Yaxud ölkənin tranzit imkanları barədə bir neçə söz
Əlbəttə, başa düşürük ki, aktiv müxalifətçi ampluası hakimiyyətlərə qarşı ittiham yağdırmağı xeyli asanlaşdırır. Bu mənada Gürcüstandakı əks qütb təmsilçilərini anlamaq mümkündür. Amma onların bir sıra məqamlara toxunmaları təəccüblüdür. Məsələn, belə fikir var ki, Prezident İlham Əliyevin Ermənistan üzərindən keçən tranzit marşrutu ilə bağlı bəyanatı Gürcüstanın 1990–2000-ci illərdə əldə etdiyi bütün nailiyyətləri sıradan çıxarır. Belədə, istər-istəməz, sual yaranır: Gürcüstanın hansı nailiyyəti olmuşdu?
Suala cavab verərkən, ölkənin müstəqilik illərində qazandıqlarını mübahisələndirmək niyyətindən uzağıq. Onu da bildirək ki, Gürcüstan indiyədək bir çox uğurlara imza atıb. Ölkədə sivil və çevik idarəçilik metodu formalaşıb. Elə bir metod ki, onun nəticəsində Qərbə inteqrasiya yolu tutuldu. Bütün bunlar öz yerində. Amma bir anlıq düşünək: Sakartvelonun tranzit imkanlarını yaxşılaşdırmaq üçün hansısa fövqəladə işlər görüldümü?
Təbii ki, məsələ heç də bunda deyil. Müstəqillik illərində Gürcüstanın bəlli tranzit rolu onsuz da var idi. Söhbət Bakı-Tbilisi-Ceyhan kimi nəhəng layihədən gedir. Yəni Gürcüstan Azərbaycan neftinin Türkiyə vasitəsilə dünyaya çıxmasında bloqposta çevrilmişdi. Mövcud özül üzərində 2006-cı ildə rəsmi adı Cənubi Qafqaz Boru Kəməri olan Bakı-Tbilisi-Ərzurum ərsəyə gəldi. Bu kəmər Azərbaycanın təbii qazını Gürcüstan üzərindən Türkiyəyə daşıyan strateji enerji layihəsi oldu.
“Əmma” isə budur ki, Gürcüstanın qlobal layihələrin iştirakçısına, eləcə də Azərbaycanın enerji ehtiyatlarının dünyaya çıxarılmasında mühüm məntəqəyə çevrilməsi dövrün və zamanın diktəsi idi. Yəni prinsip etibarilə Gürcüstan nəyisə təklif etməmişdi. Buna heç ehtiyac da yox idi. Azərbaycan torpaqları işğal altında idi. Aydındır ki, belə bir durumda Ermənistan tranzit məmləkət ola bilməzdi. Halbuki 90-cı illərdə Qərbin müxtəlif dairələri buna çalışmış, işğalın davam etdiyi bir dönəmdə Azərbaycan neftinin və qazının işğalçının ərazisindən daşınmasını istəmişdilər. Həmin vaxt bu dairələr rəsmi Bakıya təzyiq də göstərməyə çalışmışdılar. Ancaq Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində belə cəhdlərin qarşısı alınmışdı. Üstəlik, Ulu öndər prinsipiallığını Ermənistan tranzitinin daha sərfəli olmasına rəğmən göstərmişdi. Nəticədə təcavüzkar dalan aqibəti ilə üzləşmişdi.
