Cəsarət Hüseynzadə: “Azərbaycanın sosial siyasəti imkanlara əsaslanan, ədalətli, şəffaf və uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir”
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə müxtəlif sahələr üzrə Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətlərlə bağlı fikirləri və eyni zamanda gələcəklə dövrlə bağlı baxışları özündə əks etdirib. Xüsusən vacib sahələrdən bir kimi sosial sahənin diqqətdə saxlanılması Prezident İlham Əliyevin vətəndaşların rifahı ilə bağlı siyasətin prioritet olacağını göstərir. Beləki, Azərbaycanda dövlət siyasətinin əsas mərkəzində insan amili, vətəndaşın rifahı dayanır və bu sosial siyasət real nəticələrə əsaslanan, ardıcıl və sistemli yanaşma üzərində qurulub.
Prezidentin “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri, əslində, son 20 ilin sosial-iqtisadi inkişaf modelinin qısa və dəqiq ifadəsidir. Minimum əməkhaqqının 40 dəfədən çox artırılması, maaş və pensiyaların müntəzəm şəkildə yüksəldilməsi, sosial müavinətlərin genişləndirilməsi bu siyasətin konkret nəticələridir.
Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. O bildirib ki, Prezident İlham Əliyevin vacib bir məsələni xüsusilə qeyd etməsi diqqətdə saxlanılmalıdır ki, artımlar və sosial dəstək populist vədlər hesabına deyil, iqtisadi islahatlar, əldə edilən real gəlirlər əsasında mümkün olub. Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri də sosial və investisiya siyasəti arasında qorunan həssas balansdır. Bu yanaşma onu göstərir ki, sosial rifah yalnız bugünkü deyil, gələcək nəsillərin də maraqları nəzərə alınmaqla təmin edilir. Azərbaycanın borclanmaya getmədən, gələcək nəsilləri risk altına atmadan sosial öhdəliklərini yerinə yetirməsi məsuliyyətli dövlət idarəçiliyinin nümunəsidir. “Hesab edirəm ki, ölkənin inkişafı kontekstində sosial rifahın təmin olunması mexanizmləri əsasən davamlı məşğulluğun yaradılmasına və dəyər zəncirinin formalaşmasında fəal iştirakın təşviqinə yönəlib. Bu yanaşma uzunmüddətli iqtisadi və sosial sabitliyin təmin edilməsində prioritet hesab olunur. Xüsusilə vurğulanmalı məqam rifahın təmin olunmasına yönəldilən dövlət investisiyalarıdır. Bu investisiyalar insan kapitalına yönəldilməklə gələcək nəsillərin sosial rifahının möhkəmləndirilməsini hədəfləyir. Məsələn, ölkəmizdə sosial cəhətdən həssas qruplara aid tələbələr üçün tətbiq olunan güzəştli tələbə kredit sistemi minlərlə ailənin gələcəyinin təmin olunmasında mühüm rol oynayır. İşğal dövründə belə sosial sahənin prioritet saxlanılması – məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 100-dən artıq yeni yaşayış massivinin salınması – dövlətin sosial ədalətə və humanitar məsuliyyətə verdiyi önəmin bariz göstəricisidir. Son yeddi ildə icra olunan 5 sosial islahat paketi, 4 milyon insanı əhatə edən və təxminən 8 milyard manatlıq vəsaiti əhatə edən proqramlar bu siyasətin miqyasını açıq şəkildə nümayiş etdirir.”, - deyə QHT sədri vurğulayıb.
C.Hüseynzadə qeyd edib ki, Azərbaycan cəmiyyətində özünüməşğulluq proqramı kifayət qədər populyarlıq qazanıb. Bu vətəndaşlar üçün davamlı qazanc üçün gözəl bir mexanizmdir və sosial dəstək mexanizminin yalnız yardım deyil, dayanıqlı məşğulluq üzərində qurulduğunu göstərir. 100 mindən çox vətəndaşın bu proqramdan faydalanması, cəmiyyətdə ələbaxımlılığın azaldılması istiqamətində mühüm addımdır.
“Fikrimcə, dövlət tərəfindən bu istiqamətdə ən vacib məqamların işlənilməsi xüsusi diqqət mərkəzində olmaldır. Məsələn 2025-ci ildə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində 4800-ə yaxın şəxs işlə təmin olunub. Əslində dövlətin çox incə toxunuşla həm sosial dəstək mexanizmini icra edir və həm də dəyər zəncirinin formalşmasında həssas təbəqənin iştirakını təmin edir. Prezidentin qeyd etdiyi kimi, məqsəd insanlara davamlı gəlir əldə etmək imkanı yaratmaqdır. Xüsusi həssas qruplara – şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı isə Azərbaycan sosial siyasətinin mənəvi əsaslarını ortaya qoyur. Minlərlə mənzil, avtomobil, ən müasir protezlərlə təminat dövlətin öz vətəndaşları qarşısında vətəndaşlıq borcunu necə dərk etdiyini göstərir.”
QHT sədri bildirb ki, bu gün Azərbaycanın sosial siyasəti imkanlara əsaslanan, ədalətli, şəffaf və uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlət iqtisadiyyatı gücləndikcə, bu gücün ilk növbədə insanın rifahına yönəldilməsi isə bu siyasətin əsas fəlsəfəsidir.
Bu siyasətin uğurla həyata keçirilməsində əsas məqsəd ədalətli və şəffaf mexanizmlərin formalaşdırılmasıdır. Bu istiqamətdə son 7 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəqəmsallaşma sahəsində ardıcıl və sistemli tədbirlər görülmüş, mühüm nailiyyətlər əldə olunmuşdur.
“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 162 xidmətdən 90 faizindən çoxu elektronlaşdırılıb. Bununla yanaşı, 50-dən çox proaktiv xidmət yaradılıb. Nəticə etibarilə, sosial rifahın inkişafı və sosial dəstək mexanizmləri genişlənmiş, xidmətlərə əlçatanlıq artmış və vətəndaş məmnunluğu səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.”, - deyə Cəsarət Hüseynzadə bildirib.
XQ

