Ermənistanda dövlət çevrilişi təhlükəsi: reallıq, yoxsa mif?

post-img

Bir məsələ dəqiqdir ki…

Aşağı baxırsan saqqal, yuxarı baxırsan bığ. Azərbaycanda belə bir atalar sözü var və hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın düşdüyü durum onu xatırladır. Bu deyimi niyə yada saldıq, aydınlıq gətirəcəyik. Hələlik isə bildirək ki, Paşinyan iqtidarı ölkədə dövlət çevrilişi təhlükəsi ilə bağlı sənəd yayıb. Sən demə, müxalif qüvvələr hakimiyyəti devirmək istəyirlərmiş, iqtidar onların bədnam əməllərinin qarşısını alıb. Ortada, bir növ, sübut qismində təqdim edilən nələrsə var. Amma onlar bir o qədər inandırıcı xarakter daşımır. Çünki əsas mahiyyət ortadadır. Mahiyyət barədə də söz açacağıq. 

***

Əlbəttə, “Ermənistan” və “çevriliş” məfhumları bir-birini tamamlayır. Nikol özü də hakimiyyətə, faktiki olaraq, dövlət çevrilişi nəticəsində gəlib. Hər halda, Paşinyanın 2018-ci ildə o zaman dövlət başçısı postunu tutmuş keçmiş prezident Serj Sarkisyanla ultimativ tonlu dialoqu hər kəsin yaxşı xatirindədir. Həmin səhnədə Serjik səfil-sərgərdan günündə olan, dərvişi xatırladan Nikolla danışığın mənasızlığını bildirib, görüş yerini tərk etmişdi. Məlum olduğu kimi, heç beş dəqiqə davam etməyən görüş sonrası tərketmə Sarkisyanın vəzifə kürsüsü ilə vidalaşmasına çevrildi. Yəni, çevriliş gerçəkləşdi. 

Müasir Ermənistan üçün dövlət çevrilişinin adi hal olduğunu bildiririksə, 1997-ci ili yada salmalıyıq. Həmin il Qarabağ danışıqlarındakı uğursuzluq səbəbilə istefa vermək məcburiyyətində qalmış Levon Ter-Petrosyanın yerinə 1998-ci ildə Robert Koçaryanın hakimiyyətə gəlməsi, habelə kreslosunda möhkəmlənməsi də siyasi qəsd nəticəsində baş verdi. Bu, “Qarabağ klanı” deyilən separatçı qruplaşmanın Ermənistanı zəbt etməsi idi və 1999-cu ilin parlament terroru zamanı bu zəbt özünün yekun fazasına qədəm qoydu. Onda Koçaryanın bütün əleyhidarları erməni Milli Assambleyasının binasında qətlə yetirildilər. 

Əslində, indiyədək də Paşinyanı devirmək planları və buna çağırışlar olub. Yada salaq ki, Qarabağdakı separatçı rejimin zamanında oyuncaq “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanın başlıca missiyası məhz bu idi. Ruben Rusiyadan Qarabağa Ermənistanın özündə çevrilişi reallaşdırmaq üçün göndərilmişdi. Onu bölgəyə “ezam edənlər” ötən əsrin 90-cı illərinin ssenarisini təkrarlamaq istəmiş, lakin bacarmamışdılar. İndi isə ortada Rusiyanın daha bir fiquru – iş adamı Samvel Karapetyan var. Onun Nikolun anti-kilsə ritorikasını pisləməsi, mahiyyətcə, dövlət çevrilişinə çağırış xarakteri daşıyan olaydır. Yəni, Paşinyan və tərəfdarlarının, belə demək mümkünsə, əsasları var. 

***

İndi isə qayıdaq ilk cümləmizdəki atalar sözünə. Yerli “Hraparak” nəşrinin bildirdiyinə görə, Paşinyan iqtidarının kütləvi həbsləri Ermənistandakı xarici ölkə səfirliklərini ciddi narahat edib. Onlar gizli təmaslar vasitəsilə durumun anti-demokratik mahiyyət daşıdığını vurğulayıb və prosesə son qoyulmasının vacibliyini bildiriblər. Bu mənada Nikolun vəziyyəti, həqiqətən, çıxılmazdır. Çünki həbslərə getməsə, etiraz dalğası böyüyəcək və onun hakimiyyəti üçün ciddi risklər yaranacaq.

Əlqərəz, “Hraparak”ın yazdığına görə, Paşinyan həbslərə bəraət qazandırmaq, durumu əsaslandırmaq üçün ortaya çevriliş söhbətini atıb. Amma hesab etmirik ki, məsələ tam da bildirildiyi kimidir. Çox güman, nəşrə belə bir məlumat qəsdən sızdırılıb. Yəni, mahiyyətcə, Ermənistandakı xarici ölkə səfirliklərinin narahatlıq keçirdiyi yalnız görüntü xarakteri daşıyır. Qərb, sadəcə, öz reputasiyasını korlamaq istəmir. Təxminən belə: guya ki, anti-demokratik kimi görünən təzahürlərə reaksiya verilir. 

Bəli, Qərbin reaksiyası yalnız sığortadır. Nikol da öz üzərinə düşəni edir. Onun  durumun demokratiyaya zidd xarakter daşımadığının sübutu kimi çevriliş amilinə söykənməsi Qərbi məmnun edir. Axı, dövlətə qəsd Qərb təfəkkürü baxımından da yolverilməzdir. Əlbəttə ki, ona sərfəli olanda. Sərfəli olmayanda isə münasibət Gürcüstanda yaşandığı kimi bildirilir. Yəni, nümayişçilər inqilabçı kimi qiymətləndirilir. 

Yeri gəlmişkən, ötən il Gürcüstanla eyni vaxtda Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə hərəkat olmuş və Qərb dünyası bu hərəkatı hakimiyyətə qəsd kimi qiymətləndirmişdi. Söhbət dünən saxlanılan keşiş Qalstanyandan gedir. O Qalstanyan ki, adı Ermənistan İstintaq Komitəsinin bəyanatında çəkilir. Sənəddə onun “Müqəddəs mübarizə” adlanan hərəkatın təşəbbüskarı və lideri olduğu, ölkədə terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər planlaşdırdığı vurğulanıb. 

Ermənistan İstintaq Komitəsinin bəyanatında bildirilir ki, Qalstanyan bəd əməlini 2024-cü ilin noyabr ayından etibarən həyata keçirməyə qərar verib. “O, məqsədinə çatmaq üçün hərəkatın bir sıra üzvləri ilə əvvəlcədən əlbir olaraq və qrup şəklində hərəkət edərək, terror aktları və hakimiyyətin ələ keçirilməsi üçün zəruri vasitə və alətlər əldə edib, şərait yaradaraq hakimiyyətin zorla qəsbinə hazırlaşıb”, – kimi fikirlərin yer aldığı sənəddə diqqətə çatdırılan məqamlardan biri də Qalstanyanın sərəncamındakı təxminən minədək cinayətkar qrup üzvlərinin partlayışlar, binalara atəş açmaq, kütləvi insan tələfatı təhlükəsi yaratmaq, vətəndaşların sağlamlığına ağır və ya orta dərəcədə zərər vurmaq əməllərinin əhali arasında təşviş, qorxu və xaos yaratmağa hesablandığı açıqlanıb.

Bəli, dövlət çevrilişi planı Qərbə imkan verəcək ki, Paşinyanın daxildəki repressiv davranışlarına səssiz yanaşsın. Çünki Qərb dünyası 2026-cı ildə Nikolu yenidən Ermənistanın baş naziri kürsüsündə görmək istəyir. Paşinyan isə həmin kürsüdə oturmaq üçün indidən hərəkətə keçib. Onun yeritdiyi kursun qurbanlarının keçmiş prezidentlər S.Sarkisyan və R.Koçaryan olacağını indidən ehtimal etmək mümkündür. Yəni, Qalstanyanın saxlanılması yalnız başlangıcdır. 

Sonda bildirək ki, Paşinyanın özünə qarşı təzyiqlərə dözməsi də önəmlidir. Bir halda ki, o, 2026-cı il üçün siyasi rəqiblərini “aradan götürmək” qərarına gəlib, bunun müəyyən daxili etirazlara yol açacağı şübhəsizdir. Nikol etirazları necə dəf edəcək, Ermənistanda repressiyalar davamlı xarakter alacaq yoxsa yox, bunu zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU  
XQ

 



Siyasət