ABŞ Konqresində Azərbaycanla bağlı yardım məhdudiyyətlərinin, o cümlədən 907-ci düzəlişin ləğvi üçün yeni qanun layihəsinin irəli sürülməsi Vaşinqton–Bakı münasibətlərində son illərin ən diqqətçəkən dönüş nöqtələrindən biridir. Təşəbbüs bir tərəfdən ABŞ siyasətində dəyişən prioritetlərin, digər tərəfdən Azərbaycanın regionda yaratdığı yeni geosiyasi realıqların nəticəsi kimi dəyərləndirilir.
Layihənin müəllifi – Nümayəndələr Palatasının üzvü Luna Anna Paulina, faktiki olaraq, 30 ilə yaxın davam edən tarixi ədalətsizliyə yenidən baxış prosesinə siyasi impuls vermiş oldu. Məhz bu kontekstdə üç fundamental sual ortaya çıxır: İlk olaraq cavablandırmalıyıq ki, ABŞ Konqresinin son 30 ildə Azərbaycana qarşı formalaşdırdığı qərəzli xətt nə idi və bugünkü dönüş nədən qaynaqlanır?
1990-cı illərin əvvəllərindən etibarən ABŞ Konqresində Azərbaycanla bağlı formalaşan siyasi mühit tədricən birtərəfli təsir kanallarının nəzarətinə keçdi. “Soyuq müharibə”dən sonra Vaşinqtonun yeni geosiyasi xətti hələ tam müəyyənləşməmişdi və bu boşluğu daha çevik fəaliyyət göstərən erməni lobbisi doldura bildi. Konqres üzvlərinə yönəlik siyasi təzyiq, maliyyə dəstəyi və informasiya manipulyasiyası nəticəsində Azərbaycan sanki postsovet mühitində “cəzalandırılması vacib olan tərəf” kimi təqdim olundu. Məhz bu atmosfer 907-ci düzəliş kimi ədalətsiz siyasi aktı doğurdu. İşğala məruz qalan ölkənin deyil, işğalçı tərəfin müdafiə olunduğu bu qərar hüquqi və siyasi məntiq baxımından izahsız idi.
Məhz bu dövrdə ABŞ-ın Cənubi Qafqaz siyasəti ümumiyyətlə ziddiyyətli bir labirintdən ibarət idi. Vaşinqton ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə ortaq vasitəçi kimi çıxış etməli idi, lakin həmin mexanizm, əslində, ABŞ-ı iflic vəziyyətə saldı. Hər iki ölkənin regional maraqları bir-birinə zidd olduğundan, tərəflər “vasitəçilik” adı altında prosesləri, faktiki olaraq, donmuş vəziyyətdə saxladı.
Bəli, ABŞ özünün strateji oyununda Azərbaycanın əhəmiyyətini görmək istəmirdi, çünki struktur olaraq Minsk qrupu Rusiya tərəfindən manipulyasiya olunan platformaya çevrilmişdi. Digər tərəfdən, Ağ Evin müxtəlif administrasiyaları regiona daha çox ideoloji prizmadan baxırdı. Humanitar dəyərlərlə siyasi reallıqların qarışdığı, xristian həmrəyliyi kimi romantik yanaşmaların geosiyasətin sərt qanunlarından üstün tutulduğu bu dövr ABŞ-ın Cənubi Qafqaz siyasətini bəzən hətta emosional qərarlar səviyyəsinə endirirdi. Belə bir yanaşma nə Azərbaycanın ərazi bütövlüyü, nə də regionun real güc balansı baxımından səmərə verirdi. Əksinə, Ermənistanın işğal siyasətini legitimləşdirən, Azərbaycanın isə beynəlxalq hüquqa əsaslanan mövqeyini kölgədə qoyan qərarlar Qərbin öz strateji mövqelərini də zərbə altında qoyurdu.
Son otuz ildə formalaşmış bu qərəzli siyasi kurs Vaşinqtonu, faktiki olaraq, reallıqlardan uzaqlaşdırdı. Azərbaycan regionda enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları, antiterror siyasəti və Qafqazın geoiqtisadi arxitekturasının yenilənməsi kimi sahələrdə əsas oyunçuya çevrilmişkən, ABŞ bu dinamikanı vaxtında dərk etmədi. Ermənistanın geosiyasi yükü Vaşinqtona strateji dividendlər gətirmirdi, Azərbaycanla soyuqluq isə həm Avropanın enerji təhlükəsizliyinə, həm də ABŞ-ın Rusiya və İranın təsir dairələrini məhdudlaşdırmaq planlarına zidd idi.
Məhz bu səbəbdən bu gün Konqresdə 907-ci düzəlişin ləğvinə yönəlmiş təşəbbüs tarixi ədalətə qayıdışdan daha çox, dəyişən geosiyasi mühitin məntiqi nəticəsi kimi görünür. Vaşinqton artıq anlayır ki, köhnə kursu davam etdirmək strateji itkiləri artırıb. Azərbaycana gəldikdə, ölkəmiz regionda yaratdığı yeni siyasi nizamla ABŞ üçün etibarlı tərəfdaşa çevrilib. Yəni Konqresdəki dönüş ABŞ siyasətinin qəfil yumşalması deyil, son illər dəyişən beynəlxalq güc balansının Vaşinqtonu rasionallığa məcbur etməsidir.
* * *
Daha sonra cavablandırmalıyıq ki, bəs Co Baydenin prezidentliyi dövründə anti-Azərbaycan xəttin gücləndiyi halda, Donald Trampın dövlət başçısı postuna geri dönüşü hansı praqmatik kursu aktuallaşdırdı? Nəzərə alaq ki, Bayden–Blinken administrasiyasının Cənubi Qafqaza yanaşması ilk gündən regionun real siyasi dinamikası ilə ayaqlaşmırdı. Vaşinqton uzun illərdir Avropa institutlarında kök salmış ermənipərəst qrupların təsiri altına düşərək, proseslərə ideoloji müstəvidən yanaşmağa başladı. Belə bir xətt Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığı qəbul etmək əvəzinə, Minsk qrupunun vaxtilə iflasa uğramış mexanizmlərini dirçəltməyə yönəlmişdi. Halbuki həmin mexanizm illərlə bölgəni çıxılmaz vəziyyətdə saxlamış, Ermənistanın işğal siyasətini legitimləşdirən alətə çevrilmişdi.
Bayden komandası bütün bunları nəzərə almaq əvəzinə, Azərbaycanın haqlı mövqeyinə qarşı müxtəlif təzyiq vasitələrinə əl atdı. Demokratiya, insan haqları və dəyərlər adı altında irəli sürülən bəyanatlar, tezliklə siyasi tərəfkeşlik üçün alətə çevrildi. Vaşinqtonun bəzi rəsmilərinin revanşist dairələri ruhlandıran açıqlamaları yalnız Ermənistan daxilində qeyri-konstruktiv qüvvələri gücləndirdi və danışıqların təbii axarını pozdu. ABŞ bir tərəfdən vasitəçi rolunda çıxış etdiyini iddia edir, digər yandan isə prosesə ideoloji müdaxilələr edərək, özünün neytrallığını zəiflədirdi. Nəticədə, sabiq administrasiyanın bölgədəki təsir gücü xeyli azaldı və Vaşinqton, faktiki olaraq, Cənubi Qafqaz siyasətində təşəbbüsü Avropa və Rusiyaya ötürdü.
Trampın siyasi səhnəyə qayıdışı vəziyyəti kökündən dəyişdirdi. 2024-cü il seçkilərindən sonra formalaşan yeni administrasiya əvvəlki dövrün siyasi-sentimental yanaşmalarını kənara qoyub regiona daha sərt, rasionallığa əsaslanan strategiya ilə baxmağa başladı. Tramp komandasının prioritetləri qısa müddətdə aydın oldu: ABŞ-ın Rusiya qarşısında mövqelərinin gücləndirilməsi, enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması və İranın regional təsir səviyyəsinin balanslaşdırılması üçün Cənubi Qafqazda etibarlı tərəfdaşlara ehtiyac var idi. Elə bu mənzərədə Azərbaycan ən funksional seçim idi.
