Rusiya, Cənubi Qafqaz və “yumşaq güc”

post-img

Yaxud “Kojokin intellektuallığı” nəyə hesablanıb?

Son günlər ictimai müzakirələrə səbəb olan və açıq mənbələrdə yayılan analitik sənəd Rusiyanın Cənubi Qafqaz siyasətinin metodoloji baxımından yeni sayıla biləcək mahiyyətini aydın şəkildə ortaya qoyur. Söhbət ölkənin Prezident Administrasiyasının xaricdə “yumşaq güc” alətləri və humanitar-siyasi təsir mexanizmlərinə cavabdeh olan yeni bölməsi üçün hazırlanmış daxili sənəddən gedir. Müəllifi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Yevgeni Kojokin olan sənəddən.

Məlumat üçün bildirək ki, Y.Kojokin əvvəllər Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb, 2002-ci ildən etibarən ölkənin Xarici İşlər Nazirliyinin xaricdəki soydaşlarla iş üzrə komissiyasının üzvüdür. O, diaspor icmalarının sosioloji və davranış analizləri üzrə ixtisaslaşıb. Yəni, adam təsadüfi biri sayıla bilməz. Hazırladığı mətn də publisistik deyil, tətbiqi-idarəetmə xarakteri daşıyır və özündə fundamental dövlət siyasətinin institusional məntiqini əks etdirir.

Beləliklə, sənəddə Kremlin Cənubi Qafqaz ölkələrində, xüsusilə rusdilli əhali üzərindən humanitar-siyasi təsir mexanizmlərini gücləndirmək niyyəti sistemli şəkildə əksini tapır. Məhz bu yanaşma Rusiyanın xarici siyasətində haqqında söz açdığımız “yumşaq güc” alətlərinə verdiyi xüsusi önəmi təsdiqləyir. Vurğuladıq ki, məsələ ilk baxışdan yenilik kimi qiymətləndirilə bilər. Çünki zaman-zaman Kremlin sırf hərbi gücə üstünlük verdiyini bilirik. Görünür, Kojokin zamanla ayaqlaşmağın zəruriliyini anlayıb. Amma məsələ təkcə bu şəxslə bağlı deyil. Zamanla ayaqlaşmaqdan söz düşmüşkən isə bir məqam da var ki, onu sonda açıqlayacağıq.

Bəli, Kojokinin müəllifi olduğu mətn Rusiya Prezident Administrasiyasının xaricdə humanitar və siyasi təsir alətlərinə cavabdeh olan yeni struktur bölməsi üçün hazırlanmış daxili sənəd kimi dəyərləndirilir. Mətnin məzmunu göstərir ki, burada söhbət təsadüfi yanaşmadan deyil, uzunmüddətli və planlı dövlət siyasətindən gedir. Belə bir fikrə gəlmək üçün isə əsaslar var.

Məsələ ondadır ki, sənəddə “soydaşlar” anlayışı mədəni-humanitar çərçivədən çıxarılaraq, xarici siyasətdə təsir vasitəsi kimi təqdim olunur. Yəni Rusiya diasporu potensial ictimai-siyasi resurs olmaqla yanaşı, zərurət yarandığı zaman siyasi mobilizasiya kanalı kimi nəzərdən keçirilir. Başqa sözlə desək, rusdilli əhali müstəqil ictimai qrup yox, xarici siyasətin funksional elementi qiyafəsindədir. Yəni diaspor mədəni körpü statusundan çıxır, təsir, təzyiq və siyasi mobilizasiya potensialına malik alətə çevrilir.

Analitik sənəddə Azərbaycan Mərkəzi Asiyanın bir sıra dövlətləri ilə yanaşı, ən mürəkkəb əməliyyat mühiti kimi xarakterizə edilir. Bunun əsas səbəbi ölkəmizdə dövlət institutlarının möhkəmliyidir. Kojokin isə durumu ictimai-siyasi proseslər üzərində effektiv nəzarət mexanizmlərinin mövcudluğu ilə əsaslandırır. Əlbəttə, o deyə bilməz və deməz ki, Azərbaycanda xalq-iqtidar vəhdəti mövcuddur. Həmçinin, o, Azərbaycanda təhlükəsizlik və hüquq-mühafizə orqanlarının işinin yüksək səviyyədə təşkil olunduğunu və bu amilin xarici aktorların qeyri-formal təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını da vurğulamaz. Hər halda, bu yanaşma ölkəmizin milli təhlükəsizliyinin və ictimai-siyasi sabitliyinin etibarlı şəkildə qorunduğunu göstərməklə yanaşı, destabilizasiya kursu seçənlər üçün də diskomfort vəziyyət formalaşdırır.

Azərbaycandan fərqli olaraq, sənəddə Ermənistan daha əlverişli fəaliyyət mühiti kimi təqdim olunur. Bildirilir ki, ölkədə dövlət nəzarətinin nisbətən zəifliyi xarici təsir mexanizmləri üçün imkanlar yaradır. Amma bu amil eyni zamanda risk mənbəyi kimi qiymətləndirilir. Çünki xarici aktorların daxili siyasi proseslərə təsir imkanlarının genişlənməsi dövlət suverenliyi və milli maraqlar baxımından ciddi çağırışlar yarada bilər. Nəzərə alaq ki, çağırışları formalaşdıran qüvvə hazırkı Ermənistan iqtidarıdır. Ölkənin baş naziri Nikol Paşinyanın anti-Rusiya ovqatını hər zaman diri tutduğunu və mövcud amilin daxildəki ruspərəstlər üçün ciddi maneə yaratdığını bilirik.

Gürcüstana gəldikdə, Kojokinin hazırladığı mətndə bölgə postmüharibə dövründə Rusiyadan köç edən vətəndaşların əsas cəmləşmə məkanı kimi göstərilir. Qeyd edilir ki, Rusiyanı tərk edənlərin əhəmiyyətli hissəsi məhz bu ölkədə məskunlaşıb və mövcud fakt Gürcüstanı uzunmüddətli humanitar və təşkilati fəaliyyət baxımından prioritet istiqamətə çevirir. Yəni gələcəkdə ölkənin ictimai-siyasi mühitinə və informasiya məkanına təsir imkanları böyükdür.

Ümumi yanaşsaq, sənəd bir daha göstərir ki, Cənubi Qafqaz Rusiyanın xarici siyasətində strateji əhəmiyyətə malik regionlardan biri olaraq qalır. Sənəddə humanitar və “yumşaq güc” alətləri region ilə bağlı məsələlərdə hərbi-siyasi vasitələri tamamlayan mühüm təsir mexanizmi kimi vurğulanır. Bu nəticəyə gəlmək mümkündür ki, hazırkı şəraitdə Cənubi Qafqaz ölkələri üçün əsas vəzifə milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və xarici təsir cəhdlərinin qarşısının vaxtında alınmasıdır. Yəni güclü dövlət institutları, effektiv təhlükəsizlik sistemi və milli informasiya siyasəti bu istiqamətdə əsas təminat rolunu oynayır.

Bir məqamı da vurğulayaq ki, əslində, Kojokinin hazırladığı sənəd uzunmüddətli fəaliyyət planı təsiri bağışlayır. Məsələn, orada rusdilli əhali üzərindən humanitar-siyasi təsir mexanizmlərini gücləndirmək niyyəti klassik humanitar fəaliyyət deyil, strateji və məqsədyönlü təsir aləti rolunda çıxış edir. Sənəddə mədəni əlaqələrin qorunması, dil və identikliyin dəstəklənməsi kimi anlayışlar ön plana çəkilsə də, onların arxasında əsas məqsəd siyasi loyallıq formalaşdırmaq və bu loyallığı zərurət yarandıqda aktiv resursa çevirməkdir. Yəni, humanitar fəaliyyət burada özlüyündə məqsəd deyil, vasitə rolunu oynayır. Hər halda, bütün bunlar üçün zaman lazımdır. Təhsil, media, ekspert mühitləri, qeyri-hökumət təşəbbüsləri və sosial şəbəkələr vasitəsilə təsir dairəsinin genişləndirilməsi üçün də həmçinin.

Sonda onu da bildirək ki, Rusiya Prezident Administrasiyasının xaricdə “yumşaq güc” alətləri və humanitar-siyasi təsir mexanizmlərinə cavabdeh olan yeni bölməsi üçün hazırlanmış sənəddə əks olunan niyyət humanitar diplomatiya çərçivəsindən kənara çıxan, planlı, institusional və geosiyasi məqsədlərə xidmət edən təsir strategiyası kimi xarakterizə oluna bilər. Ehtimal var ki, bu strategiya açıq qarşıdurmanı deyil, dərin və davamlı sosial-siyasi nüfuz qurmağı hədəfləyir. İlk baxışdan bunda elə bir təəccüblü durum yoxdur. İstənilən super gücün bu sayaq planların mövcudluğu, müəyyən mənada, təbii qarşılanmalıdır. Amma Rusiyanın mövcud ampluada xeyli gecikdiyini söyləməliyik. Başqa sözlə desək, Kojokinin simasında ölkənin intellektual siyasi düşüncə sistemi, əvvəldə vurğuladığımız zamanla ayaqlaşmaq məramının icrası naminə fəaliyyətə xeyli gec başlayıb. Ona görə ki, Rusiya, bir dövlət və super güc olaraq, bütövlükdə Cənubi Qafqazın orta statistik vətəndaş kəsimi üçün, böyük ölçüdə, antipod obrazındadır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət