Böyük siyasətdə dürüstlük və qətiyyət

post-img

Dünya Azərbaycan Prezidentinin sözünü onun imzası kimi qəbul edir

Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibə, orada səsləndirilən tezislər regionun və dünyanın gələcək arxitekturasına dair rəsmi Bakının baxışını əks etdirən doktrinal xarakterli bəyanatlardır.

Dövlət başçısının sərrast, məntiqli və diplomatik gedişlərlə zəngin çıxışı Qərbdəki bəzi dairələrin riyakar siyasətini ifşa etməklə yanaşı, Cənubi Qafqazın təhlükəsizlik paradiqmasının tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. İlham Əliyevin xüsusi vurğuladığı Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe ilə Avropa Komissiyası arasındakı münasibətlərin kontrastı, əslində, Avropa İttifaqı daxilindəki institusional böhranın və vahid xarici siyasət kursunun yoxluğunun göstəricisidir.

Məsələnin dərinliyinə vardıqda aydın olur ki, Strasburqdan səslənən ittihamlar, qəbul edilən qətnamələr insan hüquqları və ya demokratiya narahatlığından irəli gəlmir. Əksinə, sözügedən sənədlər rəsmi Bakının müstəqil siyasətini, heç bir kənar diktəyə boyun əyməməsini və milli maraqları hər şeydən üstün tutmasını həzm edə bilməyən erməni lobbisinin, islamafob mərkəzlərin təsiri altında olan qruplara bağlı şəbəkələrin fəaliyyətinin nəticəsidir. Prezident haqlı olaraq qeyd edir ki, bizi Ermənistana qarşı “təcavüzkar mövqedə” ittiham edən avrodeputatlar indi olduqca gülünc vəziyyətə düşüblər. Çünki reallıq onların uydurduğu yalanlardan tamamilə fərqlidir. Tarixi ədalətin bərpa olunduğu, Azərbaycanın suverenliyini tam bərpa etdiyi indiki mərhələdə Qərbin bəzi qanunverici orqanlarının köhnə valdan çıxış etməsi siyasi korluqdan başqa bir şey deyil. Avropa Komissiyası isə praqmatik yanaşma nümayiş etdirərək enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahəsində Azərbaycanın əvəzsiz rolunu qəbul edir və əməkdaşlıqdan məmnunluğunu gizlətmir. İcraedici strukturların reallığı dərk etdiyi halda, qanunverici orqanların populizmə yuvarlanması Avropanın siyasi simasını zədələyən əsas amillərdən biridir.

2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması faktı anti-Azərbaycan qüvvələrin bütün arqumentlərini darmadağın etdi. Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə əldə olunan, Vaşinqtonda ilkin imzalanması həyata keçirilən sənəd İrəvanın Bakı ilə sülhə, əməkdaşlığa hazır olduğunu rəsmən təsdiqlədiyi halda, Avropa Parlamentinin hələ də aqressiv ritorika ilə çıxış etməsi absurd teatrını xatırladır. Ermənistanın özünün razılaşdığı, imzası ilə təsdiqlədiyi şərtləri avropalı parlamentarların qəbul etməməsi, “ermənidən daha çox erməni” olmağa çalışmaları yalnız korporativ maraqlar və hay lobbisinin maliyyə inyeksiyaları ilə izah edilə bilər. Avqust razılaşması fonunda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı sanksiya dili ilə danışmağa cəhd etməsi, nümayəndə heyətimizin səs hüququ ilə bağlı manipulyasiyalar qurumun nüfuzunu sıfıra endirən addımlardır. Prezidentin də proqnozlaşdırdığı kimi, AP üzvləri gec-tez reallıqla barışmalı, özlərində cəsarət tapıb ədalətsiz mövqelərini düzəltməli olacaqlar.

***

Rəsmi Bakının yürütdüyü siyasət nəticəsində Cənubi Qafqaz artıq beynəlxalq əməkdaşlıq platformasına çevrilir. 2025-ci il oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin iştirakı və orada səsləndirdiyi fikirlər Azərbaycanın qlobal sülhyaratma proseslərində fəal iştirakçı, təcrübəsi və nüfuzu ilə seçilən lider dövlət olduğunu təsdiqləyir. Yaxın Şərqdəki gərginliyin azaldılması, münaqişələrin həlli yollarının axtarılması istiqamətində keçirilən mötəbər sammitdə Azərbaycan liderinin iştirakı təsadüfi xarakter daşımır. Otuz il ərzində işğal faktı ilə üz-üzə qalan, lakin sonda həm hərbi, həm də diplomatik yollarla ədaləti bərpa edən, sülhü diktə edən tərəf kimi ölkəmizin təcrübəsi Yaxın Şərq və digər münaqişə ocaqları üçün unikal model rolunu oynayır.

Cənubi Qafqazda sülhyaratma prosesində Azərbaycanın liderliyi şübhə doğurmur. Müharibədən çıxmış ölkənin dərhal sülh təklif etməsi, beş baza prinsipini irəli sürməsi və sərhədlərin delimitasiyası prosesinə başlaması dünya hərb tarixində nadir rast gəlinən hadisələrdəndir. Avropa Parlamenti kimi qurumların “humanizm” dərsi keçməyə çalışdığı bir vaxtda, məhz Azərbaycan real humanizm nümayiş etdirərək regionun gələcəyini inkişaf və inteqrasiyada görür. Ağ Evdəki paraflanma mərasimi isə həmin səylərin məntiqi yekunu idi. Həmin görüşdə tərəflərin razılığa gəlməsi göstərdi ki, üçüncü qüvvələrin, xüsusilə Fransa kimi neokolonialist siyasət yürüdən dövlətlərin təxribatları nəticəsiz qalmağa məhkumdur. Prezident İlham Əliyev Davosda bir daha bəyan etdi ki, sülh müqaviləsi artıq reallıqdır və kənar ölkələrin prosesi pozmaq imkanları minimuma endirilib.

Ümumi nöqteyi-nəzərindən yanaşdıqda, qarşıdakı dövrdə baş verə biləcək hadisələrin ssenarisi aydındır. İlk növbədə, sülh müqaviləsinin rəsmi imzalanmasından sonra regionda nəhəng iqtisadi layihələrin reallaşması sürətlənəcək. Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin funksionallığının artması Azərbaycanı Avrasiyanın əsas nəqliyyat habına çevirəcək. Həmin prosesdə Avropa Komissiyasının dəstəyi və marağı danılmazdır. Ursula fon der Lyayenin Bakını “etibarlı tərəfdaş” adlandırması təsadüfi deyil. “Qoca qitə”nin enerji təhlükəsizliyi böyük ölçüdə Xəzər hövzəsindən gələn resurslardan asılıdır. İkinci mühüm məqam Ermənistanın daxili siyasi mühitindəki dəyişikliklərdir. Sülhün bərqərar olması revanşist qüvvələrin mövqelərini zəiflədəcək, İrəvanın regional layihələrə qoşulması isə qonşu ölkənin iqtisadi dirçəlişinə səbəb ola bilər. Lakin bunun üçün Ermənistan rəhbərliyi siyasi iradəsini sona qədər nümayiş etdirməli, regionun maraqlarına xidmət edən qərarlar qəbul etməlidir. Üçüncüsü, Avropa Şurası və Avropa Parlamenti kimi təşkilatların Azərbaycana qarşı mövqeyində məcburi yumşalma müşahidə olunacaq. Çünki Azərbaycan olmadan Cənubi Qafqazda heç bir layihə reallaşa bilməz.

Azərbaycanın sülhməramlı missiyalardakı iştirakı, təhlükəsizliyin təmin olunmasındakı rolu da xüsusi qeyd edilməlidir. Ölkəmiz Əfqanıstandan tutmuş digər qaynar nöqtələrə qədər beynəlxalq sülhməramlı əməliyyatlarda nümunəvi xidmət göstərib. Rəsmi Bakı ikili standartları rədd edir. Ukrayna məsələsində ərazi bütövlüyünü dəstəkləyən Qərbin Qarabağ məsələsində illərlə səssiz qalmasını, Fələstin məsələsində isə fərqli yanaşma sərgiləməsini qəbul etmir. Ədalət hər kəs üçün eyni olmalıdır.

Mövcud proseslər aydın göstərir ki, Azərbaycanın “hücum diplomatiyası” strategiyası öz bəhrəsini verir. Prezident İlham Əliyev müdafiə olunmur, əksinə, qarşı tərəfin arqumentlərini darmadağın edərək gündəliyi formalaşdırır. “Euronews” telekanalına müsahibədə Azərbaycan liderinin “lobbi qruplarının fəaliyyəti” barədə səsləndirdiyi fikirlər problemin kökünü açır. Bəllidir ki, Azərbaycana qarşı kampaniya koordinasiya olunmuş mərkəzdən idarə edilir. Həmin mərkəz isə müstəqil, güclü, İslam dünyasının aparıcı dövləti olan Azərbaycanı öz orbitində görmək istəyən neokolonialist güclərdir. Lakin onlar unudurlar ki, qarşılarında 90-cı illərin əvvəllərindəki zəif Azərbaycan yox, qalib xalq, müzəffər ordu və polad iradəli lider var. Bu amillər istənilən təzyiq cəhdini beşikdəcə boğmağa qadirdir.

Davosda səslənən fikirlər, Ağ Evdə əldə olunan tarixi razılaşma və Şarm əl-Şeyx sammitindəki iştirak vahid strateji xəttin tərkib hissələridir. Həmin xətt Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, regionda dayanıqlı sülhün təmin olunmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyev siyasi qrosmeyster kimi gedişləri bir neçə addım irəlidən hesablayır və rəqibləri mat vəziyyətinə salır. Avropa Parlamentinin qərəzli qətnamələri tarixin zibilliyinə atılacaq, lakin Azərbaycanın qurduğu sülh, yaratdığı inkişaf modeli və imza atdığı qələbələr əbədi yaşayacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət