Gürcüstanın Azərbaycan dizelinə tələbatı artır

post-img

Bakı Tbilisinin enerji təchizatına önəmli töhfə verir

Cənubi Qafqazda enerji siyasəti yalnız iqtisadi maraqlarla ölçülmür. O, həm də siyasi sabitlik və regional geosiyasi balans üçün önəmli rol oynayır. Bu baxımdan, Azərbaycan–Gürcüstan enerji əməkdaşlığı son illərdə yeni mərhələyə qədəm qoyub və regionda strateji tərəfdaşlıq nümunəsinə çevrilir. Gürcüstanın neft məhsulları idxalı üzrə açıqlanan statistika bu tendensiyanı aydın göstərir. 2025-ci ilin ilk doqquz ayında Tbilisi 1,3 milyon ton neft məhsulu idxal edib. Ötən illə müqayisədə Rusiya mənşəli dizelin payında azalma müşahidə olunur və bu boşluğu getdikcə Azərbaycan yanacağı doldurur. Xüsusilə, 2025-ci ilin oktyabrında Azərbaycandan dizel idxalı 352 dəfə artaraq 30 min tona çatıb. Bu göstərici təsadüfi deyil, Azərbaycan yanacağının Gürcüstan bazarındakı strateji mövqeyinin sürətlə gücləndiyini ortaya qoyur. Bunun regional geosiyasi əhəmiyyəti də böyükdür.

Onu da qeyd edək ki, Azərbaycan dizelinin üstünlükləri yalnız iqtisadi deyil, həm də logistika baxımından diqqət çəkir. Bakı–Tbilisi marşrutu Rusiya ilə müqayisədə daha qısa olduğu üçün nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır. Bu isə nəticədə nəqliyyat xərclərində əksini tapır. Bundan əlavə, Azərbaycan dizeli “Avro-5” standartına uyğun yüksək keyfiyyətə malikdir ki, bu da Gürcüstan üçün əlavə rəqabət üstünlüyü yaradır. Gürcüstan Neft İdxalçılar Birliyinin rəhbəri Vaxtanq İobaşvili bildirib: “Yanacağın keyfiyyəti Gürcüstan laboratoriyalarında “Avro-5” yüksək standarta uyğun olması test əsasında təsdiq edilib... Logistika xərcləri aşağıdır, amma yenə də hər şey “Platts”ın qiymətlərindən və dəmir yolu tariflərindən asılıdır”.

Bununla da bazarda qiymətlərin sabitliyi təmin olunur, tədarük etibarlılığı artır və bazar daha rəqabətli hala gəlir. Bu, həm istehlakçılar üçün daha sərfəli qiymətlər deməkdir, həm də Tbilisinin enerji siyasətində çevik və dayanıqlı qərarlar qəbul etməsinə imkan verir.

Prosesin ən mühüm tərəfi isə siyasi mahiyyət daşımasıdır. Çünki Gürcüstan enerji təhlükəsizliyi baxımından Rusiya təsirindən daha müstəqil olur. Enerji sahəsində asılılığın azalması, Rusiya ilə siyasi gərginliyin yüksək olduğu bir kontekstdə Tbilisinin qərbyönlü siyasətini dəstəkləyir və milli təhlükəsizliyini möhkəmləndirir. Azərbaycan isə bu baxımdan heç bir siyasi risk yaratmayan, əksinə, strateji maraqları uzlaşan tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq Tbilisinin enerji resurslarını etibarlı mənbələrdən təmin etməklə yanaşı, Gürcüstanın regional sabitliyinə və geosiyasi dayanıqlığına da töhfə verir.

Buna paralel olaraq, Cənubi Qafqazda siyasi gərginlikləri, xüsusilə son vaxtlar Gürcüstanla Rusiya arasında yaranmış soyuqluğu da nəzərə almaq lazımdır. Bu yaxınlarda Gürcüstan Rusiyadan, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməyi və qoşunlarını bu ərazilərdən çıxarmasını istəyib. Baş nazir İrakli Kobaxidze diplomatik əlaqələrin yalnız bu şərtlər təmin olunduqdan sonra bərpa oluna biləcəyini açıqlayıb və güzəşt olmayacağını vurğulayıb: “Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiya məsələsində heç bir güzəştə getməyəcək. Bu bizim üçün qırmızı xətdir. Bu mövzu üzrə hər hansı kompromis müzakirə oluna bilməz. Moskva isə bu tələbləri “mümkün olmayan və qeyri-real” hesab edir və hazırda heç bir güzəştə getmək istəmir. Bu vəziyyət Gürcüstanla Rusiyanın münasibətlərinə ciddi kölgə salır və Tbilisinin diplomatik əlaqələri normallaşdırmasına mane olur.

Rusiya, eyni zamanda, Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında hücum etməmək barədə razılaşmanın bağlanmasını təklif edib, lakin Abxaziya Gürcüstanın bölgəni geri qaytarmaq cəhdlərini “keçmişin fantom ağrısı” adlandırıb və bu gözləntiləri utopik sayır. Bununla da görünür ki, separatçı bölgələr heç cür Gürcüstanın tərkibinə qayıtmaq istəmir. Moskva da bu məsələdə güzəştə getməkdə maraqlı görünmür.

Bu mürəkkəb geosiyasi vəziyyət Gürcüstanın enerji siyasətini strateji baxımdan daha da önəmli edir. Azərbaycan yanacağı Rusiya ilə gərgin münasibət fonunda etibarlı və sabit enerji mənbəyi kimi çıxış edir, Tbilisi isə enerji asılılığını minimuma endirərək milli təhlükəsizliyini təmin edir.

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov bildirdi ki, Azərbaycanın Gürcüstanla enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır: “Gürcüstan Azərbaycanın Avropaya çıxış qapısı, enerji və nəqliyyat dəhlizlərinin əsas nöqtəsidir. Tbilisinin iqtisadi və siyasi sabitliyi Bakının regional siyasətinin təməl sütunlarından biridir. Azərbaycan yanacağının Gürcüstan bazarında mövqeyinin güclənməsi iki ölkə arasında qarşılıqlı əməkdaşlığı artırır, onu daha sarsılmaz edir və Cənubi Qafqazda Bakı–Tbilisi xəttini yalnız iqtisadi deyil, siyasi güc mərkəzinə çevirir.

Bu əməkdaşlıq həm də Avropa enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Rusiyadan asılı olmayan alternativ enerji marşrutunun formalaşması Qərbin regiona yönəlmiş enerji strategiyasına uyğun gəlir və Cənubi Qafqazın enerji xəritəsini dəyişdirir. Kulevi ərazisində tikilən yeni neft emalı zavodu Gürcüstanı idxalçıdan re-eksport mərkəzinə çevirə bilər və bu, əməkdaşlığın iqtisadi və strateji əhəmiyyətini daha da artırır”.

Hazırda Gürcüstan bazarına Azərbaycan dizelinin sürətlə nüfuz etməsi, gələcəkdə Rusiya yanacağının tamamilə əvəzlənə biləcəyi perspektivini gücləndirir. Bu isə regionda enerji asılılığının azaldılması, sabitliyin təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Nəticədə Azərbaycan–Gürcüstan enerji əməkdaşlığı yalnız iqtisadi qarşılıqlı fayda ilə məhdudlaşmır; regionda sabitlik, təhlükəsizlik və dayanıqlı siyasi balansın formalaşması üçün strateji addım kimi çıxış edir.

Bu əməkdaşlıq həm iqtisadi, həm də siyasi maraqların uzlaşmasını göstərir və Cənubi Qafqazın geosiyasi mənzərəsini yenidən formalaşdırır. Azərbaycan yanacağı Tbilisi üçün həm etibarlı enerji mənbəyi, həm də Rusiya təsirini balanslaşdıran strateji vasitə rolunu oynayır, Bakının isə Gürcüstan vasitəsilə Avropaya çıxışı güclənir”.

Beləliklə, Bakı yalnız iqtisadi deyil, həm də geosiyasi güc mərkəzi kimi regionda öz mövqeyini möhkəmləndirir.

P.ƏFƏNDİYEV
XQ



Siyasət