VI MƏQALƏ
Azərbaycan – identikliyin çətin yollarında
Etiraf etmək lazımdır ki, XXI əsrin mürəkkəb və ziddiyyətli çağırışlarının mövcud olduğu bir şəraitdə güclü müstəqil dövlət olmaq çox çətindir. Buna nail olmağın təməl faktorlarından biri müasirliyə adekvat olan cəmiyyət, siyasi, dövlət və ümumiyyətlə, sosial identiklik modeli müəyyən etməkdən ibarətdir. Bu baxımdan 1993-cü ildən başlayaraq Azərbaycan cəmiyyətinin sosial və siyasi aspektlərdə identikliyinin əsas məqamlarının fəlsəfi və bütövlükdə nəzəri dərki çox vacibdir. Ulu öndərin mənəvi, siyasi incəlik və ideoloji məharətlə həyata keçirdiyi Azərbaycanın cəmiyyət və dövlət identikliyinin mahiyyəti düzgün izah edilməlidir. Prezident İlham Əliyevin daim gözlədiyi siyasi varisliyin tam mənası və mahiyyətinin düzgün anlamı həmin dərk olmadan mümkün deyildir!
Məsələnin aktuallığının iki aspekti vardır. Birincisi, Azərbaycan cəmiyyət və ölkə olaraq son 300 ildə olduqca çətin, dolaşıq, çoxlu sayda təməl dəyərlərin baş-ayaq salındığı bir yol keçmişdir. Onun təsirləri hələ də qalır. İkincisi, müasir müstəqillik mərhələsində tarixi baxımdan qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi elə uğurlar əldə etdi ki, dünyanın qos-qoca güclərini təlaşlandırdı. Sosial-iqtisadi, hərbi-müdafiə, siyasi və geosiyasi təşəbbüskarlıq, enerji, nəqliyyat, loqistika, mdəniyyət layihələri ilə güclü potensiala və onu XXI əsrin keşməkeşlərində reallaşdırmaq üçün liderə malik olduğunu dünyaya nümayiş etdirdi.
Bunlar Azərbaycanı regional və regionlararası miqyaslarda həm önə çıxardı, şərəfləndirdi, həm də neqativ təsirlərin hədəfinə gətirdi. İndi Türk dünyasına, TDT-yə, Azərbaycanın digər dövlətlərlə münasibətlərinə olan dağıdıcı hücumların təməlində bu nailiyyətlər dayanır. Bizlər Azərbaycan cəmiyyətinin sosial, siyasi, etnik, dövlət və s. identikliklərinə məhz bu təməl şərtin fonunda baxmağı öyrənməliyik. Bunu etsək, identikliyimizdə irəliyə doğru bir addım atmış oluruq.
Bu düşüncələrin işığında müstəqillik mərhələsində cəmiyyətin və dövlətin identikliyinin başlıca formulunun nədən ibarət olduğunu aydınlaşdırmaq gərəkdir. Əminəm ki, burada istiqamətverici, müəyyənedici, məzmunlaşdırıcı və məqsəd formalaşdırıcı rolu ulu öndər Heydər Əliyevin iki məşhur tezisi və Pezident İlham Əliyevin XXI əsrin çağırışlarına adekvat olan və artıq dillər əzbəri olan kəlamı oynamalıdır.
Bu üç təməl yolgöstərici fikri, tezisi, kəlamı tarixi xronoligiya, məntiqi inkişaf və nəticəverici motivasiya faktoru baxımından aşağıdakı kimi təsnif edə bilərik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam” – “bir millət, iki dövlət” – “ bizim ailəmiz Türk Dünyasıdır”!
