Qarşılıqlı faydaya, ortaq maraqlara əsaslanan Azərbaycan–İran əməkdaşlığı
Siyasi proseslərin sürətlə dəyişdiyi Cənubi Qafqazda bir çox dövlətlər dialoq kanallarını bərpa etmək üçün müxtəlif formatlar sınaqdan keçirsə də, son aylarda regionda ən real yaxınlaşma məhz Azərbaycan–İran xəttində müşahidə olunur. Çünki bu proseslərin arxasında həm Tehranda yeni siyasi idarəetmə fəlsəfəsinin formalaşması, həm də Bakının uzun müddətdir təmkinlə qoruduğu konstruktiv qonşuluq kursu dayanır. Elə buna görə də ötən ilin iyulundan, İranda Məsud Pezeşkianın Prezident seçilməsindən bu yana qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin inkişafı daha sistemli və ardıcıl xarakter almağa başlayıb.
Məsud Pezeşkianın seçki kampaniyası dövründə səsləndirdiyi mesajlar, ardınca regional siyasətdə “sakitləşdirici ton” yaratmaq cəhdləri Azərbaycan–İran xəttinə əlavə dinamika gətirdi. Bu, Bakı–Tehran xətti üçün yeni siyasi pəncərənin formalaşmasına etibarlı zəmin yaratdı. Tərəflər emosional ritorikanı kənara qoyub, praqmatik əməkdaşlıq modelinə keçmək imkanı qazandılar. Üstəlik, onun bu il aprelin 28-də Bakı səfəri tərəflərin gələcək əməkdaşlıq modelinin əsas konturlarını müəyyənləşdirdi. Tehran və Bakı bu ziyarəti yeni siyasi dövrün başlanğıcı kimi qiymətləndirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatında İran Prezidentinin Bakıya gəlişini “dostluq və qardaşlığın yüksək səviyyədə təzahürü” kimi qiymətləndirdi, imzalanan sənədlərin iki ölkə münasibətlərinə yeni siyasi məzmun verdiyini xüsusi vurğuladı. Eyni gün keçirilən Azərbaycan–İran biznes forumunda imzalanan birgə Bəyanat, ticarət, nəqliyyat və energetika üzrə sənədlər göstərdi ki, tərəflər artıq sadəcə gərginliyi azaltmağı yox, iqtisadi inteqrasiyanı dərinləşdirməyi hədəfləyirlər. Elə həmin forumda 2025-ci il iki ölkə arasında rəsmi olaraq “Azərbaycan–İran İli” kimi qeyd edilməyə başlandı.
Məhz belə bir mərhələdə İranın xarici işlər naziri Abbas Əraqçinin ötən gün Bakıya səfəri gündəliyi növbəti dəfə aktuallaşdırdı. Çünki səfərin məzmunu göstərdi ki, münasibətlər sadəcə bərpa olunmur, həm də yeni mərhələyə qədəm qoyur, daha dərinə gedən əməkdaşlıq mexanizmləri formalaşır və hər iki paytaxt bundan sonrakı prosesləri strateji planlama səviyyəsində koordinasiya etməyə hazırdır. İlk olaraq Prezident İlham Əliyevin qəbulunda olan İran XİN başçısı səfərin əhəmiyyətini xüsusi vurğulayaraq məmnunluğunu ifadə etdi. Elə görüş zamanı dövlət başçısının səsləndirdiyi fikirlər də Tehranla əlaqələrin artıq aktiv fazaya keçdiyini açıq şəkildə göstərdi. Prezident qeyd etdi ki, xalqlarımızın tarixi birlik xətti bu gün daha praqmatik əməkdaşlıq müstəvisinə çevrilib və Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra əlaqələrin intensivləşməsi xüsusi məmnunluq doğurur.