Hazırda işğal başa çatıb. Bu, o demək deyil ki, Ermənistan qarşısında “yaşıl işıq” var. 2020-2025-ci illərin olayları göstərdi ki, ölkə sülhə asanlıqla gəlmədi, bu, öz yerində. Əlbəttə, indi vəziyyət fərqlidir. Ermənistan geosiyasi dalandan çıxmağın vacibliyini anlayır. Onun Azərbaycanın sülh şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur. Şərtləri yerinə yetirmək vəziyyəti düzgün dəyərləndirmək, optimal yolu seçməkdir. Ermənistan üçün tranzit imkanı yaradan da məhz reallığın dərkidir. Ancaq bu, Gürcüstanın tranzit imkanlarının üzərindən xətt çəkilməsi demək deyil. Yəni kimlərsə hazırda ölkəni hesabdan silməyə tələsməməlidir. Çünki regionun əhəmiyyəti əvvəlki illərdəkindən qat-qat çoxdur.
Bəli, müxaliflər Gürcüstanın hazırkı hakimiyyəti ilə problem yaşayırlarsa, bu problemdə Azərbaycan izləri axtarmaq lüzumsuzdur. Elə rəy formalaşmamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya qoyulması ilə yaranan yeni düzəndə Gürcüstan üçün hansısa xoşagəlməzlik var. Belə yanaşma həm siyasi təhlil nöqteyi-nəzərdən düzgün deyil, həm də etik mükalimə sayıla bilməz.
Gürcü müxaliflərin mövqeyi həm də ona görə düzgün deyil ki, onun haqqında söz açdığı Gürcüstan üçün sərfəlilik paradiqmasının kökündə dayanan məqam işğal faktoru idi. İndi nə düşünək? Düşünək ki, Gürcüstanın uduşlu durumda qalması üçün Azərbaycan ərazilərinin işğalı davamlı olmalı idi? Əlbəttə, qonşu ölkənin heç bir siyasətçisinin bunu arzuladığını demirik. Axı düşmənçilik əbədi ola bilməz. Kimlərinsə, hansısa dövlətlərinsə düşmənçiliyi üzərində qurulmuş strategiya da həmçinin.
Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin bu gün Gürcüstan üzərindən keçən tranzitin, sabah Ermənistan üzərindən keçə bilməsinə dair mesajı, sadəcə, geosiyasi reallığın xatırladılmasıdır. Ümumən, tranzit sabit və dəyişməz marşrut deyil, siyasi mühitə uyğun olaraq alternativlər yaradıla bilər. Digər tərəfdən, Gürcüstan tranzit baxımından özünü təsdiqləmiş ölkədir, onun bəlli infrastrukturu var. Ermənistanın bu nöqteyi-nəzərdən uğur qazanıb-qazanmayacağı zaman məsələsidir. Ölkənin marşrutları da hələ siyasi razılaşma, təhlükəsizlik və texniki investisiya mərhələsindədir.
Üstəlik, dünyanın aparıcı ekspert mərkəzləri Gürcüstan marşrutunu daha sabit və proqnozlaşdırıla bilən hesab edirlər. Bu mövqe gürcü ekspert dairələri tərəfindən də məqbul sayılır. Onlar belə bir konsensusu bölüşürlər ki, Ermənistan marşrutu Gürcüstanı əvəz etmək yox, onu balanslaşdırmaq üçündür. Axı yuxarıda qeyd etdiyimiz regionun tranzit tutumunun genişlənməsi amili var. Bu amil ərazi üzrə daşımaların şaxələndirilməsini qaçılmaza çevirir.
Sonda onu da deyək ki, Sakartvelo Cənubi Qafqazın vahid orqanizm obrazının ayrılmaz tərkib hissəsi, tamamlayıcı simgəsidir. Gürcüstan dost və qonşu olmaqla yanaşı, həm də Azərbaycanın strateji tərəfdaşıdır. Hakimiyyətlər dəyişəndir. Tərəfdaşlıq isə son dərəcə sabit, mühüm siyasi və mənəvi dividenddir. Ona hansısa iqtisadi fayda amili ilə zərər gətirilməsi qətiyyən yolverilməzdir. Ona görə güman edirik ki, qeydlərimiz Gürcüstanın müxalif siyasi fikri üçün önəmli olacaq.
Ə.CAHANGİROĞLU
XQ

