Avropa miqrasiya problemini qorxu sindromuna çevirir

post-img

Azərbaycan isə məsələyə regional nəzarət və hüquqi nizamlama baxımından yanaşır

Avropada miqrasiya məsələsi uzun müddət iqtisadi ehtiyaclar, əmək bazarı və humanitar öhdəliklər kontekstində müzakirə olunurdu. Lakin son illər sözügedən məsələ bu çərçivədən kənara çıxıb. Miqrasiya artıq Avropa üçün nə əmək bazarının tamamlayıcısı, nə də humanitar məsuliyyət sahəsi kimi qəbul edilir.

Hətta Avropada miqrasiya ilə bağlı verilən qərarların böyük hissəsi real inteqrasiya mexanizmlərindən çox populist təzyiqlərə cavab vermək məqsədi daşıyır. Daha dəqiq desək, miqrant obrazı siyasi diskursda fərdi talelərdən və konkret reallıqlardan uzaqlaşaraq kollektiv təhlükə simvoluna çevrilir. Bu isə problemin həlli əvəzinə onun böyüməsini sürətləndirir.

Məsələni daha yaxşı anlamaq üçün əvvəlcə qitə dövlətlərinin miqrasiya siyasətini analiz etmək lazımdır. Məsələn, Almaniya uzun müddət Avropada miqrantların inteqrasiyası üçün ən real modellərdən biri kimi təqdim olunurdu. “Açıq qapı” siyasəti bir dövr rəsmi Berlinin humanitar liderlik iddiasını gücləndirmişdi. Lakin bu model siyasi səbir və ictimai konsensus tələb edirdi. Amma bu iki amil son illər sürətlə aşınmağa başladı. Sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişi miqrasiya mövzusunun əsas siyasi partiyalar tərəfindən sərtləşdirildiyini göstərib. Təhlükəli məqam ondadır ki, miqrasiya artıq struktur inteqrasiya problemindən daha çox ictimai təhlükəsizlik və mədəni uyğunluq məsələsi kimi təqdim olunur. Bu yanaşma miqrantları cəmiyyətin potensial risk qrupuna çevirir. Qəribəsi odur ki, Almaniya kimi işçi qüvvəsinə ciddi ehtiyacı olan ölkədə bu ritorika paradoks yaradır. Fransaya gəldikdə isə ölkədə miqrasiya müzakirəsi postkolonial məsuliyyətdən qaçış forması alır. Parisin miqrasiya mövzusu digər Avropa dövlətlərindən daha dərin tarixi qatlara malikdir. Çünki Şimali Afrika və Yaxın Şərqdən gələn miqrantlar Fransa cəmiyyətində milli kimliklə bağlı mübahisələrin mərkəzində dayanır. Mübahisələrin kökündə isə Fransanın müstəmləkə keçmişi ilə üzləşmək istəməməsi durur. Milli Birlik Partiyasının yüksəlişi bu çatların artıq siyasi normaya çevrildiyini göstərir. Görünür, rəsmi Paris, faktiki olaraq miqrasiya mövzusunu daxili mədəni müharibə aləti hesab edir. Bu isə radikallaşma risklərini maksimum həddə çatdırır.

Ümumiyyətlə, miqrasiya məsələsi, demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Məsələn, Böyük Britaniya üçün miqrasiya “Brexit” prosesinin (“Britain” və “exit” sözlərinin birləşməsindən yaranıb və Böyük Britaniyanın Aİ-dən çıxmasını ifadə edir) əsas ideoloji sütunlarından biri idi. Çünki Avropa İttifaqından çıxış miqrasiya üzərində tam nəzarət vədi ilə əsaslandırılmışdı. Lakin “Brexit”dən sonrakı dövrdə bu mövzu hökumətlərin siyasi uğursuzluqlarını ört-basdır etmək üçün gündəm alətinə çevrildi. Belə olan halda isə miqrant anlayışı tədricən hüquqi statusdan çıxarılaraq təhlükəsizlik kateqoriyasına salındı. La-Manş boğazından keçən miqrantların kriminal ritorika ilə təqdim olunması cəmiyyətdə empatiya hissini zəiflətdi və sərt tədbirlərin normallaşmasına zəmin yaratdı. Ruandaya deportasiya planı kimi təşəbbüslər isə cəza mexanizmlərinə əsaslanan idarəetmənin göstəricisi idi. Bu yanaşmalar miqrasiya problemini həll etməkdən daha çox onu hüquqi qeyri-müəyyənlik, sosial marginalizasiya və radikallaşma mənbəyinə çevirdi. Hazırda Böyük Britaniya daxil bir çox ölkələr miqrasiya məsələsini siyasi simvola çevirməklə real struktur problemlərdən yayınmağa çalışırlar. Dünyada miqrasiya məsələsi məhz “simptomlar” üzərindən idarə edilir. Müharibələr, iqlim böhranı, qlobal bərabərsizlik və postkolonial məsuliyyət kimi amillər kənarda qalır. Miqrantlar isə bu problemlərin simvolik “günah keçisinə” çevrilir.

* * *

Azərbaycan miqrasiya məsələsinə tarixi və təhlükəsizlik reallıqları prizmasından yanaşır. Yəni dövlətimizin miqrasiya ilə bağlı mövqeyi Avropadan köklü şəkildə fərqlənir. Bunun əsas səbəbi Azərbaycanın miqrasiya proseslərini real tarixi təcrübə kimi yaşamış ölkə olması ilə izah edilə bilər. Rəsmi Bakı illərlə həm miqrasiya, həm də məcburi köçkün problemi ilə üzləşib. Amma Avropadan fərqli olaraq dövlətimiz üçün miqrasiya nə daxili siyasi manipulyasiya alətidir, nə də ideoloji qarşıdurma mövzusu. Çünki siyasətdə əsas xətt təhlükəsizlik, hüquqi nəzarət və sosial balans üzərində qurulub. Cəmiyyət miqrasiya məsələsinə empirik (real faktlara əsaslanan) təcrübə ilə yanaşır. Xatırlatmaqda fayda var ki, onilliklər boyu bir milyondan artıq azərbaycanlı məcburi köçkün statusunda yaşayıb və yaşamağa davam edir. Bunun əyani sübutu kimi Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızı göstərə bilərik. Lakin onların taleyi Avropada tez-tez istifadə olunan “miqrant” anlayışı ilə eyniləşdirilə bilməz. Çünki bizdə vəziyyət daha ciddidir. Məhz bu reallıq miqrasiya məsələsinin romantik və ya ideoloji təqdimatına imkan vermir.

Xüsusi vurğulanmalıdır ki, ölkəmizin miqrasiya siyasəti dövlətçilik və regional sabitlik üzərində qurulub. Azərbaycan miqrasiya proseslərini milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi görür. Bu yanaşma Avropadakından fərqli olaraq institusional nəzarət və hüquqi mexanizmlər üzərindən qurulub. Azərbaycan üçün əsas prinsip miqrasiya proseslərinin şəffaf, nəzarətli və dövlət maraqlarına uyğun idarə olunmasıdır. Əslində, ölkəmizin miqrasiya yanaşması normativ model kimi dəyərləndirilə bilər. Avropa üçün əsas örnək miqrasiya probleminin institusional düşüncə və uzunmüddətli strategiya ilə idarə olunması ola bilər. Əks halda, anti-miqrant ritorika Avropanın öz dəyərlərini daxildən çürüdən məsələyə çevirəcək.

Yusif BAĞIRZADƏ,
politoloq

Miqrasiya məsələsi həqiqətən də qlobal miqyasda ən həssas və ziddiyyətli mövzulardan biri kimi qalmaqdadır. Avropada və bir sıra inkişaf etmiş ölkələrdə miqrasiya həm də siyasi sabitlik və təhlükəsizlik problemi kimi qəbul olunur. Bu fonda Azərbaycan son illər formalaşdırdığı miqrasiya idarəetmə modeli ilə fərqli və diqqətçəkən yanaşma nümayiş etdirir. Ölkəmizin üstünlüyü ondan ibarətdir ki, miqrasiya siyasəti təhlükəsizlikyönümlü repressiv mexanizm əvəzinə, sosial siyasətin tərkib hissəsi kimi qurulub. Dövlət miqrasiya proseslərini nəzarətsiz buraxmır, amma, eyni zamanda, insan hüquqları, sosial adaptasiya və hüquqi şəffaflıq prinsiplərini ön plana çəkir. Problem ondadır ki, Azərbaycan tərəfindən uğurla qorunan bu balans bir çox ölkələrdə ya pozulub, ya da qurula bilməyib.

Son illər atılan addımlar – elektron xidmətlərin genişləndirilməsi, “ASAN xidmət” modeli ilə miqrasiya prosedurlarının sadələşdirilməsi, əmək miqrasiyasının hüquqi çərçivəyə salınması Azərbaycanı postsovet məkanında fərqləndirən əsas amillərdəndir. Bu gün tam məsuliyyətlə demək olar ki, ölkəmizdəki müvafiq dövlət qurumları miqrant üçün “xidmət göstərən institut” obrazı qazanıblar. Bu isə kölgə miqrasiyasının azalmasına və sosial gərginliyin minimuma endirilməsinə xidmət edir. Digər mühüm məqam Azərbaycanın multikultural mühitidir. Ölkə tarixən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan olub. Bu amil miqrantların cəmiyyətə inteqrasiyasını asanlaşdırır. Avropada miqrant–yerli qarşıdurması əsas problemə çevrildiyi halda, Azərbaycanda bu məsələ böhran xarakteri daşımır. Dövlət siyasəti də bu harmoniyanı qorumağa yönəlib. Bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan miqrasiya sahəsində alternativ və balanslı model formalaşdırmağa nail olub. Bu model Avropadakı sərt antimiqrant yanaşmalardan fərqli olaraq, təhlükəsizliklə humanizmi uzlaşdırmağa yönəlib. Bu xəttin ardıcıl şəkildə qorunması Azərbaycanı miqrasiya idarəçiliyi sahəsində beynəlxalq müzakirələrdə real nümunə kimi göstərməyə imkan verir.

Nəzrin ELDARQIZI
XQ



Siyasət