Ermənistan vandalizmə görə hüquqi məsuliyyət daşıyır

post-img

Hayların barbarlığı sivil dəyərləri alt-üst etmişdir

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və işğal siyasəti təkcə hərbi-siyasi nəticələrlə deyil, həm də zəngin mədəni və tarixi irsimizə qarşı yönəlmiş məqsədyönlü və sistemli dağıntılarla müşayiət olunub. İşğal nəticəsində Qarabağ bölgəsi və ətraf rayonlarda dini, mədəni və memarlıq abidələri, qəbiristanlıqlar, muzeylər, ziyarətgahlar, eləcə də arxeoloji ərazilər ciddi şəkildə zərər görüb, bəziləri tamamilə məhv edilib. Bu dağıntılar bəşəriyyətin ümumi mədəni irsinə qarşı törədilmiş cinayət kimi qəbul edilməlidir.

Bunlar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının İstanbulda keçirilən 51-ci sessiyasında qəbul olunmuş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamədə öz əksini tapıb. Sənəddə işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktları qətiyyətlə pislənilir, bu cinayətlərə görə Azərbaycanın irəli sürdüyü reparasiya tələbi dəstəklənir.

Qeyd edək ki, Azərbaycan ərazilərində İslam mədəni irsi nümunələrinin, xüsusilə məscidlərin, ziyarətgahların və digər dini abidələrin dağıdılması və təhqir olunması hayların vandalizm siyasətinin hədəflərindən olub. Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, Qarabağın digər ərazilərindəki yüzlərlə məscid, o cümlədən Ağdam Cümə Məscidi uzun illər məqsədli şəkildə təhqirə və dağıntıya məruz qalıb. 

Mövzu ilə bağlı XQ-yə açıqlama verən tarixçi Əmirxan Burzuyev deyir ki, Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Ağdam Cümə məscidi işğal dövründə erməni vandalizminə məruz qalan yüzlərlə tarixi-dini abidələrimizdən biridir: “Məbədin minarələri daxildən qismən sökülmüş, məscidin tavanı bir neçə yerdən uçurulmuş, yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınmışdı. Ermənilər məsciddə mal-qara, donuz saxlamış, ondan müşahidə məntəqəsi kimi istifadə etmişdilər. Qiyaslı məscidi də eyni aqibətlə üzləşib. Digər məscidlərimiz də o cümlədən. Məsələn, ermənilər Qubadlının Mamar kəndindəki XVIII əsr məscidini tamamilə dağıdıb, onu donuz tövləsinə çevirmişdi. Bu, təkcə dini dəyərlərə deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı yönəlmiş açıq hörmətsizlik nümunəsidir. Onların məqsədi təkcə torpaq zəbt etmək deyil, həm də mədəni irsimizi silmək, yaddaşımızı təhqir etmək olub. Bu, təkcə daş-divara deyil, insanların inancına, mədəniyyətinə, kimliyinə qarşı açıq təcavüzdür. 

İşğal dövründə azərbaycanlıların qəbiristanlıqları da vəhşicəsinə yerlə-yeksan edilib. Onlar buldozerlərlə dağıdılıb, qəbirüstü abidələr sındırılıb, məzar daşları təhqir olunub. Bu dağıntılar təkcə maddi ziyanın göstəricisi deyil, həm də bir millətin tarixi yaddaşına, dəyərlərinə və mədəni köklərinə qarşı yönəlmiş düşmən münasibətinin təzahürləridir”.

Ə.Burzuyev Ağdamda olarkən Şəhidlər xiyabanını ziyarət etdiyini, orada gördüklərindən sarsıldığını deyir: “Şəhid məzarları dağıdılmış, yerlərində çuxurlar qalmışdı. Bunları gördükcə adamın ürəyi parçalanırdı. Milli Qəhrəman Allahverdi Bağırovun məzarı da burada idi. Elə həmin məzarın səmti ilə bəzi qəbirlərin yeri tapılaraq bərpa olundu.

İşğal nəticəsində Azərbaycan xalqının mədəniyyətini, tarixini təcəssüm etdirən memarlıq abidələri ciddi dağıntılara məruz qalıb. Qarabağ xanlığının siyasi və mədəni mərkəzi olan Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın ev-muzeyləri, eləcə də bir sıra tarixi yaşayış binaları, saraylar və abidələr dağıdılıb və talan olunub. Ağdam şəhəri və rayon ərazisində yerləşən tarixi abidələr, o cümlədən İmarət Kompleksi (Qarabağ xanlarının ailə məzarlığı) yerlə-yeksan edilib. Haylar bu tarixi əhəmiyyətli kompleksdə heyvan saxlayıblar, digər məqsədlər üçün istifadə ediblər.Təkcə dini və mədəni obyektlərin dağıdılması ilə kifayətlənməyən Ermənistan Azərbaycanın qədim arxeoloji irsinə də böyük ziyan vurub. Məsələn, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilən Şahbulaq qalası da haylar tərəfindən erməniləşdirilməyə çalışılıb. Yaxınlıqdakı məscid isə kilsə kimi təqdim edilib. Qədim yaşayış yerlərində, tarixdən xəbər verən abidələrdə qeyri-qanuni qazıntılar aparılıb, tapıntılar talan edilib və bölgənin tarixi mənzərəsinin məqsədli şəkildə dəyişdirilməsinə cəhd göstərilib. 

Ermənilər işğalı dövründə Gəncəsər monastırını “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim ediblər. Abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Alban monastrının divar yazıları korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun formaları dəyişdirilərək tanınmaz hala salınıb. 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib. Xudavəng monastrı da da eyni saxtakarlığa məruz qalıb”.

Sadaladığı faktların Ermənistanın Azərbaycanın tarixi-mədəni irsini, dini abidələrini hədəfə alan planlı və məqsədyönlü vandalizm siyasətini təsdiqlədiyini bildirən tarixçi alım qeyd etdi ki, bu kimi əməllər təkcə Azərbaycanın milli dəyərlərinə qarşı deyil, həm də beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, xüsusilə 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir: “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı sənəd Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə daha güclü şəkildə eşidilməsinə xidmət edən diplomatik uğurdur.  İƏT Nazirlər Şurasının qəbul etdiyi qətnamə həm Azərbaycanın, həm də bütövlükdə İslam dünyasının mədəni irsinə qarşı törədilən vandalizm əməllərinə qarşı beynəlxalq birliyin mövqeyini sərtləşdirmək üçün əhəmiyyətli platforma yaradır. Eyni zamanda, bu sənədlər Ermənistanın beynəlxalq hüquq qarşısında cavabdehlik daşımasının təmin olunması istiqamətində mühüm addımdır. Azərbaycan tərəfi bir daha bəyan edir ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və tarixi-mədəni irsinə qarşı yönəlmiş hər hansı təcavüz aktı cəzasız qalmamalıdır və Ermənistan bu vandalizm əməllərinə görə tam hüquqi məsuliyyət daşımalıdır”.

Sonda onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra işğaldan azad edilmiş torpaqlarda mədəni irsin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan dövləti bir tərəfdən dağıdılmış dini və tarixi abidələrin bərpasını təşkil edir, digər tərəfdən beynəlxalq təşkilatları bölgəyə dəvət edərək dağıntıların miqyasının obyektiv şəkildə qiymətləndirilməsinə çalışır. Bununla yanaşı, Ermənistanın dağıtdığı mədəni irsin sənədləşdirilməsi, foto və video materiallar əsasında faktların toplanması və beynəlxalq ictimaiyyətə çatdırılması prosesi də davam etdirilir. 

Ölkəmizin öz tarixi torpaqlarında yenidən qurduğu həyat və bərpa etdiyi mədəni irs həm də sübut edir ki, mədəniyyətə və tarixə qarşı yönəlmiş barbarlıq nə qədər qəddar olsa da, sonda xalqımızın iradəsi, hüquq və ədalət qələbə çalacaq.

Pünhan ƏFƏNDİYEV  
XQ 

 

Siyasət