Əraqçinin səfəri, bir tərəfdən, Tehranda hazırkı hökumətin Azərbaycanla münasibətləri prioritet elan etməsinin real nəticəsi kimi dəyərləndirilir. Digər tərəfdən isə bu səfər yeni siyasi komandanın Cənubi Qafqazda güc balansı yaratmaq yox, sabitlik formalaşdırmaq istəyini nümayiş etdirir. Bu, xüsusilə də ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişi, regionun tranzit xəritəsini yenidən müəyyən edən TRIPP və İran və Rusiyanın kənara sıxışdırılması ilə bağlı narahatlıqlar fonunda daha qabarıq görünür. Tehran bu reallıqda özünü proseslərin kənarında qalan oyunçu kimi yox, Azərbaycanla əməkdaşlıq üzərindən yeni geosiyasi koordinatlar quran tərəfdaş kimi təqdim etməyə çalışır.
İranın xarici işlər naziri Abbas Əraqçinin həmkarı Ceyhun Bayramovla görüşü də öz məzmununa görə kifayət qədər məhsuldar xarakter daşıdı. Nazirlərin mətbuata açıqlamaları göstərir ki, nəqliyyat layihələrindən enerji sahəsində əməkdaşlığa, iqtisadi platformalardan regional təhlükəsizlik formatlarınadək demək olar ki, bütün istiqamətlər üzrə artıq konkret yol xəritələri formalaşdırılıb. Ceyhun Bayramov çıxışında bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollara çatıb, cari ilin ilk on ayında isə 520 milyon dollarlıq ticarət həcmi qeydə alınıb. Nazir həmçinin əlavə etdi ki, mövcud rəqəmlər real potensialı tam əks etdirmir və ticarət həcminin daha da artırılması istiqamətində ardıcıl addımların atılması nəzərdə tutulur.
Bu hədəfin arxasında konkret infrastruktur layihələri dayanır. Araz çayı üzərində inşa olunan Ağbənd–Kəlalə avtomobil körpüsü həmin layihələr içində xüsusi çəkisi olan simvolik obyektə çevrilib. Körpünün inşası 2022-ci ildə imzalanmış hökumətlərarası Sazişə əsaslanır və Azərbaycanın Zəngilan rayonu ilə İranın Qolestan vilayətini birləşdirən yeni tranzit xətt kimi nəzərdə tutulur. Azərbaycan tərəfi körpünün texniki işlərinin 2025-ci ilin sonunadək başa çatacağını, gömrük-keçid məntəqələrinin isə gələn ilin birinci rübündə tam hazır olacağını açıqlayıb. İranın Bakıda səfiri Möctəba Dəmirçilunun körpünün Novruz bayramına qədər istismara verilə biləcəyi barədə fikirləri də layihəyə verilən xüsusi önəmi göstərir. Faktiki olaraq bu keçid həm Azərbaycan–İran ticarətini, həm də Azərbaycan–İran–Rusiya tranzit xəttini gücləndirən “Araz dəhlizi”nin əsas halqalarından birinə çevrilir.
Əlaqələrin emosional-siyasi zərbəsini yumşaldan məqam isə Əraqçinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirələrini ehtiramla yad etməsi oldu. Bu, 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra yaralanmış etimad böhranını arxada qoymaq istiqamətində atılan addımların məntiqi davamı kimi dəyərləndirilə bilər. Onu da bildirək ki, həmin hücumu törədən şəxsin bu ilin mayında İranda edam edilməsi, hadisəyə hüquqi-siyasi qiymət verilməsi gərginliyin dərinləşməsinin qarşısını aldı və dialoqun bərpasına zəmin yaratdı.
Nəticə etibarilə, Pezeşkian dövrü Azərbaycan–İran münasibətlərinə yeni siyasi çalar gətirib. Əvvəllər gərginlik və qarşıdurmanı qidalandıran ritorikanın yerini getdikcə praqmatik yanaşma, qarşılıqlı maraqları nəzərə alan dialoq və regiondakı böyük güclərin yaratdığı riskləri birgə idarə etmək cəhdi tutur. Əraqçinin Bakı səfəri də təsdiqlədi ki, iki paytaxt bu gün Cənubi Qafqazda sabitlik arxitekturasının əsas dayaqlarından birinə çevrilmək niyyətini konkret addımlarla möhkəmləndirir. Əgər bu dinamika ardıcıllıqla davam edərsə, yaxın illərdə Azərbaycan–İran xətti təkcə ikitərəfli əməkdaşlığın uğur nümunəsi kimi yox, həm də regionda formalaşan yeni təhlükəsizlik və tranzit modelinin strateji sütunlarından biri kimi dəyərləndiriləcək. Artıq diqqət tərəflər arasında etimadın səviyyəsinə deyil, mövcud geosiyasi fürsət pəncərəsindən maksimum necə faydalanacaqlarına yönəlir.
Məsiağa MƏHƏMMƏDİ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri, ilk növbədə Tehranın Bakı ilə əlaqələrə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Bunu səfər ərəfəsində keçirdiyi mətbuat konfransında İran XİN sözçüsü İsmayıl Bəqayi də vurğulayıb. O da qeyd olunmalıdır ki, Abbas Əraqçi Bakıya səfərə gəlməzdən əvvəl Azərbaycanla münasibətlərin İran üçün önəmi barədə ayrıca məqalə yazıb və həmin məqalə rəsmi mətbuatda dərc olunub. Həmin məqalədə o, səfərin ikitərəfli münasibətlərdə yeni və parlaq səhifə açmaq məqsədilə gerçəkləşdiyini vurğulayıb. O, İran-Azərbaycan münasibətlərinin sadəcə qonşuluğa və coğrafi yaxınlığa deyil, çoxəsrlik tarixi ənənələrə, müştərək mədəni irsə və mənəvi dəyərlərə söykəndiyini vurğulayıb. Buna görə o yazıb ki, Bakıya hazırkı səfəri adi diplomatik missiya deyil, iki ölkə arasında tarixi qohumluq bağlarını yeniləmək və möhkəmləndirmək cəhdidir.
Əraqçi həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda yeni şərait yaranıb, regionda sülh, əməkdaşlıq, təhlükəsizlik və inteqrasiya üçün geniş imkanlar və qızıl fürsətlər meydana çıxıb. Bu imkanlar region ölkələrinin həyati maraqları əsasında kənar qüvvələrin müdaxiləsi olmadan istifadə edilməlidir.
Əraqçinin hazırkı səfərini son aylar, xüsusən İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərlərindən sonra ikitərəfli əlaqələrdə yaşanan pozitiv dinamikanın davamı kimi qiymətləndirmək olar. İki ölkə arasında istər nəqliyyat-logistika, istərsə də iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə olunub, burada xüsusən Şimal-Cənub və Araz dəhlizləri ilə bağlı anlaşmalar qeyd olunmalıdır. Əraqçinin səfəri, görünür, həm də bu razılaşmaların icra müstəvisinə daşınmasına dair rəsmi Tehranın əzmini nümayiş etdirmək və təsdiqləməkdir. Lakin aydındır ki, ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin uğurlu həlli xeyli dərəcədə regional proseslərə dair ümumi yanaşma və mövqelərin formalaşmasından asılıdır. Odur ki, səfər zamanı bu yöndə müzakirələrin və fikir mübadiləsinin aparıldığı da şübhə doğurmur.
Regional kontekstdən baxıldıqda, son vaxtlar İranın qonşu ölkələrlə əlaqələrin inkişafına verdiyi önəm xüsusi qeyd olunmalıdır. İrana qarşı tətik mexanizminin (snapback) işə salınmasından sonra Tehran buna sanksiyaların təsirinin azaldılması üçün uzunmüddətli strategiya kimi baxır. Bu çərçivədə son vaxtlar İranın Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri ilə əlaqələrinin sıxlaşdığını qeyd etmək lazımdır. Yayılan məlumatlara görə, yaxın vaxtlarda Türkiyə prezidentinin İrana səfəri gözlənilir, lap yaxın günlərdə isə İran Prezidentinin Qazaxıstana səfəri baş tutacaq. Bu paradiqma daxilində İranın Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq səyləri anlaşılandır, eyni zamanda, Azərbaycanın da maraqlarına uyğundur.
Tacir SADIQOV
XQ


