İlin əvvəlindən ticarət dövriyyəsi 3 dəfə yüksəlib
Ötən il Azərbaycan–Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub. May ayında Quba şəhərində II Regionlararası Forum keçirilib, bu toplantı çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb. İqtisadi sahədə digər önəmli layihələr də gerçəkləşdirilib. İxracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, ölkələrimizin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması və regionda birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətlərində əhəmiyyətli tədbirlər gerçəkləşdirilib. Bütün bu məsələlərin daha geniş miqyasda həlli məqsədilə Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyinin yaradılması nəzərdə tutulub.
Bakıda keçirilən 3-cü Azərbaycan–Özbəkistan regionlararası forumunda bütün bunlar barədə ətraflı bəhs edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin davamlı dinamika ilə müşahidə olunduğunu, cari ilin ilk 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dolları ötdüyünü vurğulayıb.
Mikayıl Cabbarovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. Bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə hazırda bir sıra addımlar atılır.
İqtisadiyyat naziri daha sonra Özbəkistanın Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biri olduğunu, hazırda özbək biznesinin Azərbaycan bazarına böyük marağının müşahidə edildiyini bildirib. “Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, – deyə nazir qeyd edib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov isə forumda çıxışı zamanı iki ölkə arasında 2025-2026-cı illər üçün sənaye əməkdaşlığı proqramının hazırlanacağını diqqətə çatdırıb. “Özbəkistan Azərbaycanda əlaqələrinin fəal inkişafını gerçəkləşdirmək, Azərbaycanın biznes nümayəndələrini Özbəkistan iqtisadiyyatının imkanları ilə tanış etmək üçün ticarət evlərini genişləndirmək niyyətindədir. Biz də Azərbaycan istehsalçılarının öz məhsullarını Özbəkistan bazarında təqdim və təşviq etmələri üçün imkanlar yaradacağıq”, – deyə Laziz Kudratov vurğulayıb.