Azərbaycançılıq – identikliyin mənəvi, siyasi və ideoloji bazası
XXI əsrdə əsl azərbaycançı olmaq çətindir. Bunun daxili və xarici səbəbləri mövcuddur. Azərbaycan 300 il kənar dövlətin bütün mənalarda təsirləri altında qalmağa məcbur edilmişdir və buna görə də əsas prinsipial siyasi, mənəvi, dövləti dəyərlərinin sahibi ola bilməmişdir. Onun təsirlərindən biri cəmiyyətdə azərbaycançılığın xeyli zəifləməsi olmuşdur. Hətta rəsmi ideologiya azərbaycançı olmağı – yəni Azərbaycan dilini, İslam dinini, mədəniyyəti, adət-ənənəni üstün tutmağı “köhnəlik”, “geridəqalmışlıq” kimi təbliğ edənlər az deyildi. Bunun fonunda rusçu, kommunist, sosialistçi, sovetçi, abstrakt beynəlmiləlçi və saxta bəşəri olmaq müasirlik, yeniləşmək, inkişaf etmək nümunələri kimi beyinlərə sırınırdı. Bizim üçün azərbaycançı-sovetçi dixotomiyasını yaradanlar, İslamı geridəqalmışlıq kimi təbliğ edənlər regionun xristian dövlətlərinə tamam fərqli şərait yaratmışdılar. Qonşu ölkələri bizim hesabımıza inkişaf etdirir və həm də onları nümunə göstərirdilər. Onlar da sözün həqiqi mənasında Azərbaycana yuxarıdan aşağı baxır, bir sıra hallarda sərhədsiz davranırdılar. Belə bir şəraitdə necə azərbaycançı olmaq olardı?
Məntiqi olaraq belə alınır ki, ilk növbədə, azərbaycanlıların (Azərbaycanın indiki coğrafi-siyasi və mədəni məkanında yaşayan hər bir kəs nəzərdə tutulur) öz Vətənlərinə münasibətini dəyişmək lazım gəlirdi. Uzun müddət davam edən yadlaşdırma və insanlarda öz vətənlərində vətənsiz olduqları təəssüratları yaratma geniş anlamda absenteist (biz bu siyasi termini ənənəvi məna sərhədindən çıxarıb, ümumiyyətlə, Vətənlə bağlı olan hər bir faktora aid edirik) əhval-ruhiyyəsi, yəni xalq, millət, cəmiyyət, Vətən, dövlətlə bağlı laqeydlik, loyallıq yaratmışdı. Müstəqillik dönəmində bu tendensiyanın inkişaf etməsi riski çox böyükdü. Çünki XX əsrin son onilliyinə Azərbaycan cəmiyyəti faktiki olaraq üç aspektdə absenteist təsirlərin kəsişmə sahəsinə salınmışdı.
Birincisi, insanların özünə və mənsub olduğu cəmiyyətə qarşı laqeydlik dərinləşdirilirdi. Nə qədər acı və kədərli olsa da, azərbaycanlılar özlərinə aşağılayıcı münasibət göstərməyə və bir-birini yad kimi qəbul etməyə təhrik edilirdilər. Bu da cəmiyyət daxilində müxtəlif süni, lakin təhlükəli ayrı-seçkiliyi, ziddiyyətləri körükləyirdi – şəhərli-rayonlu, rayonlu-rayonlu, tayfa-tayfa və s. adını çəkmək belə qəbuledilməz olan “çatlar” genişlənirdi.
İkincisi, Ermənistandan maşa kimi istifadə edib dövlətçiliyimizə, cəmiyyət olmaq şərtlərimizə, ölkə kimi mövcud olmaq haqqımıza, tarixən ərazi sahibi olmaq hüququmuza qarşı səlib yürüşü təşkil edilmişdi. Bu proses güclü informasiya və ideoloji parçalama kursu isə müşayiət olunurdu. Onu vurğulayaq ki, hələ keçən əsrin 80-90-cı illərində postsovet məkanında ölkələrə qarşı xüsusi ideoloji təlimlər hazılanmışdı ki, onların sırasında insanları, onların mənsub olduqları cəmiyyətləri və nüfuzlu şəxsiyyətlərini aşağılamaq xətti ayrıca yer tuturdu.
Üçüncüsü, Azərbaycanda dövlət xadimləri, liderlər, elm, mədəniyyət, təhsil, bədii yaradıcılıq, siyasətçilər, tarixi şəxsiyyətlər haqqında yalan, uydurma, şər-böhtan xarakterli informasiyalar yayaraq “hər-kəsi hər kəsin gözündən salmaq” prosesini aparmağa çalışanlar az deyildi. Bununla həm fərdi, həm də kollektiv səviyyədə Azərbaycanın Vətən, ölkə, mədəniyyət məkanı, siyasi dövlət olaraq dəyərsiz obrazını yaratmaq cəhdləri getdikcə genişlənirdi.
Bu üç absenteist tendensiyanı dayandırmaq incə bir ideyanı, mənəvi dəyəri yaratmağı aktuallaşdırırdı ki, nəticəsi bütövlükdə Azərbayanı birləşdirsin. Elə bir ideya ki, müasir mərhələdə cəmiyyətin milli maraqlar üzərində əbədi birliyini təmin etsin və bu baxımdan identikliyin bazası rolunu oynasın. Onu ulu öndər Heydər Əliyev müəyyən etdi – Azərbaycançılıq! Yəni hər bir Azərbaycan insanı özünə dəyər verməli, azərbaycanlı olması ilə fəxr etməli, dilini, dinini, mədəniyyətini, adət-ənənəsini, yurdunu, Vətənini sevməlidir.
Azərbaycançı azərbaycanlı olması ilə qürur duyandır. Azərbaycançı “öncə Vətən” deməyi təbii haqqı və hüququ sayandır. Azərbaycançı Azərbaycanın tarixi və müasir mədəni, siyasi, coğrafi, demoqrafik məkanında yaşayan hər bir kəsi özününkü sayandır, ona sayğı ilə yanaşandır, onu duyandır, azərbaycanlılığını yüksək qiymətləndirəndir. Azərbaycançı Azərbaycanın dövləti, mədəni və siyasi müstəqilliyinin aşiqidir. Azərbaycançı əsl Vətənsevərdir. Azərbaycançı etnik mənsubluğundan asılı olmayaraq, dövlətçilik və siyasi anlamda əsl “türk”dür!
Bütün bunlar azərbaycançılığı müasir tariximizdə identikliyin mənəvi, siyasi və ideoloji “baza sahəsi” kimi yenidən aktuallaşdırdı. Ulu öndər bu möhtəşəm tarixi keçidi məharətlə həyata keçirdi. Ancaq bununla kifayətlənmədi – azərbaycançılığı müasir güclü müstəqil dövlət qurmaq fəlsəfəsi və onun praktiki reallaşdırılması kursunun təməlinə üzvi surətdə daxil etdi! Bununla artıq Azərbaycanda dövlətçilik tarixinin yeni mərhələsi başlayır!
Azərbaycançılıq və “bir millət, iki dövlət”
Azərbaycançılığı Heydər Əliyev anlamında tam dərk etmədən “bir millət, iki dövlət” kəlamının əsl məna, mahiyyət və məqsədini düzgün təsəvvür etmək imkansızdır. Bu kəlamın ideya, mənəvi, siyasi, ideoloji təməlində azərbaycançılıq məfkurə statusunda dayanır! Burada heç bir ziddiyyət yoxdur. Çünki Heydər Əliyev məsələni romantik müstəvidə qoymamışdır. Ulu öndər müasir mərhələdə müstəqil dövlət qurmağın ciddi fəlsəfi, siyasi, nəzəri və ideoloji çərçivəsini müəyyən etmişdir. “Bir millət, iki dövlət” bu baxımdan özünüyeniləşdirən bir ideya, mənəviyyat və fəaliyyət sistemidir. Həmin sistemin tərkib hissələri arasında harmonik münasibətlər yaradan faktor-proses-parametr isə Azərbaycançılıqdır! Bəlkə də bu tezis bir qədər qeyri-adi səslənir. Lakin onun ideya və fikir kimi qaynaqlarına fəlsəfi nəzər salanda hər şey aydınlaşır.
Məsələ onunla əlaqəlidir ki, “bir millət, iki dövlət” kəlamının məntiqi və siyasi-ideoloji bünövrəsinə millətin eyni olması əsasında iki müstəqil dövlətin mövcudluğu şərt kimi qoyulmuşdur. Yəni istənilən halda dövlət faktoru əsas yer tutur. Əgər dövlət bu kəlamda müəyyənedici faktordursa, onda cəmiyyətin öz dövlətinə münasibəti məsələsi də ön plana çıxır. Dövlətə münasibətin təməlində isə insanın (bu halda, vətəndaşın) xalqına, vətəninə, yurduna, mədəniyyətinə, mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənəsinə, dilinə və dininə münasibəti dayanır.
Deməli, “bir millət, iki dövlət” nəinki hansısa ölkəni və cəmiyyəti digərinin kölgəsinə atmır, əksinə hər ikisinə əsl müstəqil dövlət olmaq üçün real azad və müstəqil cəmiyyət qurmağı strateji məqsəd kimi müəyyən edir. Çünki yalnız real olaraq güclü, müstəqil və dövlətlərarası münasibətlərdə etibarlı olan ölkə bir millətin iki dövlətindən biri kimi özünü təsdiq edə bilər. Bu keyfiyyətin təməli isə cəmiyyətin Vətənsevərliyidir! Azərbaycanda azərbaycançı olmayan insan Azərbaycan-Türkiyə münasibətinin qardaşlığının siyasi, hüquqi, mədəni, dövləti və mənəvi-əxlaqi tərəfini anlaya bilməz. Öz yurdunu “görə” bilməyən, iki dövlətin ortaq maraqlarını düzgün “görə bilməz”: ya özünü qardaşından asılı, ya da qardaşını özündən asılı təsəvvür edəcək. Bu yanşma isə gerçəkçi müstəqil və hüquqi dövlət qurmağa fayda vermir. Onun sonu iflasdır!
Deməli, Azərbaycandan baxanda “bir millətin iki dövləti” kəlamı azərbaycançılığı zəruri halda ideologiyanın bazasına yerləşdirir. Burada meydana çıxan bir məqamı aydınlaşdırmağa ehtiyac yaranır.
Azərbaycançılıq “bir millət, iki dövlət” kəlamı kontekstində Türkiyə ilə münasibətlərdə hansı mənada birləşdirici rol oynaya bilər? Axı, türkiyəlilər Azərbaycan vətəndaşları deyillər və bu anlamda Azərbaycançılıq necə birşləşdirici məfkurə ola bilər? Bu məqamda azərbaycançılığın araşdırılmayan bir özəlliyi aktuallaşır. Məsələ onunla bağlıdır ki, Azərbaycançılıq Vətənsevərliyi yalnız azərbaycanlılarla məhdudlaşmayan məfkurədir - onun məna, mahiyyət və məqsəd baxımından nüfuz üfüqü çox genişdir. İstənilən türk dövlətinə onu proyeksiya etmək olur.
Çünki Azərbaycançılıq müasir tələblər səviyyəsində milli ilə beynəlmiləlçiliyə, ölkəçiliklə ölkələrarası münasibətlərə, bir dövlətlə bir neçə dövlətin münasibətlərinə, bir cəmiyyətlə çoxlu sayda cəmiyyətlərə bir bucaq altında baxmaq və qəbul etmək xüsusiyyətinə malikdir. Bu birləşdirici potensialın təməlində mədəniyyət faktoru dayanır – milli və bəşərinin vəhdəti. Onun qaynağı isə Türk qövmünün dünyaya ədalət, sülh, barış və düzən yaymaq missiyasındadır. Deməli, türk toplumu başqa cür mövcud ola bilmir və onun qurduğu dövlət avtomatik olaraq ədalət və əməkdaşlıq rəmzi olmalıdır, əks halda dağılar!
Buradan baxanda “bir millət, iki dövlət” kəlamının semantik və kommunikativ sərhədləri daxilində azərbaycançılığın Türkiyəyə proyeksiyası o cəmiyyətdə türkiyəçiliyin bərqərar olmasını stimullaşdırması ilə bağlıdır. Bu, ümumtürk identikliyinə aparan yolda mühüm məqamdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru