Qərbin siyasi, iqtisadi və hərbi hegemonluğu beynəlxalq düzəni pozur
Yeni güc mərkəzlərinin yüksəlişi, ideoloji dominantlığın aşınması və iqtisadi modellərin iflasa uğraması nəticəsində dünya təkqütblülükdən çoxqütblülüyə doğru irəliləyir. Məhz bu formada keçid prosesində Avropa İttifaqı (Aİ) kimi strukturlaşmış, lakin daxili ziddiyyətlərlə mübarizə aparan qurumların gələcəyi xüsusi maraq doğurur.
2024-cü ilin ortalarında ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve) maraqlı bir tədqiqat dərc etdi. Tədqiqatda BMT Baş Assambleyasındakı səsvermələr əsasında dövlətlərarası “siyasi məsafə” göstəriciləri yaradılıb və bu məsafənin ticarət, investisiya və iqtisadi siyasətlərə təsiri öyrənilib. Nəticələr göstərdi ki, geoiqtisadi parçalanma prosesi təkcə ideoloji sərhədlərlə deyil, həm də konkret iqtisadi əlaqələrlə ifadə olunur. Nəticədə, bu amil qlobal iqtisadi sistemin artıq əvvəlki kimi vahid və qarşılıqlı bağlı olmadığını təsdiqləyir. Daha sadə desək, ölkələr təkcə diplomatik yaxınlığa deyil, iqtisadi təhlükəsizlik və maraq əsaslı yeni tərəfdaşlıqlara üstünlük verir.
Bu fonda Aİ-nin daxili sabitliyi və xarici təsir gücü suallar doğurur. İyun ayının əvvəlində Avropa Komissiyasının Bolqarıstanda 2025-ci ilin yanvarından avronun tətbiqinə razılıq verməsi ölkə daxilində ciddi ictimai narazılıqla qarşılandı. Kütləvi etirazlar onu göstərdi ki, vahid pul siyasəti konsepsiyası ilə real sosial-iqtisadi gözləntilər arasında uçurum dərinləşir. Bolqarıstan əhalisinin əhəmiyyətli hissəsi milli valyutanın– levanın qorunması, qiymət artımı və maliyyə manipulyasiyalarından sığortalanma vasitəsi kimi görür. Onların narahatlıqları əsassız deyil: Latviya, Sloveniya, Yunanıstan kimi ölkələrdə avronun tətbiqi qiymətlərin artması, sosial rifahın zəifləməsi və iqtisadi dayanıqlığın pozulması ilə nəticələnmişdi. Bolqarıstan Prezidenti Rumen Radev bu narahatlığı nəzərə alaraq referendum keçirməyi təklif etdi. Amma Konstitusiya Məhkəməsi bu təşəbbüsü “qanunsuz” saydı.
Yaranmış vəziyyət, sadəcə, iqtisadi və institusional mübahisə deyil, daha dərin siyasi məsələdir. Aİ hansı dəyərlər üzərində qurulub və bu dəyərlər bu gün nə dərəcədə yaşayır? Demokratiya, iştirakçılıq və subsidiarlıq prinsipləri üzərində qurulduğu iddia edilən bir birlik üzv dövlətlərin əhalisini mühüm qərarlarda nə dərəcədə nəzərə alır? Burada paradoks yaranır: ortaq bazar və valyuta ittifaqı daxilində daha çox harmoniya gözlənildikcə, əslində milli səviyyədə narazılıq artır.
***
Avropa daxilində baş verən başqa bir hadisə bu ziddiyyətli gedişatı gücləndirir. Slovakiya Baş naziri Robert Fitso bu ayın əvvəlində bəyan etdi ki, əgər Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edərsə və bu, ölkənin atom elektrik stansiyalarının fəaliyyətinə zərbə vurarsa, o zaman həmin sanksiyaları bloklayacaq. Söhbət konkret olaraq Rusiyadan uran yanacağı idxalına qadağadan gedir. Macarıstan Baş naziri Viktor Orban isə daha sərt ifadə işlətdi: “Antirusiya sanksiyaları Macarıstanı məhv edir. Və mən düşünürəm ki, bu sanksiyalar bütövlükdə Avropanı da zəiflədir”.
Qeyd edə bilərik ki, bu mövqelər təkcə iqtisadi maraqların qorunması ilə izah olunmur. Bu, həm də Avropada yeni tipli siyasi suverenlik diskursunun doğulduğunu göstərir.
Fransa, Almaniya kimi nüfuzlu ölkələrin mərkəzləşdirici yanaşması getdikcə daha çox müqavimət doğurur. Məsələn, Almaniya kansleri Fridrix Mersin açıq şəkildə Aİ-nin Slovakiyanı maliyyə yardımından məhrum etməklə hədələməsi Brüsselin üzv dövlətlərə qarşı getdikcə daha çox alət kimi maliyyə mexanizmlərindən istifadə etdiyini göstərir. Onların bu yanaşması birlik ideyasına ziddir. Avropa yalnız bazar deyil, həm də mədəni və siyasi məkan kimi düşünülür. İndi bu məkanda güc və itaət siyasəti formalaşmağa başlayıb.
Bəs bu transformasiya niyə baş verir? Bu sual bizi daha dərin, nəzəri və ideoloji təhlilə aparır. Liberal inteqrasiya nəzəriyyəsinə görə, regional qurumlar funksional ehtiyaclardan yaranır və qarşılıqlı asılılıq dərinləşdikcə institutlar güclənir. Amma reallıqda bu proseslər sosial bərabərsizlik, iqtisadi asimmetriya və identiklik narahatlığı ilə toqquşur. Şərqi Avropa ölkələri Aİ daxilində özlərini bəzən “ikinci kateqoriya” kimi hiss edir. Onların sosial-iqtisadi strukturları Qərbdən fərqlidir, keçid dövrü təcrübəsi və milli maraqları da tam uyğun gəlmir.
Qlobal miqyasda vəziyyət daha mürəkkəbdir. ABŞ-ın liderlik etdiyi sistem öz təməl prinsiplərini itirməkdədir. Pandemiya, texnoloji zəncirlərin qırılması, Çinlə rəqabət və Rusiya ilə münaqişələr sistemin əvvəlki çevikliyini və cazibəsini azaldıb. Bu fonda Aİ-nin təsir gücü də şübhə altına düşür. Qlobal Cənub ölkələri getdikcə ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara yönəlir. Onlar bərabərhüquqlu, qeyri-ideoloji əməkdaşlıq modellərinə üstünlük verirlər. Yaranmış yeni sistemdə Avropa öz yerini necə müəyyənləşdirəcək? Qərb liberalizminin artıq universal cazibə gücü varmı?
Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan isə hazırda Aİ üçün enerji və artan strateji əhəmiyyətə malik aktor kimi çıxış edir. Əgər əvvəlki dövrlərdə Bakı–Brüssel münasibətləri əsasən texniki və sektorlar üzrə əməkdaşlıq çərçivəsində formalaşırdısa, bu gün regional və qlobal dəyişikliklər fonunda bu münasibətlər daha çox strateji məzmun kəsb edir.
Xüsusilə, 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji memorandumunu qarşılıqlı strateji etimadın göstəricisi kimi qiymətləndirmək olar. Avropanın Rusiya qazından asılılığını azaltmaq strategiyasında Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə oynadığı rol həyati əhəmiyyət daşıyır.
Ümumiyyətlə qeyd edə bilərik ki, Bakı balanslı siyasət yürüdərək həm Avropa ilə, həm də Asiya ilə inteqrasiyanı paralel şəkildə aparmağa qadir olduğunu göstərir. Bu isə Azərbaycanın yeni qlobal geosiyasi düzəndə “ya bir blokun tərəfdarı, ya da rəqibi” deyil, vasitəçi və körpü rolunu oynaya biləcək unikal mövqeyə malik olduğunu göstərir.
Azərbaycan son illər nəqliyyat və logistika sahəsində ciddi irəliləyişlər əldə edərək Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) vasitəsilə Asiya ilə Avropa arasında alternativ ticarət yolu təqdim edir. Aİ bu reallıqları nəzərə alaraq Azərbaycanla münasibətləri yeni mərhələyə daşımaq imkanına malikdir. Avropa Azərbaycanın Cənubi Qafqazdakı təşəbbüskar rolunu dəstəklədikcə, bu münasibətlər daha çox qarşılıqlı fayda əsasında inkişaf edəcək. Ən əsası, Azərbaycan sabitlik və praqmatizm əsasında inkişaf edən model təqdim edir. Bu model regional münaqişələrin aradan qaldırılması, nəqliyyat və enerji şaxələndirilməsi, mədəni diplomatiya və humanitar platformalar sahəsində əməkdaşlıq üçün real bazadır. Beləliklə, Azərbaycanla əməkdaşlıq Avropa üçün təkcə alternativ enerji mənbəyi tapmaq deyil, həm də yeni güc mərkəzləri ilə uzlaşa biləcək çevik və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət modelinə inteqrasiyanın uğurlu nümunəsi ola bilər.
Bütün bu faktlar fonunda əsas sual dəyişmir: Avropa parçalanır, yoxsa yenilənir? Qürub – təkcə iqtisadi zəifləmə yox, həm də ideoloji nüfuzun azalmasıdır. Əgər Avropa dəyərlərini real siyasətlə harmonizasiya edə bilməsə, demokratiyanı iştirakçılıqdan ayıraraq təzyiq alətinə çevirsə, onun gələcəyi daha çox keçmişinə bənzəyə bilər. Amma əgər Aİ daxili islahatlara gedə, periferiyanı mərkəzin bərabər tərəfdaşı kimi qəbul edə və qlobal çoxqütblülükdə öz yerini rasional şəkildə müəyyənləşdirə bilsə, o zaman bu birlik yeni mərhələyə qədəm qoya bilər. Bu isə artıq təkcə Brüsselin deyil, bütün Aİ ölkələrinin siyasi yetkinliyindən və strateji iradəsindən asılı olacaq.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru