Samvel, Ruben və Solovyov

post-img

Yaxud acizliyin miskin dramatizmi

Ermənistanda tanınmış iş adamı, ölkədəki “Taşir” kompaniyasının sahibi Samvel Karapetyanın saxlanılması və ona qarşı ağır ittihamların irəli sürülməsi adi qarşılana bilməz. Məlumdur ki, Karapetyan baş nazir Nikol Paşinyanın anti-kilsə ritorikasına zidd fikirlər səsləndirmişdi. Onun saxlanılmasının əsl səbəbi budur.

O da məlumdur ki, iş adamının üzləşdiyi durum təkcə Ermənistan miqyaslı hadisə deyil. Çünki Karapetyan Rusiya bağlantılı şəxsdir və Ermənistanın energetika sektorunun əsas simasıdır. Loru dildə desək, adamın dilinin olduğu kimi, dilçəyi də var. Heç şübhəsiz, belə birinin saxlanılması və həbs təhlükəsilə üzləşməsi siyasi mahiyyət daşıyan hadisədir.

Bəli, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və heç şübhəsiz, ölkədəki revanşist və şovinist kəsim seçkiyə hazırlaşır. Elə Paşinyanın iqtidar düşərgəsi də. Nikolun Karapetyanın tərəfini tutduğu kilsəyə qarşı aramsız hücumları da hazırlığın tərkib hissəsidir. Erməni iqtidarı ən böyük maneəni bəribaşdan sıradan çıxarmaq istəyir. Dediklərimizin fonunda mühüm məqamlardan biri də Karapetyanın Rusiyanın əli ilə hərəkətə gətirilməsidir.

Bu yerdə yada Ruben Vardanyan düşür. O Vardanyan ki, Qarabağda peyda olmuş və keçmiş separatçı rejimin oyuncaq “dövlət naziri” postunu tutmuşdu. O Vardanyan ki, hazırda Bakıda həbsxanadadır və özünə kəsiləcək cəzanı gözləyir. Ruben də Rusiyanın emissarı idi. Kremldəki bəzi dairələr belə hesablamışdılar ki, “Qarabağ kartı” ilə yenidən Ermənistandakı mövqelərini bərpa edəcəklər. Amma olmadı...

Əlqərəz, hazırda Karapetyanın Paşinyana ünvanladığı sərt fikirləri vaxtilə Vardanyan da dilə gətirirdi. Əlbəttə, o zaman gündəm kilsə deyildi. Yəni, Rubenin öz mövzusu var idi. Amma prinsip etibarilə onun dedikləri erməni iqtidarının devrilməsinin vacibliyinə, belə bir hakimiyyətin xalqı təmsil etməsinin yolverilməzliyinə söykənirdi. Karapetyan da eyni ritorikanı təbliğ edir. Bu gün onu Paşinyanın komandası saxlayıb, Vardanyan da eyni aqibəti yaşaya bilərdi. Yaxud həmin vaxt Karapetyana Qarabağ üzrə “baş rol” verilsəydi, Bakı həbsxanasında hücrə sahibi Ruben yox, Samvel olardı.

Diqqətə çatdırdığımız fikirlər fonundakı başlıca məqam Rusiyanın Ermənistan üçün heç bir siyasi industriya formalaşdıra bilməməsidir. Kreml məsələ barədə düşünməyib də. Ruben kartını gördük, Samvel kartını da görürük. İkisi də biznesmendir, iş adamıdır, ay nəbilim xeyriyyəçidir və sair. Ancaq onların heç biri böyük ölçüdə siyasətçi deyillər. Yeri gəlmişkən, Vardanyan həm də beynəlxalq miqyaslı dələduzdur. Elə məhz budur Rusiyanın Ermənistana yanaşması. Əlbəttə ki, söhbət yarıtmaz yanaşmadan gedir.

Yarıtmazlıqdan söz düşmüşkən, Ermənistanda Rusiyanın Serj Sarkisyan və Robert Koçaryan adlı alətləri də olub. Ölkənin üçüncü və ikinci prezidentləri. Bu adamlar kimlər idilər? Cavab birmənalıdır. Onlar quldurluqda, canilikdə, başkəsənlikdə ad çıxarmışdılar. Ölkəni də eyni tərzdə idarə edir, xalqın malını talayırdılar. Rusiya siyasi düşüncə sistemi üçün bunun heç bir fərqi olmadı.

Tam qətiyyətlə demək olar ki, rus başbilənlər fil qulağında yatdılar, elə zənn etdilər ki, sarkisyanlar, koçaryanlar erməni xalqına qan uddura-uddura, ona zülm və zillət yaşada-yaşada idarəçiliklərini sürdürəcəklər. O qədər ağır yuxuya daldılar ki, Ermənistanda Qərbin əli ilə hərəkətə gətirilmiş qüvvəni görə bilmədilər. Nəticədə, el dilində ifadə etsək, dinsizlərin öhdəsindən imansızlar gəldi. Paşinyan hakimiyyətə yiyələndi və 2018-ci ildən indiyədək Rusiyanın müəyyən dairələri onu devirmək üçün miskin gedişlərə baş vururlar. Əvvəl bu gedişlərin Vardanyan təmayülü var idi, indi də Karapetyan. Bir də ortaq kilsə təzahürü...

Necə deyərlər, eyni dalğa, eyni koordinat. Mövcud fonda aciz Rusiya obrazını tərənnüm edən jurnalist Vladimir Solovyovdur. O, karvanın arxasınca hürən it kimidir. Bu məxluq müəllifi və aparıcısı olduğu teleproqramda “Artsax” sərsəmləməsini gündəmə gətirir, Paşinyan əleyhinə təhqirlər yağdırır. Başqa nə etsin? Axı karvan gedir və heç nəyə gücü çatmır. Hələ utanmaz-utanmaz erməni xalqını öyür və tərifləyir də. Öz aləmində, erməniləri Paşinyan əleyhinə üsyana çağıracağını zənn edir. Əsl acizlik və miskinlik də elə budur. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.RÜSTƏMOV
XQ

Siyasət