Dekabrın 23-də Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş katibi Xaled El-Enani arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir qarşı tərəfi UNESCO-nun Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.
UNESCO Baş katibinin təşkilata etimadın artırılması və fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.
Nazir, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə də ətraflı məlumat verib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

