Türk Dövlətləri Təşkilatının (TDT) dünyanın yeni güc mərkəzlərindən birinə çevrildiyini demək üçün bütün əsaslar mövcuddur. 400 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtəfərli iqtisadi potensiala, enerji resurslarına, logistikaya, eləcə də müasir ordulara malik təşkilat haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddiasını ortaya qoyur. TDT-yə üzv dövlətlərin bütün müstəvilərdə nümayiş etdirdikləri həmrəylik və qarşılıqlı dəstək onun bu iddiasının reallığa əsaslandığını isbatlayır.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqət yetirməsi heç də təsadüfi deyildi. Jurnalistin türk dövlətləri arasında hərbi əməkdaşlıq elementinin zəruriliyi barədə sualını cavablandıran dövlətimizin başçısı hazırda dünyada gedən proseslərin hər bir ölkənin, ilk növbədə, öz hərbi potensialını gücləndirməsini vacib amilə çevirdiyini önə çəkir: “Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.
Bəli, İlham Əliyev bu məsələni ilk dəfə deyil gündəmə gətirir. Dövlətimizin başçısı bu ideyanı, sadəcə dilə gətirmir, həm də özünün strateji planları hədəfləyən təhlilini ortaya qoyur. Bu barədə danışarkən “bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var” – deyən Azərbaycan Prezidenti diqqəti dürüstlük və ədalət prinsipinin unudulmamasına, heç bir ölkənin, heç bir rəhbərin nahaq iş görməməsinə yönəldir. Ölkəmizin son 30 ildə üzləşdiyi haqsızlıqdan, ikili standartlardan çıxış edən Azərbaycan lideri heç bir ölkənin digər ölkənin ərazi bütövlüyünə göz dikməməsinin, heç bir ölkəni işğal etməməsinin dəyişməz postulat olaraq qəbul olunmasını vurğulayır.
Müsahibədə Azərbaycanın həm 2020-ci, həm 2023-cü ildə, həm də bu illər arasında baş verən hadisələr zamanı güc tətbiqi ilə Ermənistanın layiqli cavabını verməyə qadir olduğunu bildirən İlham Əliyev bunu niyə etmədiyimizin səbəbini diplomat-zərgər dəqiqliyi ilə xırdalayır: “Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu, artıq mətbuata da getmişdi. Prezident Trampın müşaviri cənab Vitkof müsahibələrinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək”.
Bu məqamda dövlətimizin başçısı gücün, ədaləti bərpa etməyə qadir hərbi qüdrətin müasir dünyada oynadığı rola işarə edir. Ardınca təbii olaraq, Azərbaycanın Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlığını TDT-nin digər üzvləri üçün nümunə göstərir və onları da bu istiqamətdə əməkdaşlığa başlamağa çağırır. İntəhası, bu zaman İlham Əliyev onun təşəbbüsündən əndişəyə düşə biləcək bədxahlarımızın da cavabını verir: “Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir”. Beləliklə, təklif irəli sürüldü, mesajlar da verildi. Qalır bunlardan hərənin öz payını götürməsi.
***
Yaxın keçmişdə türk xalqlarının inteqrasiyası ideyası yalnız mədəni və mənəvi birliyə xidmət edirdisə, bugünün reallığı həmin birliyin praktik təhlükəsizlik mexanizmləri üzərində qurulmasını diktə edir. Bu təşəbbüsü məhz Azərbaycanın irəli sürməsi tamamilə məntiqlidir. Çünki Azərbaycan son 5 ildə regionda sülhün, sabitliyin və təhlükəsizlik arxitekturasının qurulmasına vacib töhfələrini verib. Vətən müharibəsində əldə edilmiş qələbə, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının uğurlu nəticələri göstərdi ki, milli müdafiə strategiyasını müasir texnologiyalar, çevik diplomatiya və yüksək döyüş qabiliyyəti üzərində quran ölkələr bölgədə yeni güc mərkəzini yarada bilərlər. Məhz bu baxımdan yanaşanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü təklif təkcə siyasi ideya deyil, yaxın tarixə və konkret təcrübəyə söykənən strateji təşəbbüsdür.
Razılaşaq ki, XXI əsrdə müharibələrin və münaqişələrin gətirdiyi xaos, müxtəlif qitələrdə cərəyan edən ziddiyyətli proseslər hər bir ölkənin təhlükəsizlik sahəsinə xüsusi diqqət yetirməsini vacibdən də vacib edir. Bu prizmadan yanaşanda, türk dövlətləri də öz növbəsində müdafiə qabiliyyətlərini durmadan artırmalı, gözlənilən xarici təhdidlərin qarşısını vaxtında və qətiyyətlə almaqdan ötrü lazımi addımları atmalıdırlar. Qloballaşan dünyada baş verən prosesləri nəzərə alsaq, gələcəkdə TDT-nin özünün NATO-sunun yaranacağını da istisna etmək olmaz. O zaman Azərbaycan Prezidentinin bu gün həmin təşəbbüsü siyasi fəhm və uzaqgörənliklə irəli sürdüyünə əmin olacağıq.
Tofiq ABBASOV,
siyasi şərhçi
Dünyada güc amili həmişə aparıcı rol oynayıb. Əvvəlki vaxtlarda beynəlxalq hüquq normaları, dünyanın nizamını tənzimləyən sistem öz qüvvəsini saxlayır, çoxluğun fikri, iradəsi nəzərə alınırdı. Sonra məlum oldu ki, bu nizamı kökləyən “böyük güclər”in özləridir. Bəs yeni dünya düzəni hansı şəraitdə yaranır? Bu, müharibələrin baş verdiyi, bəzi ölkələrin və xalqların güclülərin nəzarəti altına düşdükləri reallıqdır.
Prezident İlham Əliyev Türk Dövlətlər Təşkilatının özünün təhlükəsizlik mexanizminin yaradılması ideyasını hələ təşkilatın Qəbələ Zirvə Görüşündə irəli sürmüşdü. Buraya birgə hərbi təlimlərin gücləndirilməsi, hərbi-siyasi sahədə əməkdaşlığın üfüqlərinin genişləndirilməsi kimi məsələlər daxil idi. Həmin zərurət dünyada cərəyan edən proseslərlə şərtləndirilirdi. Bəli, bu məsələni birinci dəfə gündəmə gətirən Azərbaycan lideri olub, TDT-yə üzv dövlətlərin təmsilçiləri də buna yekdilliklə razılıqlarını bildiriblər. Faktiki olaraq, gözümüzün qarşısında dünyanın bölünməsi uğrunda çarpışma gedir. Şimali və Cənubi Amerika qitələrində müşahidə olunan olaylar, Çinin Sakit okean hövzəsini öz nəzarətində saxlamaq cəhdləri, Rusiyanın postsovet məkanında prioritetlərini qorumaq səyləri bu zərurəti ortaya çıxarır. Yəni Türk dövlətləri bunlardan heç birinin təsir dairəsinə düşməli deyil. Artıq bu coğrafiyada möhkəm dayaq nöqtələrinə çevrilmiş güclü Türkiyə və Azərbaycan var. Dediyimiz proseslərdən kənarda qalmamaqdan ötrü bütövlükdə Türk dünyası güclü olmalıdır. Ordularımızın ən müasir səviyyəyə gətirilməsi məsələsi isə artıq müzakirə mövzusu deyil. Dövlətimizin başçısı zamanın bu tələbini hamıdan əvvəl duydu və bu barədə fikirlərini aşkar şəkildə söylədi. Bu, şüarçılığın, pafosun olmadığı praqmatik tezisdir.
İlham Əliyevin israrla üzərində dayandığı bu ideyanın gerçəkləşməsi üçün TDT üzvlərinin hər birinin üzərinə düşən vəzifə və öhdəliklər var. Hesab edirəm ki, artıq müzakirələrdən əməli addımlara keçmək lazımdır. Azərbaycanın Türkiyə ilə yanaşı, Mərkəzi Asiya ölkələri ilə hərbi-siyasi sahədə əməkdaşlığı nümunə sayıla bilər. Dövlətimizin başçısı “TDT+” formatını da irəli sürdü ki, ortaq hərbi alyansa qeyri-türk dövlətləri, Avropadakı tərəfdaşlarımız da qoşula bilsinlər. Bu, təkcə güc deyil, yeni geosiyasi mərkəzin yaradılması deməkdir. “Böyük güclər” bu mərkəzin mövqeyi və iradəsi ilə razılaşmalı olacaq.
İmran BƏDİRXANLI
XQ



