılaşma. Biznes”, – deyə Stepanyan cavab verib. “Ancaq razılaşma? Yəni söhbət yalnız TRIPP-dən gedir?” – aparıcı dəqiqləşdirməyə çalışıb. “Bəli. Bu, gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar açan bir razılaşmadır. “Firebird” Amerika investisiya şirkətinin layihəsi bunun ən yaxşı sübutudur. Hələ iki il əvvəl artıq buradakı amerikalılar faktiki olaraq ABŞ biznesinə investisiyalar baxımından zəmanət verirdilər. Və bu çox şeydən xəbər verir. Bu onu göstərir ki, TRIPP üzrə danışıqlar ötən il başlamayıb, daha əvvəl – Ermənistanın 2022-ci ildə ayılma prosesinə başladığı vaxtdan etibarən gedirdi. Azərbaycan qüvvələrinin Cermuka 3 kilometrə qədər yaxınlaşması pik nöqtə oldu və məhz oradan geri sayım başlandı. Bəli, Amerika investisiyaları həmişə təhlükəsizlik deməkdir. Bu, Gümrüdə və ya Qafanda Amerika hərbi bazasının yerləşdirilməsindən daha etibarlı təhlükəsizlik təminatıdır”, – deyə D.Stepanyan vurğulayıb.
* * *
Bəli, D.Stepanyanın səsləndirdiyi fikirlər Ermənistanın siyasi keçmişinə tənqidi baxışın artıq təkcə hakimiyyət çevrələrində deyil, ekspert cameəsində də gücləndiyini göstərir. Uzun illər “tarixi zərurət”, “təhlükəsizlik maraqları” adı altında əsaslandırılan yanlış qərarların, əslində, konkret şəxslərin və mərkəzlərin maraqlarına xidmət etdiyi indi daha açıq şəkildə etiraf olunur. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının niyə onilliklər boyu mümkünsüz edildiyi sualına verilən cavablar da artıq əfsanələrə deyil, real faktlara söykənir.
Qarabağdakı separatçı hərəkatın öncüllərindən, Xocalı cəlladı R.Koçaryan bu prosesdə mərkəzi fiqur kimi çıxış edir. Stepanyanın da vurğuladığı kimi, Koçaryan nə Qarabağdakı keçmiş separatçı xunta rejimində, nə də Ermənistanda legitim seçki yolu ilə hakimiyyətə gəlmiş şəxs idi. O, xalqın siyasi iradəsinin daşıyıcısı yox, təyin olunmuş fiqur idi və bu status onun bütün fəaliyyəti boyu özünü açıq şəkildə büruzə verirdi. Koçaryanın əli təkcə Azərbaycan xalqının deyil, erməni xalqının da qanına batıb. Ermənistanı regionda əməkdaşlıq imkanlarından uzaqlaşdıran, sülh perspektivlərini bilərəkdən dalana salan əsas simalardan biri oldu. Çünki gərginlik, qeyri-müəyyənlik və münaqişə onun hakimiyyətinin davamlılığı üçün ən əlverişli mühit idi.
2001-ci il Klinton–Putin danışıqlarının stenoqramı da bu reallığı təsdiqləyir. Kommunikasiyaların açılması və regional blokadaların aradan qaldırılması ideyasına qarşı çıxan tərəfin məhz Koçaryan olması təsadüfi deyildi. Məsələnin “gələcəyə saxlanılması” əslində problemin dondurulması, insanların həyatları bahasına status-kvonun qorunması demək idi. Sərhəddə hər gün itkilər, Qarabağda on minlərlə insanın taleyinin havadan asılı qalması, Ermənistanın suverenliyinin faktiki məhdudlaşdırılması Koçaryan üçün siyasi dividendlər yaradırdı. Bu xəttin ideoloji əsaslandırılması isə Vardan Oskanyan kimi fiqurların üzərinə düşürdü. “Bağlı sərhədlər şəraitində inkişaf” tezisi sadəcə siyasi məsuliyyətsizlik deyil, eyni zamanda cəmiyyətin intellektual səviyyəsini təhqir edən yanaşma idi. Qapalı sərhədlərlə inkişaf nağılı Ermənistanı real iqtisadi və siyasi alternativlərdən məhrum etdi və ölkəni dalana sürüklədi. Ölkənin sonrakı prezidenti Serj Sarkisyan da bu destruktiv xəttin davamçısı oldu. Koçaryanla eyni siyasi məktəbin yetirməsi kimi o da mövcud sistemi qorudu, məsuliyyəti paylaşdı və nəticədə Ermənistanı daha dərin böhrana apardı. Bu üçlüyün fəaliyyəti ölkəni inkişafdan çox, asılılığa və tənəzzülə yaxınlaşdırdı.
Bu gün vəziyyət dəyişir. Erməni cəmiyyəti getdikcə daha aydın şəkildə anlayır ki, illərlə onlara “milli maraq” kimi təqdim edilən siyasət əslində dar bir qrupun hakimiyyət maraqlarına xidmət edib. Stepanyan kimi ekspertlərin açıq danışması da bunu göstərir: Ermənistan ictimaiyyəti artıq bu fiqurların əsl simasını tanıyır və keçmişin yanlışlarına haqq qazandırmaq cəhdləri getdikcə daha az inandırıcı görünür.
Səxavət HƏMİD
XQ