Yeni administrasiya anladı ki, Bayden dövründə tətbiq olunan təzyiq siyasəti Vaşinqtonu regionun real oyunçularından uzaqlaşdırmışdı. Tramp komandasının praqmatik baxışı isə tərəflər arasında gərginliyi azaltmaqla bərabər, Vaşinqtonun Bakı ilə əməkdaşlığı bərpa etməsini asanlaşdırdı. ABŞ siyasətində birdən-birə yaranan yumşalma regionun enerji xəritəsində Azərbaycanın oynadığı rol, Avropanın enerji diversifikasiyasına verdiyi töhfə və geosiyasi sabitlik baxımından yaratdığı dəyər Vaşinqtonu daha realist davranmağa vadar etdi. Bu kurs Vaşinqton–Bakı münasibətlərində uzun illərdir gözlənilən dönüş nöqtəsini formalaşdırdı. Etimad mühiti yenidən bərpa olundu, qeyri-praqmatik davranışlar arxa plana keçdi və ABŞ Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini açıq şəkildə qəbul etməyə başladı. Təhlükəsizlik, enerji, regional sabitlik kontekstində yeni dövrün başlanğıcı bu praqmatik yanaşmanın nəticəsidir.
* * *
Nəhayət, sonuncu sualımızı cavablandıraq: siyasi dönüş ABŞ–Azərbaycan əlaqələrini hansı yeni mərhələyə daşıyır və bu, bölgədə sülhə necə təsir edir? Tramp administrasiyasının geri dönüşü ilə Vaşinqton–Bakı xəttində yaranan yeni siyasi dinamika münasibətlərin keyfiyyət etibarilə tamamilə başqa mərhələyə keçməsi deməkdir. Uzun illər ideoloji çərçivələrdə ilişib qalan əlaqələr indi daha çox liderlərin şəxsi siyasi iradəsinə, qarşılıqlı rəğbətə və praqmatizmin üstünlük təşkil etdiyi real siyasət anlayışına əsaslanır. ABŞ-ın Azərbaycana münasibətində yaranan bu ton dəyişikliyi göstərir ki, Vaşinqton prosesləri emosional yanaşmalardan çıxarıb yenidən strateji düşüncə müstəvisinə qaytarıb.
Münasibətlərdəki dəyişimin ən mühüm göstəricisi, əlbəttə ki, ABŞ Konqresində gündəmə gətirilmiş yeni qanun layihəsidir. Deməli, qanunverici orqan daxilində də məsuliyyət hissi formalaşır. Vaşinqtonun siyasi elitası anlayır ki, 30 illik məhdudiyyət siyasəti nə Ermənistanı daha güclü edib, nə də regionda ABŞ-ın nüfuzunu artırıb. Əksinə, bu məhdudiyyətlər Cənubi Qafqazda qərbyönlü siyasətin qarşısını kəsən yükə çevrilib. Məhz buna görə məhdudiyyətlərin ləğvi ABŞ-ın öz strateji maraqlarının yeni şərtlərə uyğunlaşması anlamına gəlir.
Yeni mərhələnin ən mühüm komponenti isə bölgədə sülhün perspektividir. Vaşinqton artıq aydın dərk edir ki, Ermənistanın qeyri-real tələblərinin müdafiəsi və revanşist ritorikanın stimullaşdırılması sülh prosesini dalana dirəyirdi. ABŞ üçün bu siyasəti davam etdirmək nə regiona dayanıqlı sabitlik gətirir, nə də Qərbin maraqlarını qoruyurdu. Azərbaycanın isə son illərdə yaratdığı geosiyasi model – açıq kommunikasiyalara əsaslanan yeni nəqliyyat şəbəkəsi, iqtisadi inteqrasiya təşəbbüsləri və regional həmrəyliyə yönəlmiş siyasət Vaşinqton üçün tamamilə yeni perspektiv açır. ABŞ bu modeldə həm enerji təhlükəsizliyi üçün təminat, həm Rusiya–İran təsirinin balanslaşdırılması üçün dayaq, həm də Avrasiyanın mərkəzində etibarlı strateji tərəfdaş görür.
Sonda qeyd edək ki, Vaşinqton Bakı ilə əməkdaşlığın genişlənməsini Cənubi Qafqazda real sabitliyin yeganə yol xətti kimi görməyə başlayıb. Sülhə aparan siyasi xətt, bu mənada, konkret geosiyasi məntiqə söykənən, tərəflərin maraqlarının üst-üstə düşdüyü reallıqdır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


