Sülh qatarı son dayanacağa çatacaqmı?

post-img

Erməni baş nazirin İstanbul səfərindən bu suala cavab gözlənilir

Ermənistan baş naziri Nikol Paşinyanın İstanbula səfəri bir daha regionda dəyişən geosiyasi nizamı gündəmə gətirdi. Bu səfər, sadəcə, ikitərəfli münasibətlərin normallaşması prosesinin elementi olmayıb, həm də Cənubi Qafqazda yeni diplomatik arxitekturanın formalaşdığı bir mərhələnin göstəricisidir. İndi əsas sual budur: Ermənistanın sülh gündəmi harada yekunlaşacaq? Son günlər adları hallanan Vaşinqtonda, Əbu-Dabidə, Ankarada, yoxsa başqa məkanda?

Paşinyanın İstanbula səfəri fonunda Cənubi Qafqazda gedən geosiyasi və diplomatik proseslər bir sıra ehtimal və fərziyyələri aktuallaşdırır. Sülh sazişinin harada və hansı konfiqurasiya üzrə yekunlaşacağı sualı həm regiondaxili, həm də qlobal güc mərkəzlərinin maraq balansında cavab axtarır.

Birinci ehtimal Vaşinqtondur, Qərbin zəif, amma simvolik sponsoru. ABŞ uzun illərdir Cənubi Qafqazda vasitəçi statusunu qorumağa çalışsa da, bu cəhdlərin real nəticələri hələlik zəif görünür. Vaşinqtonun vasitəçilik təşəbbüsləri daha çox “mövcudluq nümayişi” xarakteri daşıyır, nəinki substantiv və mexanizmləşmiş diplomatik çərçivə. Vaxtilə Entoni Blinkenin iştirakı ilə baş tutan danışıqlar prosesi, əslində, Ermənistan və Azərbaycan arasında ciddi irəliləyişdən çox qarşılıqlı ritorikaların yumşaldılmasına xidmət etdi. Sülh gündəliyinin əsas elementləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi və sülh sazişi layihəsi üzrə real konsensus məhz regional formatlarda, xüsusilə Rusiya və Türkiyənin iştirakı ilə aparılırdı. İndi dialoq vasitəçisiz davam edir.

ABŞ-ın bu mənada “siyasi sponsor”, lakin “təhlükəsizlik zəmanətçisi” ola bilməməsi Ermənistanın Qərbə inteqrasiya cəhdlərini ciddi sual altına qoyur. Ermənistan hökuməti ardıcıl şəkildə Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirməyə çalışsa da, bu inteqrasiya prosesləri yalnız siyasi və maliyyə dəstəyi ilə məhdudlaşır. Təhlükəsizlik sferasında isə real alternativ yoxdur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmaq istəyi, eyni zamanda, Rusiyanın regiondakı roluna etimadsızlıqla izah olunur. Lakin Qərbdən hərbi zəmanətlərin gəlməməsi bu boşluğu daha da dərinləşdirir.

Bu kontekstdə ABŞ-ın sülh platforması təklif etməsi Paşinyan üçün daxili və xarici auditoriyaya mesaj vermək məqsədi daşıyır: “Ermənistan tək deyil, beynəlxalq ictimaiyyət onun arxasındadır”. Lakin bu simvolik mesajın arxasında siyasi və hərbi reallıq dayanmadıqda, ABŞöın vasitəçiliyi yalnız diplomatik jest səviyyəsində qalır. Qeyd edə bilərik ki, Vaşinqton ssenarisi sülhün ideoloji dəstəkləyicisi kimi görünsə də, onun praktiki tətbiqində zəifdir. Bu isə sülh sazişinin ABŞ-da deyil, daha funksional və real formatda – məsələn, Ankara və ya Əbu-Dabi platformasında yekunlaşması ehtimalını artırır. Cənubi Qafqazda formalaşan yeni diplomatik mühit fonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçilik təşəbbüsü xüsusi diqqət çəkir. Əbu-Dabinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasında platforma rolunu oynamaq niyyəti ilk baxışda təəccüblü görünsə də, əslində, bu təşəbbüs Yaxın Şərq ölkələrinin artan diplomatik iddiaları və regional təsir uğrunda apardıqları “yumşaq güc” siyasətinin tərkib hissəsidir.

***

Əbu-Dabinin geosiyasi “sükut diplomatiyası” – yəni diqqət mərkəzində olmadan, lakin effektiv vasitələrlə proseslərə daxil olması – həm rasionallığı, həm də siyasi neytrallığı ilə fərqlənir. BƏƏ nə ATƏT-in Minsk Qrupu kimi tarixi yük daşıyır, nə də ABŞ və Rusiya kimi maraq savaşında tərəfdir. Bu da Əbu-Dabini neytral vasitəçi statusuna ən yaxın aktor halına gətirir. Əbu-Dabinin platforma kimi aktuallaşmasının daha bir səbəbi onun Azərbaycana yaxınlığı və Ermənistanla praqmatik münasibətlər qurmaq istəyi ilə bağlıdır. Azərbaycanın BƏƏ ilə son illərdə strateji enerji, investisiya və texnoloji layihələrdə əməkdaşlığı güclənib. Prezident İlham Əliyevin ərəb dövlətlərinə münasibətdə yürütdüyü balanslı və modern siyasət BƏƏ-nin Bakıya olan yüksək etimadı ilə tamamlanır. Bu isə Əbu-Dabini yalnız texniki vasitəçi deyil, etibarlı və tərəflər üçün qəbulolunan koordinasiya mərkəzinə çevirə bilər.

Digər tərəfdən, Ermənistan üçün də Əbu-Dabi Qərb-Rusiya xəttindən kənar yeni nəfəs kanalı rolunu oynayır. Paşinyan hökuməti üçün neytral platformada danışıq aparmaq həm daxili ictimai rəyə, həm də xarici tərəfdaşlara balanslı və “müstəqil diplomatik xətt” təəssüratı yaratmaq baxımından əhəmiyyətlidir. Əgər Vaşinqton və Moskva vasitəçiliyi siyasi təsirlə, Ankara isə regional güc faktorları ilə müşayiət olunursa, Əbu-Dabi platforması dəyişkən və mürəkkəb geopolitik reallıqların “təhlükəsiz zonasına” çevrilə bilər.

Nəhayət, BƏƏ-nin bu sahəyə marağı təkcə Cənubi Qafqaza deyil, postneft dövründə beynəlxalq vasitəçilik və diplomatik arbitr roluna hazırlaşmasının göstəricisidir. Əbu-Dabi özünü Qətər və Səudiyyə Ərəbistanı kimi regiondakı əsas aktorlarla yanaşı, qlobal diplomatik oyunçu kimi təqdim etməyə çalışır. COP28, Davos forumlarında aktiv iştirak, Afrika və Asiya ilə geniş diplomatik əlaqələrin qurulması və indi də Cənubi Qafqaz təşəbbüsü bu xəttin məntiqi davamıdır.

Beləliklə, Əbu-Dabi sülhün son dayanacağı üçün neytral, ambisiyalı və texnokratik alternativ təklif edir. Bu, yalnız Ermənistan və Azərbaycanın deyil, həm də geosiyasi güclərin oyunçusu olmayan üçüncü tərəflərin diplomatiyada yeni format yarada biləcəyinin əyani nümunəsidir.

***

Nəhayət, üçüncü ehtimal realizm və regional nizamın memarı olan Ankaradır. Nikol Paşinyanın İstanbula səfəri Ermənistan–Türkiyə münasibətlərindəki normallaşmanın yeni mərhələsinə keçid kimi qiymətləndirilsə də, əslində, bu hadisə daha geniş və dərin geosiyasi mənaya malikdir. Səfər Paşinyanın Bakı ilə razılaşmaya gedən yolunun “Türkiyə dəhlizi”ndən keçdiyini nümayiş etdirir.

Sülh gündəliyindəki əsas şərtlər – Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, konstitusion iddialardan imtina, ATƏT-in Minsk qrupunun ləğvi, sərhədin delimitasiyası və regiondaxili kommunikasiyaların açılması –artıq siyasi reallığa çevrilməkdədir. Paşinyan hökuməti bu addımları Azərbaycan tərəfindən irəli sürülmüş şərtlər kimi deyil, özünün “strateji seçimləri” kimi təqdim etməyə çalışır. Lakin bu “siyasi rebrendinq” cəhdi özlüyündə reallıqla ideoloji təəssürat arasındakı fərqi açıq şəkildə göstərir.

Bu kontekstdə Ankara faktoru özünəməxsus yer tutur. Türkiyə həm Ermənistanla münasibətlərin normallaşdırılmasında, həm də Azərbaycan–Ermənistan sülh prosesi üçün platforma hazırlığında aparıcı regional aktor kimi çıxış edir. Əgər Rusiya sülh prosesindən tədricən uzaqlaşdırılırsa, Qərb yalnız diplomatik jestlərlə kifayətlənirsə, Türkiyə həm diplomatik, həm də geosiyasi mexanizmləri ilə bu prosesi konkret nəticələrə apara bulən yeganə aktor statusu qazanır.

Ankara üçün bu rol təkcə regional liderlik ambisiyası deyil, həm də Bakının maraqları ilə sinxronlaşdırılmış strateji planın tərkib hissəsidir. Türkiyə–Ermənistan münasibətlərindəki hər yumşalma, əslində, Ermənistan–Azərbaycan münasibətlərində müəyyən razılaşmanın indikatoruna çevrilib. Məsələn, kommunikasiya xətlərinin bərpası, ticarət əlaqələrinin bərpası və sərhədin açılmasına dair qeyri-rəsmi siqnallar Bakının razılığı və koordinasiyası ilə həyata keçirilir. Bu isə Paşinyan üçün ciddi seçim və risklər mənbəyidir. O, bir tərəfdən Türkiyə ilə yaxınlaşaraq Azərbaycanın şərtlərinə tədricən adaptasiya olunduğunu göstərir, digər tərəfdən isə daxili auditoriyaya “çoxvektorlu və müstəqil siyasət yürüdən lider obrazı” formalaşdırmağa çalışır. Lakin reallıq göstərir ki, Ermənistan faktiki olaraq sülh prosesinin regional oyunçular – xüsusilə Ankara və Bakı – tərəfindən formalaşdırılan məntiqi axınına tabe olur.

Ankara bu mənada artıq yalnız Türkiyənin deyil, Cənubi Qafqazın yeni geosiyasi memarı funksiyasını icra edir. Onun diplomatik oyun planı, sadəcə, Ermənistanla normallaşma deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərində balanslaşdırılmış, lakin Bakının maraqları ilə uzlaşan model yaratmaqdır. Bütün bu amillər sülhün regional sabitlik və kommunikasiyanın yenidən dizaynı mənasında strateji əsaslar üzərində qurulmasını nəzərdə tutur.

Beləliklə, Paşinyanın İstanbula səfəri, əslində Ankaranın regiondakı yeni diplomatik dizaynının tərkib hissəsidir və Ermənistanın faktiki olaraq regionun yeni siyasi reallığını qəbul etməsinin növbəti mərhələsi kimi oxunmalıdır. Paşinyan hökuməti qarşısında dayanan əsas dilemmanı belə ifadə etmək olar: təhlükəsizlik təminatları ilə strateji müttəfiqlər arasında balansı necə yaratmalı? Rusiya ilə münasibətlər pozulub, KTMT-dən uzaqlaşma var, lakin Qərbdən konkret hərbi zəmanət alınmayıb. Ukraynanın timsalında Qərbin nə qədər “selektiv müdaxilə” siyasəti apardığı ortadadır.

Bu baxımdan, Paşinyanın qonşularla – xüsusilə Azərbaycan və Türkiyə ilə – münasibətləri normallaşdırmaq cəhdləri artıq strateji seçim yox, məcburi adaptasiya forması alıb. Yəni Ermənistan geosiyasi reallıqlara uyğunlaşmağa məcbur qalır, amma bunu daxili auditoriyaya “müstəqil qərar” kimi təqdim edir.

***

Hazırkı proseslər göstərir ki, Ermənistanın sülhə doğru atdığı addımlar daha çox Azərbaycanın 2020-ci ildən bəri qurduğu diplomatik və hərbi balansın nəticəsidir. Paşinyan dörd il yeddi ay əvvəl imzaladığı, amma icrasından boyun qaçırdığı öhdəlik və prinsipləri tədricən qəbul edir. Türkiyə ilə münasibətlərin normallaşdırılması da bu kontekstdədir. Ankara bu oyunda həm geopolitik arxitektura qurucusu, həm də Bakı ilə sinxron hərəkət edən strateji aktordur. Sülhün “son dayanacağı” harada olsa da, ən azı, Ankara xəritəsinin içindən keçəcək.

Paşinyanın İstanbul səfəri diplomatik şifrəli mesajdır: Ermənistan artıq regionun yeni reallığını qəbul edir, amma bu prosesi öz “strateji narrativi ilə bəzəməyə” çalışır. Sülh müqaviləsi Vaşinqtonda imzalansa belə, onun ideoloji təməlləri Bakı–Ankara oxu üzərində qurulacaq. Əbu-Dabi isə alternativ və neytral platforma kimi geosiyasi balansın saxlanmasına dəstək verə bilər.

Sual açıq qalır: Paşinyan sülh sazişini harada imzalayacaq? Lakin cavab artıq formalaşır – bu sənədin harada imzalanması yox, kim tərəfindən şərtləndiyi daha əhəmiyyətlidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət