2024-cü il dekabrın 25-də baş verən AZAL təyyarəsi qəzası təkcə mülki aviasiya tarixinin faciəsi deyil, həm də beynəlxalq hüquq, dövlət suverenliyi və təhlükəsizlik prinsipləri baxımından ciddi narahatlıq doğuran hadisədir. Bakıdan Qroznıya yollanan “Embraer 190-100IGW” tipli sərnişin təyyarəsinin hava məkanında aldığı zədələr nəticəsində idarəetməni itirməsi və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirməsi Azərbaycan üçün təkcə milli deyil, həm də beynəlxalq miqyasda haqlı suallar doğurur. Lakin bu faciənin məsuliyyətinin kimə aid olduğu hələ də aydın deyil və cavabdehlik məsələsi açıq qalır.
Hava məkanının təhlükəsizliyinin təmin olunması beynəlxalq hüquqa əsasən, hər bir dövlətin suveren hüququ və borcudur. Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasının 3-cü və 9-cu maddələrinə görə, mülki təyyarələrin təhlükəsizliyi həmin təyyarənin uçduğu hava məkanına nəzarət edən dövlətin məsuliyyətindədir. Əgər Azərbaycan təyyarəsinə zərbə Rusiya Federasiyasının nəzarətində olan hava məkanında dəyibsə, bu halda hüquqi və siyasi məsuliyyət Moskvanın üzərinə düşür. Bu, beynəlxalq hüquqda “pozitiv məsuliyyət” prinsipi ilə müəyyən edilir və bu prinsipə əsasən, dövlətlər öz ərazisində baş verən təhlükəli hadisələrə görə cavabdehlik daşıyırlar.
Prezident İlham Əliyevin bu məsələdə sərgilədiyi prinsipial və qətiyyətli mövqe Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara əsaslanan xarici siyasətinin bariz nümunəsidir. Dövlət başçısı açıq şəkildə bəyan edib: “Bu məsələ Azərbaycan tərəfindən heç vaxt unudulmayacaq.” Bu, təkcə hadisənin ağırlığına deyil, həm də Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təhlükəyə verilmiş siyasi cavabdır. Azərbaycan bu məsələdə beynəlxalq hüquqa əsaslanaraq Rusiya Federasiyasından rəsmi üzr, hadisəyə görə maliyyə kompensasiyası və günahkar şəxslərin cəzalandırılmasını tələb edir. Bu tələblər emosional reaksiya deyil, beynəlxalq hüquq normalarına əsaslanan və hüquqi müstəvidə irəli sürülən haqlı çağırışlardır.
Hadisədən sonra yalnız şifahi üzr istənilməsi və təəssüf ifadəsi məsuliyyətin rəsmən qəbul olunması anlamına gəlmir. Etik jest kimi qəbul edilə biləcək üzr, hüquqi nəticələrə yol açmır. Məhz bu səbəbdən Azərbaycan rəsmi şəkildə beynəlxalq məhkəmə və tribunal mexanizmləri çərçivəsində məsələni araşdırmağa və nəticələr tələb etməyə hazırlaşır. Azərbaycanın bu addımı həm beynəlxalq hüquqa, həm də sivil yanaşmaya söykənir.
Qəza nəticəsində istintaq prosesi hazırda hadisənin baş verdiyi Qazaxıstanda aparılır. Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin açıqlamasına görə, ilkin istintaq təyyarənin gövdəsində xarici obyektlərin nüfuz etməsi nəticəsində deşiklər yarandığını göstərir. Qazaxıstan rəsmiləri bu tip silahların ölkələrinin arsenalında olmadığını və bu səbəbdən digər ölkələrə – yəni bu tip silahları öz silahlanmasında saxlayan dövlətlərə – rəsmi sorğular göndərdiklərini açıqlayıb. Baş nazirin müavini qeyd edib ki, avadanlıqların bir hissəsi hələ də xaricdə ekspertizadadır: “Avadanlıqların bir qismi ekspertiza üçün hələ də xaricdədir və tezliklə geri gətiriləcək. Təhlillər başa çatmaq üzrədir, ekspertlər yekun hesabatın hazırlanmasına davam edir. Düşünürəm ki, səbirli olmaq lazımdır. Yekun hesabat bir neçə aya hazır olacaq”.
Onun fikrincə, açıq qalan yeganə məsələ AZAL təyyarəsinin necə zədələnməsidir. O, əlavə edib: “Siyasiləşdirmək istəmədiyim yeganə məsələ təyyarənin necə zədələnməsidir. Bu suallara hüquq-mühafizə orqanları tərəfindən aparılan partlayıcı texniki ekspertiza cavab verməlidir. Bildiyimə görə, onlar qəzaya uğrayan təyyarənin füzelyajında aşkarlanan eyni zərbə elementləri ilə xidmətdə müxtəlif silah növləri olan digər ölkələrə sorğu göndəriblər. Buna görə də ilin sonuna qədər həqiqət aşkar ediləcək, bütün tələblər hərfinə, nöqtəsinə qədər yerinə yetiriləcək”.
Bütün bu proseslərin fonunda Azərbaycanın səbirli, amma prinsipial mövqeyi dünya ictimaiyyətinə güclü mesaj verir: Bakı yalnız regional maraqların deyil, qlobal ədalət və beynəlxalq hüququn keşiyindədir. Mülki aviasiya hüququ beynəlxalq sistemin sütunlarından biridir və bu prinsiplərə qarşı edilən hər hansı hücum insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir. Azərbaycan bu cinayətin üstünün örtülməsinə imkan verməməkdə qərarlıdır.
Təyyarənin vurulması ilə bağlı məsələ artıq sadə texniki qəza çərçivəsini aşaraq, beynəlxalq münasibətlər sistemində hüquq, məsuliyyət və ədalət məsələsinin sınağına çevrilib. Azərbaycanın göstərdiyi siyasi iradə və hüquqi yanaşma bu sınaqda dövlətimizin mövqeyinin gücünü nümayiş etdirir. Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə ünvanlanan açıq çağırışdır: Heç bir dövlət mülki insanların həyatını təhlükəyə atmaq hüququna malik deyil və belə hadisələr cəzasız qalmamalıdır.
Azərbaycan bu mübarizədə yalnız öz ədalətini deyil, eyni zamanda beynəlxalq hüququn nüfuzunu qoruyur. Qlobal təhlükəsizliyin təməli sayılan mülki aviasiyanın toxunulmazlığı prinsipi pozulduqda, bunun nəticələrinin ciddiliyi təkcə bir dövlətə deyil, bütün beynəlxalq sistemə təsir edir. Azərbaycanın bu məsələdəki mövqeyi isə qətiyyətlə bəyan edir: Ədalət tələb olunacaq və gec-tez bərqərar ediləcək.
Səbuhi MƏMMƏDOV
XQ