Avropa İttifaqı daxilində baş verən siyasi çəkişmələr artıq sadə ideoloji fikir ayrılığı deyil, strateji dönəmin göstəricisidir. Suverenliklə federalizm, Şərqlə Qərb, liberal dəyərlərlə milli kimlik arasında sıxılmış “Avropa evi” sanki təmirə möhtac köhnə tikiliyə bənzəyir. Günün sualı daha kəskindir: Bu ev dağılacaqmı, yoxsa möhkəmləndirilərək gələcək nəsillərə ötürüləcək?
Avropa İttifaqı (Aİ) bir zamanlar “Vahid bazar, vahid dəyərlər, vahid gələcək” ideyası ilə dünya üçün model kimi təqdim olunurdu. Lakin son onillikdə Aİ-nin daxilində baş verən siyasi çəkişmələr, milli hökumətlər arasında dərinləşən fikir ayrılıqları və hüquqi qarşıdurmalar bu ideyanı ciddi şəkildə sarsıdıb. Mühacirət böhranı, hüququn aliliyi prinsipi, təhlükəsizlik siyasəti, enerji və ətraf mühit problemləri ətrafında yaşanan gərginliklər Avropa inteqrasiyasını təkamüldən çox tənəzzülə sürükləyir.
Avropa İttifaqı daxilindəki siyasi gərginliklər çox zaman struktur problemlər və idarəetmə böhranı kimi təqdim olunsa da, əslində, bu mübahisələrin dərin ideoloji kökləri var. Mövcud köklər siyasi nəzəriyyənin iki əsas istiqaməti arasında – federalizm və suverenizm arasında – gedən ziddiyyətli münasibətlərdə aydın görünür. Avropa inteqrasiyası prosesinə başlanıldıqda məqsəd nə qədər iqtisadi maraqların birləşdirilməsi olsa da, zamanla siyasi birlik ideyası ön plana çıxdı. Məhz bu nöqtədə federalist yanaşma ilə suverenist mövqelər bir-birinə qarşı çevrildi.
Federalizm tərəfdarları, xüsusilə Almaniya, Fransa və Benilüks ölkələri Aİ-nin yalnız iqtisadi platforma olaraq qalmamalı, vahid siyasi iradəyə, ortaq xarici və müdafiə siyasətinə sahib güclü bir aktora çevrilməsini arzulayırlar. Onlar hesab edirlər ki, dünya səhnəsində təsirli olmaq üçün Aİ-nin milli dövlətlərdən üstün, fövqəlmilli bir quruma çevrilməsi vacibdir və onların baxışı xüsusilə qlobal miqyasda Çin və ABŞ kimi iri güclərin qarşısında Aİ-nin dağınıq və zəif görünməsinin qarşısını almağa yönəlib.
Lakin bu yanaşma Aİ-nin bütün üzv dövlətləri tərəfindən eyni şəkildə qəbul edilmir. Polşa, Macarıstan, Çexiya və müəyyən hallarda İtaliya kimi ölkələr milli suverenliyin pozulacağı qorxusu ilə federalist təkliflərə müqavimət göstərirlər. Məhz bu dövlətlər üçün Aİ daha çox iqtisadi əməkdaşlıq və təhlükəsizlik təminatçısı olmalıdır, lakin onların daxili işlərinə qarışan, milli qərarvermə hüququnu məhdudlaşdıran bir siyasi struktura çevrilməməlidir. Onlar Brüsselin artan təsirini milli parlamentlərin və seçilmiş hökumətlərin legitimliyinə qarşı təhlükə kimi qiymətləndirirlər.
Qarşıdurmanın arxasında yalnız cari siyasi konfiqurasiyalar və hökumətlərin ideoloji meyilləri dayanmır. Tarixi təcrübə, milli kimlik və mədəni yaddaş bu prosesdə dərin izlər buraxır. Xüsusilə, Şərqi Avropa ölkələrinin keçmiş sovet blokunda yerləşməsi onların hər hansı mərkəzləşdirilmiş gücə – istər Moskva, istərsə də Brüssel olsun – qarşı təbii ehtiyatlılıq nümayiş etdirməsinə səbəb olur və bu dövlətlər üçün suverenlik sadəcə, hüquqi və siyasi status deyil, həm də milli azadlığın simvoludur. Ona görə də, Aİ-nin “fövqəlmilli idarəetmə” təklifləri onlarda şübhəli və təhlükəli təşəbbüslər kimi qəbul olunur.
Nəticədə, Aİ daxilindəki siyasi çəkişmələr Avropanın gələcəyinə dair iki fərqli baxışın qarşıdurmasına gətirib çıxarır. Bunlardan biri mərkəzləşmiş və inteqrasiya olunmuş Avropa, digəri isə suveren və sərbəst milli dövlətlərin əməkdaşlıq etdiyi Aİ modelidir. Aralarındakı mübarizə isə siyasi iradə və qarşılıqlı güvənlə həll olunacaq dərəcədə mürəkkəb və dərin köklərə malikdir.
Avropa İttifaqı daxilindəki siyasi çəkişmələr həm də hüquqi əsaslarda özünü göstərir. Aİ-nin hüquqi strukturu – yəni onun fundamental müqavilələri, institusional səlahiyyət bölgüsü və məhkəmə presedentləri – bu çəkişmələrin mərkəzində dayanır. Əsas mübahisə sualı budur: Müqavilələr Aİ-yə hansı səlahiyyətləri verir və bu səlahiyyətlər zamanla genişlənə bilərmi?
Federalist yanaşmanı müdafiə edənlər tez-tez “səssiz səlahiyyət genişlənməsi” prinsipinə əsaslanırlar. Həmin prinsipə əsasən, İttifaqın funksional tələbləri artdıqca və yeni problemlər ortaya çıxdıqca, Aİ institutları – xüsusilə Avropa Komissiyası və Avropa Ədalət Məhkəməsi – öz səlahiyyət dairələrini praktik və məntiqi əsaslarla genişləndirə bilərlər. Suverenist mövqedə duran ölkələrdə bu amil ciddi narahatlıq yaradır. Onlar bu tendensiyanı milli hüququn və konstitusiyaların üstündə duran “Brüssel hüququnun” formalaşması kimi qiymətləndirirlər.
Polşa və Macarıstan konstitusiya məhkəmələri son illərdə Avropa Ədalət Məhkəməsinin bəzi qərarlarını yerli hüquqla ziddiyyətli sayaraq, icrasını rədd etmişlər. Nəticədə, bu amil Aİ hüququnun üstünlüyü prinsipinə qarşı açıq çağırış kimi qiymətləndirilir. Digər tərəfdən, Almaniya Konstitusiya Məhkəməsi də bəzi hallarda Aİ məhkəməsinin səlahiyyətlərini aşdığını bildirir.
Hüquqi ziddiyyətlər həm də siyasi identiklik və milli suverenlik məsələləridir. Sual budur: Avropa Ədalət Məhkəməsi universal hüquqi istinad nöqtəsidirmi, yoxsa o da Aİ institutlarının bir hissəsi kimi siyasi prosesin tərkibidir?
Nəticə etibarilə, Aİ-də səlahiyyət bölgüsü və hüququn üstünlüyü ilə bağlı mübahisələr hüquqşünasların masasında qalmır; onlar geniş ictimai debatlara, siyasi qütbləşməyə və institusional legitimlik böhranlarına səbəb olur ki, bu da Aİ-nin gələcəyi üçün dərin hüquqi və siyasi nəticələr doğura bilər.
Avropa İttifaqı daxilindəki siyasi çəkişmələrə politoloji aspektdən yanaşdıqda diqqət mərkəzinə üç əsas anlayış çıxır: demokratik legitimlik böhranı, inteqrasiya yorğunluğu və populist hərəkatların yüksəlişi. Üç tendensiya Aİ-nin daxili sabitliyini və gələcək inkişaf trayektoriyasını ciddi şəkildə sarsıdır.
Ənənəvi olaraq, Aİ “elitaların layihəsi” kimi formalaşıb. İnkişafı və institusional quruluşu əsasən hökumətlərarası danışıqlar, texnokratik qərarlar və diplomatik konsensuslar üzərində qurulub. Lakin bu struktur genişləndikcə və Aİ-nin gündəlik həyatda təsiri artdıqca, vətəndaşların qərarverici institutlarla əlaqəsi zəif qaldı. Avropa Komissiyası kimi fövqəlmilli orqanlar birbaşa xalq tərəfindən seçilmir və bu, demokratik legitimlik problemi yaradır. Avropa Parlamenti mövcud olsa da, onun səlahiyyətləri məhduddur və seçici fəallığı aşağıdır ki, bu amil də İttifaqın demokratiya ilə legitimlik arasında balansı saxlaya bilmədiyini göstərir.
Bundan əlavə, son illərdə Aİ-də “inteqrasiya yorğunluğu” müşahidə olunur. Xüsusilə, 2004 və 2007-ci illərdə Şərqi Avropa ölkələrinin Aİ-yə daxil olması və ardınca yaşanan maliyyə, miqrasiya və pandemiya böhranları bu birlik layihəsinə inamı zəiflətdi. Cəmiyyətlərdə “Brüssel hər şeyə qarışır” deyə bir narazılıq formalaşdı. Məhz bu fon üzərində millətçi və populist qüvvələr gücləndi. Onlar “suverenliyi geri qaytaraq” şüarı altında Aİ-nin nüfuzunu zəiflətməyə, milli dövlətlərin mövqeyini gücləndirməyə çalışırlar.
Macarıstanda Viktor Orbanın, Polşada keçmiş hakimiyyətin, İtaliyada sağçı partiyaların və Fransada Marine Le Pen-in uğuru təkcə daxili siyasətin nəticəsi deyil. Bunlar həm də Aİ-yə qarşı olan geniş sosial narazılığın ifadəsidir. Populist partiyalar Aİ-ni məsuliyyətsiz bürokratik mərkəz, milli identikliyi zəiflədən və mədəni müxtəlifliyi təhdid edən bir struktur kimi təqdim edirlər. Arqumentlər sadəlövh olsa da, ictimai emosiyalar üzərində oynamaqda və elektoratın hisslərinə toxunmaqda təsirlidir.
Avropa İttifaqı daxilindəki siyasi çəkişmələr artıq abstrakt nəzəri müzakirələr səviyyəsini çoxdan keçərək konkret siyasi və iqtisadi nəticələr doğurur və birliyin həm daxili idarəetmə mexanizmini, həm də beynəlxalq nüfuzunu sarsıdan real problemlərə çevrilib.
Polşa və Macarıstan hökumətləri məhkəmə müstəqilliyi, media azadlığı və insan hüquqları sahəsində Aİ standartlarından kənara çıxaraq, milli qanunvericiliklə Brüssel direktivlərini toqquşdurdu. Avropa Komissiyası (AK) isə cavab olaraq milyardlarla avro dəyərində struktur fondlarının ödənişini dondurdu. AK-nin bu addımı Aİ-nin hüquqi mexanizmlərinin işləkliyini göstərsə də, digər tərəfdən, İttifaq daxilində dərin inamsızlıq və qarşılıqlı ittihamlar atmosferi formalaşdırdı. Suverenlik və Aİ prinsipləri arasındakı balans daha da kövrəldi.
Digər bir maraqlı nümunə isə İtaliyanın sağçı hökumətinin enerji və miqrasiya siyasətində Brüsselə qarşı sərgilədiyi açıq mövqedir. Baş nazir Giorgia Meloni rəhbərliyindəki hökumət Aİ-nin bərabər miqrant bölgüsü planlarına qarşı çıxır, enerji təhlükəsizliyi məsələsində isə milli maraqları önə çəkərək ortaq Avropa strategiyasına açıq etiraz edir ki, bu fakt Aİ daxilində həmrəyliyi zədələyir və böhran anlarında ortaq mövqe formalaşdırmağı çətinləşdirir.
Fransa və Almaniyanın birlik daxilində oynadığı liderlik rolu da birmənalı qarşılanmır. Xüsusilə, Şərqi və Cənubi Avropa ölkələri Paris və Berlinin təşəbbüslərini bəzən “hegemonluq” kimi qiymətləndirirlər. Kiçik və orta dövlətlər arasında “Brüsseldə qərarlar iki paytaxtda verilir” fikri getdikcə daha geniş yayılır və Aİ-nin “bərabər dövlətlərin ittifaqı” idealına zidd bir psixoloji fon yaradır.
Geosiyasi etimad boşluğu da nəzərəçarpacaq dərəcədə artıb. Şərqi Avropa ölkələri, xüsusilə Baltikyanı dövlətlər və Polşa təhlükəsizlik baxımından daha çox NATO-ya və ABŞ-ın hərbi varlığına güvənirlər. Halbuki, Qərbi Avropa ölkələri – Almaniya, Fransa və Niderland kimi dövlətlər – Aİ-nin öz təhlükəsizlik strukturunun inkişaf etdirilməsini, “strateji muxtariyyət”in artırılmasını prioritet hesab edirlər. Nəticədə, bütün bu ziddiyyətlər ümumi təhlükəsizlik və müdafiə strategiyasının formalaşmasını gecikdirir.
Ukrayna məsələsində müşahidə olunan yanaşma fərqləri isə Aİ-nin xarici siyasətdəki zəifliyini çılpaq şəkildə ortaya qoyur. Bəzi ölkələr, məsələn Polşa və Estoniya, Ukraynaya maksimum dəstək göstərilməsini tələb edir, digərləri isə ehtiyatlı və diplomatik balanslı mövqe tutur. Silah yardımlarının tempi, rəsmi bəyanatlarda olan diskrepansiyalar Aİ-nin vahid xarici siyasət yürütmək qabiliyyətinin hələ də arzu olunan səviyyədə olmadığını göstərir.
Beləliklə, daxili siyasi çəkişmələr qurumun beynəlxalq nüfuzuna ciddi təsir göstərir. Əgər bu parçalanma tendensiyası dərinləşərsə, Aİ-nin həm qlobal aktor kimi mövqeyi zəifləyəcək, həm də vətəndaşlar arasında birliyə olan inam daha da sarsılacaq. Ümumilikdə, bu amillər Avropa layihəsinin gələcəyi üçün ciddi xəbərdarlıq siqnalıdır.
Avropa İttifaqı bir ideya olaraq müharibələrin külündən doğan həmrəyliyi, inteqrasiyanı və sülhü simvolizə edirdi. Lakin bu gün həmin ideya populizm, avroskeptisizm və sosial-iqtisadi təbəqələşmə ilə ciddi sınaq qarşısındadır. İttifaq daxilində hüquqi çərçivələrin pozulması, ortaq qərarların ləngiməsi, təhlükəsizlik və miqrasiya məsələlərində koordinasiyasızlıq bu binanın bünövrəsində çatların əmələ gəldiyini göstərir.
Əgər Aİ bu daxili qarşıdurmaları demokratik dialoq, dərin struktur islahatları və siyasi iradə ilə yumşalda bilməzsə, “vahid Avropa” ideyası yalnız Brüssel salonlarında deyil, Avropa küçələrində də inamını itirəcək. Bu isə birliyin iqtisadi bir platformaya çevrilməsi və siyasi layihə kimi məzmununu itirməsi deməkdir.
Avropa tarixən çətinliklər içində irəliləyib. Müxtəlif böhranlar – avrozona krizi, miqrant dalğası, Brexit və pandemiya – onun dözümlülüyünü sınağa çəkib. İndi isə qarşısında yeni bir çağırış var: daxili parçalanmanı aşmaq və birliyi yenidən qurmaq. Bu təmir prosesi asan olmayacaq, lakin siyasi iradə və demokratik konsensus yaranarsa, Avropa evi daha dayanıqlı şəkildə yenidən inşa edilə bilər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru